Branxiomikoz

Branxiomikoz — göllərdəki balıqçılıq təsərrüfatında yetişdirilən balıqların (karp, çəki, dabanbalığı və s.) göbələk xəstəliyidir. Bu xəstəlik karp balıqlarına bütün yaşlarda, ən çox isə iki yaşında yoluxur. Xəstəlik yayda (iyul, avqustda) şiddətli, yaz və payızda isə xroniki formada keçir. Xəstəliyi "Branxiomikoz sanqvinis" göbələyi törədir. Göbələk əsasən balığın qəlsəmələrində və qan damarlarında yığılır. Xəstə balıqlar qidalanmadan və inkişafdan qalır, suyun üzərinə qalxaraq, hava udurlar. Onların qəlsəmələrində tutqun boz, sarımtıl və tünd qəhvəyi zolaqlar əmələ gəlir, gölün sahilə yaxın hissəsində zəif halda üzür, gölə yaxınlaşan adamlara və başqa canlılara qarşı heç bir reaksiya göstərmirlər. Təsərrüfatda xəstəliyi ləğv etmək üçün balıq böyüdülən göllər növbə ilə boşaldılmalı, bir il orada balıq saxlanılmamalı, dincə qoyulmalı, sönməmiş əhənglə dezinfeksiya edilməlidir. Xəstə balıqlar (körpə və törədicilər) qışlama gölünə salınmazdan əvvəl 5%- li xörək duzu məhlulunda çimizdirilməlidirlər.[1]

  1. Шишков В. П. (гл. ред.). Бранхиомикоз // Ветеринарный энциклопедический словарь. — Москва: Советская Энциклопедия, 1981.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]