Boris Ukaçinoviç Ukaçin (rus. Борис Укачинович Укачин;18 fevral 1936[1] – 25 dekabr 2003 və ya 2003[1]) — Altay şairi, yazıçısı, publisisti və tərcüməçisi, SSRİ Yazıçılar Brliyinin üzvü (1964), Rusiya Federasiyası Əməkdar Mədəniyyət işçisi (1993)
Boris Ukaçin 18 fevral 1936-cı ildə Oyrot Muxtar Vilayətinin (indiki Altay Respublikasının) Onqudaysk rayonunun Kayarlık aulunda çoban ailəsində doğulmuşdur.[2] O, orta məktəbi 1956-cı ildə doğulduğu aulda bitirmişdir. Lakin ailə yoxsul olduğundan tez-tez təhsilini yarımçıq buraxmağa məcbur olmuş, kolxoz və digər təsərrüfat işlərində anasına kömək etmişdir. Uzaq Şərqdə hərbi xidmət keçmişdir. “Yollarda” adlanan ilk şeir toplusunda əsgər həyatının müxtəlif problemlərini “Əsgər düşüncələri” silsilə yazılarında poetik şəkildə əks etdirmişdir. 1962-1967-ci illərdə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. O, institutda Fikrət Qoca, Qazimbəy Baqandov, Əhməd Qubanov, Vasili Belov, İqor Şklyarevski, Ruslan Kireyev, Nikolay Rubtsev kimi sonra ədəbiyyat aləmində böyük nüfuz sahibi olmuş yaradıcı şəxsiyyətlərlə birgə oxumuşdur. “Altaydın çolmonı” «Pravda», «Sovetskaya Rossiya», «Sovetskaya kultura», «Literaturnaya qazeta», «Literaturnaya Rossiya» qəzetlərində, «Drujba narodov», «Sibirskiye oqni», «Znamya», «Don», «Avrora», «Smena», «Yunost», «Neva», «Sovetskaya literatura» dərgilərində və radioda jurnalist kimi çalışmışdır.
25 dekabr 2003-cü ildə Altay Respublikasının Qorno Altaysk şəhərində vəfat etmişdir.
Boris Ukaçin bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlamışdır. Onun ilk şeiri 1956-cı ildə nəşr olunmuşdur. Müəllifin ilk yazılarında əsgər həyatının çətinlikləri müxtəlif yönlərdən bədii ifadəsini tapmışdır. 1960-cı ildə isə müəllifin “Yollar” («Јолдор») adlı ilk şeirlər kitabı yayınlanmışdır. Altmışıncı illərdə onun biri-birinin ardınca “Mən kiməm” («Мен кем», 1963), «Şeirlər» («Ӱлгерлер», 1966), «Mavi göyün dünyası» («Чаҥкьгр теҥерилӱ јер») adlı poetik kitabları nəşr edilmişdir. Şairin şeirlərinin başlıca mövzusu doğma vətəni olan Altay diyarının təbii gözəlliklərinin vəsfi ilə bağlıdır. Şairin poeziyasında təbiət gözəllikləri fəlsəfi-estetik məzmun kəsb etdiyindən geniş oxucu auditoriyasının diqqətini çəkməkdədir. Sonralar isə o epik şeirə müraciət edərək Altay xalqının qəhrəmanlıq salnaməsini poetik şəkildə əks etdirməyə çalışmışdır. Həmçinin qadının taleyini, insan münasibətlərini, şəxsiyyət psixologiyasını poema-xronika ("Ağ qarlar içərisindəki tənha bir ev"), poema-nağıl ("Qızıl quş"), poema-oçerk ("Karana"), poema-düşüncə ("Gizli xəbər"), poema-dua ("Şamanın Başı") kimi janrlarda əks etdirmişdir. Onun əsərlərin Altay xalqının milli ruhunun oyanışı orijinal bədii ifadəsini tapmışdır. Boris Ukaçin 1969-cu ildən nəsr əsərləri yazmağa başlamışdır. Müəllifin nəsr yaradıcılığı “Dağ ruhları” (1971), “Zamanın rəngi” (1976), “Qışın əvvəlində” (1976), "Hələ ölümdən uzaqdır" (1978), "Kaş ki, ac olaydım" (1979), "Sevgi və nifrət" (1981), "Dağlar dağ olaraq qalır" (1985) kitablarında toplanan hekayə və povestlərində əksini tapmışdır. Onun nəsr əsərlərində insanın mənəvi yetkinliyi, təbiətlə bağlılığı, nəsillərin davamlılığı və s. problemlər işıqlandırılmışdır. 1979-cu ildə müəllifin “Dağ ruhları” əsəri Qorno Altaysk Teatrında tamaşaya qoyulmuşdur. Boris Ukaçin tərcümə yaradıcılığı ilə də məşğul olmuş, M.Y. Lermontov, T.Şevçenko, K.İ Çukovski, İ.Yeroşin, L.Kassilya, Ç.Aytmatov, S.Mixalkov, A.Darjay, Y.Künzeqeş və başqa şair və yazıçıların əsərlərini Altay dilinə çevirmişdir. Boris Ukaçin Altay, rus və digər dillərdə 40-dan artıq kitabın müəllifidir.