Biskvit tortu — tort növü
xəmir üçün 2 stəkan un, 6 yumurta, 1 stəkan şəkər tozu, 1 stəkan xama, 0,5 çay qaşığı soda. Krem üçün 200 qr yağ, 8 xörək qaşığı qatılaşdırılmış süd götürülür.
Əvvəldə göstərdiyimiz resept üzrə biskvit bişirilir, nahamar yerləri kəsilib qırıntıya çevrilir, özü isə iti bıçaq ilə iki hissəyə bölünür. Biskvitin aşağı qatı dayaz buluda qoyulub, üstünə ya qaşıq, ya da fırça ilə ətirli şirə çəkilir.
Ətirli şirə belə hazırlanır; 6 xörək qaşığı şəkər tozunun üstünə 9 xörək qaşığı su tökülür və qaynadılır. Üzünə çıxan köpük yığılır, soyuyandan sonra ona ətir üçün 1 – 2 qaşıq albalı, portağal şirəsi, ya da konyak, likör tökülür.
Ətirli şirə ilə isladılmış qata krem çəkilir və ikinci qat onun üstünə qoyulur. İkinci qata da ətirli şirə çəkilib, krem sürtülür və üçüncü qat qoyulur. Ona da şirə və krem çəkilir, qıraqlarına krem çəkilir, tortu kəsəndə əmələ gəlmiş qırıntılar tökülür. Qalan krem xüsusi şprisə yığılır və tortun üstünə zövqdən asılı olaraq, bəzək vurulur.