Birja əməliyyatları Birja əməliyyatları dedikdə, birja əmtəəsi (qiymətli kağızlar və ya digər maliyyə aktivləri, əmtəələr) ilə birjada edilən müxtəlif əməliyyatlar başa düşülməlidir. Bu əməliyyatlara birja əmtəəsinin alqısı və satqısı, listinq və delistinq, opsion, forvard və fyüçers kontraktlarının bağlanması, əmtəənin qiymətləndirilməsi (kotirovkası), girov, hesablaşma, klirinq, konsaltinq, qiymətli kağızların saxlanılması və təqdim edilməsi kimi fəaliyyət növlərini aid etmək olar. Bütün bu əməliyyatların keçirilməsi üzrə qaydalaşdırılmış fəaliyyət birja əməliyyatları mexanizmini müəyyən edir. Bu mexanizm birja əməliyyatlarının subyektlərinin, obyektlərinin və bilavasitə birja fəaliyyətinin həyata keçirilməsi prosesinin mövcudluğunu nəzərdə tutur. Birja əqdlərinin əsas tipləri
Birja əmtəələrinə dair hüquq və öhdəliklərin yaradılmasına, təsbit edilməsinə, xitam verilməsinə və ya dəyişdirilməsinə istiqamətlənmiş və birjanın binasında onun müəyyən edilmiş iş saatlarında satış iştirakçılarının həyata keçirdiyi qarşılıqlı razılaşdırılmış tədbirlərinə birja əqdləri deyilir.
• əmtəə (daha doğrusu, onun nümunələri) təqdim olunmaqla edilən əqdlər; • fərdi əqdlər; • standart fyüçers (müddətli) əqdləri; • opsion əqdləri; • birjadankənar əqdlər – qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının və notariat orqanlarının birjadan kənarda qeydə aldığı əməliyyatlardır.
Dünya təcrübəsinin inkişafı birja əqdlərinin əsas tipləri kimi aşağıdakıları müəyyən etmişdir:
• Birja əqdləri əmtəə və fond aktivləri üzrə bağlanılır. Əqdin bağlanması qaydası birjanın özü tərəfindən müəyyən edilir. Birja əqdləri qaydalarının ümumi tələblərinə əqdin yazılı şəkildə bağlanılması tələbi aiddir. • Standart alqı-satqı müqaviləsində malın təqdim edilməsi tarixi, birja əmtəəsinin miqdarı, keyfiyyət göstəriciləri, tipi və növü, ödəmənin vaxtı, həcmi və forması, təqdim edilmənin şərtləri və tərəflərin məsuliyyəti əks olunur. Bununla belə, forvard kontraktları əmtəənin gələcəkdə təqdim edilməsinə dair fərdi öhdəliklərilə seçilir. Bu cür birja əməliyyatı üzrə sifarişdə əmtəənin (qiymətli kağızın) dəqiq adı, əqdin növü (alqı, satqı), əqd üçün təklif olunan qiymətli kağızların miqdarı, əqdin keçirilməli olduğu qiymət, əqdin müddəti (bu gün, həftənin yaxud ayın sonuna qədər) və növü göstərilməlidir. Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətləri
Birja əməliyyatları bir sıra fərqləndirici xüsusiyyətlərə malikdir. Onlar aşağıdakılardır:
• xüsusi yerlərdə keçirilmə; • birja əmtəələri üzrə standart kütlələrlə (partiyalar, lotlar, dəstlər) keçirilmə; • əmtəənin özü birjada olmadıqda onun təsviri üzrə keçirilmə; • daimi keçirilmə; • aşkar keçirilmə; • qiymətqoymanın sərbəst olması; • dövlət tərəfindən birbaşa tənzimlənməməsi; • vasitəçilər tərəfindən keçirilməsi; • qanunlarda və birjanın nizamnaməsində göstərilmiş vahid qaydalarla keçirilməsi; • əmtəənin keyfiyyəti nəzərə alınmaqla keçirilməsi; • ixtisaslaşmaya məruz qalması. İcra olunma müddətinə görə əqdlərin fərqi • Kassa əqdləri – halında bütün əməliyyatlar əqdlərin bağlanması zamanı və ya həmin gündən başlayaraq 3 iş günü ərzində həyata keçirilir. Kassa əqdlərinin iki növü vardır: qiymətli kağızların qismən borc pulla ödənilməsi üsulu ilə alınması ("marja ilə əqd"); borc və ya müvəqqəti istifadə üçün götürülmüş qiymətli kağızların satılması ("qısa əqd").
Qiymətli kağızların qismən borc pulla ödənilməsi üsulu ilə alınması ("Marja ilə əqd") zamanı alıcı qiymətli kağızların dəyərinin yalnız bir hissəsini şəxsi pul vəsaitləri hesabına ödəyir, qalan hissəsi isə bank krediti vasitəsi ilə və ya brokerin ödəniş vaxtının uzadılması yolu ilə ödənilir. Bu cür əqdlərə alıcı və satıcıdan başqa, broker-kreditorlar və həmçinin kommersiya bankları cəlb olunduğundan olduqca çox risklidir və bu səbəbdən Amerika, Yaponiya və s. kimi iqtisadi inkişaf etmiş ölkələrdə belə əqdlərin həyata keçirilməsi üçün etibarlı mühafizə mexanizmləri işlənib hazırlanmışdır. Bu ölkələrdə marja üsulu ilə əqdlər dövlət orqanları, birjalar tərəfindən ciddi surətdə nəzarətdə saxlanılır və tənzimlənir. Bu cür əqdlər Maliyyə Nazirliyinin "qiymətli kağızlarla əqdlərin aparılması və qeydiyyat qaydaları" təlimatında minimal marja olaraq, əldə olunacaq qiymətli kağızların dəyərinin 50% təyin olunmuşdur. Borc və ya müvəqqəti istifadə üçün götürülmüş qiymətli kağızların satılması ("qısa əqd"). Bu əqd üzrə ticarət iştirakçıları gözlənilən məzənnənin düşməsindən istifadə edərək özlərinə məxsus olmayan qiymətli kağızları satır və bunun əvəzində istənilən borcu alırlar. Əgər satıcının ümidləri özünü doğruldarsa, o qiymətli kağızları aşağı məzənnə ilə alır və broker-kreditora onları qaytarır. Bu cür əqd növü spekulyativ xarakter daşıyır və müddətli ticarətin qadağan olunduğu Tokio birjasında geniş istifadə olunur. Öz vəsaiti hesabına ödənişin həcmi qiymətli kağızların məzənnə dəyərinin 30% təşkil etməlidir. Müddətli əqdlər halında isə, satıcı təyin olunmuş müddətdə qiymətli kağızları təqdim etmək, alıcı isə onları qəbul edib, əqdin şərtləri əsasında onları ödəmək haqqında öhdəçilik qəbul edir. Qiymətli kağızlar bazarında müddətli əqdlər bağlanan zaman fond qiymətlilərinə müxtəlif üsullarla qiymət qoyulur:
– qiymət müddətli əqd bağlanan birja günü məzənnəsi səviyyəsində təyin olunur; – fond qiymətlisinin qiyməti qabaqcadan təyin olunmur və hesablaşma əqd bağlanan birjada həmin qiymətli kağız növü üçün sonuncu birja günündəki məzənnə uzrə həyata keçirilir; – qiymətli kağızın qiyməti əqdin bağlanılması günündən hesablaşmanın aparılması gününədək zaman intervalında yerləşən və əvvəlcədən qəbul olunmuş birja günün məzənnəsi ilə təyin olunur; – əqdin şərtlərində qiymətli kağızın alına biləcəyi maksimal qiymət və satıla biləcəyi minimal qiymət nəzərə alınır. – Hesablaşmaların aparılması vaxtına görə müddətli əqdlər iki qrupa bölünür: – "per medio" – əqd üzrə ödəniş ayın sonunda yerinə yetirilir. – Bağlanan əqdin parametrlərinə görə müddətli əqdlər 4 qrupa bölünür: – sabit qiymətli – sadə əqdlər; – fyuçers əqdləri; – şərti əqdlər və ya mükafatlandırma əqdləri; – vaxtı uzadıla bilən əqdlər. – Sadə əqdlər müqavilədə göstərilmiş müddətdə, qəbul edilmiş sabit qiymətlə icra olunmalıdırlar. Bu cür əqdlər məzənnə fərqinə görə də bağlana bilərlər. Bununla da əqdin müddəti başa çatdıqda kontragentlərdən biri digərinə əqdin bağlandığı andan yaranan məzənnə fərqini və əqdin həyata keçirildiyi anda faktiki məzənnəni digərinə ödəməlidir. – Fyuçers əqdləri zamanı birja müəyyən qaydalar qəbul edir və bu qaydalara əsasən əqdin standart həcmi, standart tədarük tarixləri və hansı etibarlı kağızların etibarlı tədarükə təminat verməsi təyin olunur. Fyuçers bazarları yüksək likvidlikləri ilə səciyyələnirlər və bazarda maliyyə fyuçersləri ilə ticarətin həcmi böyük sürətdə artmaqda davam edir. Hal-hazırda LİFFE – London İnternational Financial Futures Exchange, CME – Chicago Mercantile Exchange, MATİF – Marcuca Tenuedes İnstruments Financiers kimi iri birjalar fyuçers ticarəti ilə məşğul olurlar. – Şərti əqdlər və ya mükafatlandırma əqdləri, yəni kontragentlərdən biri mükafat müqabilində əqdin yerinə yetirilmə hüququnu əldə edir və ya onun yerinə yetirilməsindən imtina edir (opsional). Son zamanlar onlara iqtisadi inkişaf etmiş ölkələrin birjalarında da təsadüf edilir. – Opsionları aşağıdakı növlərə ayırırlar: – Alıcı opsionu (call option) alıcıya əvvəlcədən razılaşdırılmış qiymətə qiymətli kağızları almaq imkanı və ya əqddən imtina etmək hüququ verir; – Satıcı opsionu (put option) onu bildirir ki, mükafat kontragentə, onu ödəyənə qiymətli kağızı satmaq və ya əqddən imtina etmək imkanı verir. – Vaxtı uzadıla bilən əqdlərin report və deport kimi 2 müxtəlifliyi vardır. – Report qiymətli kağızın müqavilədə əvvəlcədən göstərilmiş müddətin sonunda birja nümayəndəsinin onun aşağı qiymətlə geri alacağı şərti ilə "aralıq" şəxsə satışı üzrə vaxtı uzadıla bilən müddətli əqddir. – Deport əqdləri müəyyən müddətdən sonra aşağı məzənnə ilə geri satılması şərti ilə qiymətli kağızın cari məzənnə ilə alınmasıdır. Tövsiyə edilən ədəbiyyat 1.Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı Qanun2001.
2.Abasov A. H. İnflyasiyanın maliyyə sektoruna təsiri. “İqtisadiyyat və həyat” jurnalı № 11-12 2005-ci il. 3. В. С. Золотарев. «Рынок ценных бумаг». Издательство «Феникс». Ростов-на-Дону. 2000. 4.Б. М. Ческидов. «Рынок ценных бумаг». Издательство «Экзамен». Москва 2001.Fatima Ismayilova (müzakirə) 10:58, 13 iyun 2017 (UTC)