Bronlaşdırma — aviabiletlərin, dəmiryol biletlərinin, otellərdə ehtiyat yerlərin saxlanılması, avtomobillərin kirayə verilməsi proseslərinin öncədən həyata keçirilməsidir.
XX əsrin 60-cı illərində ABŞ-də iri şirkətlər aviareyslərdə yerlərin bronlaşdırılması üçün rezerv sistemlərin işlənib hazırlanmasına başladılar. ABŞ aviaşirkətləri avtomatik idarəetmə sistemləri verilənlərini satış həcminin artırılması üçün bir vasitə hesab edirdilər.
İlk bronlaşdırma mərkəzlərinin texniki təminatı İBM firması tərəfindən verilmişdir. Kompüter bronlaşdırma sistemlərində məhz İBM firmasının avadanlıqlarından istifadə edilir. Kompüter bronlaşdırma sisteminin inkişafında ilk addım məhz aviaşirkətlərdə terminalların quraşdırılması idi. Bu da aviaşirkət işçilərinin işinin kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına imkan verdi.
1970-ci illərdə ABŞ-də "United Airlines" aviaşirkətində biletlərin bronlaşdırmasını həyata keçirən avtomatlaşdırılmış sistem - "APPOLLO" tətbiq edildi. Bununla yanaşı "American Airlines" aviaşirkətində isə ilk sistem "SABRE" oldu.
Bu sistemlər real vaxt rejimində aviareyslər haqqında informasiya əldə etmək imkanı verdi. Yeni bron sisteminin effektliyini qiymətləndirən turfirmalar təqdim edilən bron sistemlərindəki informasiyanın, həmçinin sistemin funksional imkanlarının daha da genişləndirilməsini tələb etdilər. Bunun nəticəsi olaraq aviakompaniyalardakı əvvəlki sistemlərin yeni sistemlərə birləşdirilməsi baş verdi. Yeni yaradılan sistemlərdə nəinki reyslərdəki yerlər haqqında məlumat, hətta telefon nömrələri, avtomobil kirayəsi, mehmanxanalardakı yerlər, dəmiryol biletlərinin satışı haqqında informasiyaları əldə etmək olardı. Bu cür sistemlər birləşərək kompüter bronlaşdırma sistemlərinin, yəni turist xidmətlərinin bronlaşdırmasının qlobal sisteminin yaradılmasına gətirib çıxardı.
2011-ci il Azərbaycanda "Turizm ili" elan edilməsi[1] ilə əlaqədar, daxili turizmə dəstək olmaq məqsədilə turların onlayn bronlaşdırma sistemi tətbiq edilmişdir[2].
Hazırda dünyanın ən iri bronlaşdırma sistemi Amadeus hesab edilir. Onun mərkəzi Almaniyanın Erdinq şəhərində yerləşdirilmişdir. Amadeus bronlaşdırma sisteminin əsası Avropanın iri aviaşirkətlərindən olan "Air France", "İberia" və "Lufthansa", həmçinin 25 kiçik aviaşirkətləri tərəfindən 1987-ci ildə qoyulmuşdur.
Bronlaşdırmanın bir neçə növləri mövcuddur:[3]