Buğda yarması — iki müxtəliflikdə istehsal olunur: mannı yarması və buğda yarması. Buğda yarması poltava və artek çeşidində buraxılır. Ümumi xassələrinə, quruluşuna, kimyəvi tərkibinə və bioloji dəyərliliyinə görə buğda yarmaları buğda unundan çox az fərqlənir.
Poltava yarmasını bərk buğdadan istehsal edirlər. Buğda çiçək qişasından təmizlənir və cilalanır. Ölçüsündən asılı olaraq dörd nömrədə buraxılır. İri ölçülü (1 və 2 №-li) yarmalar duru xörəklərin, xırda ölçülü (3 və 4 №-li) yarmalar isə sıyıqların hazırlanmasında istifadə olunur.
Artek yarması (5 №-li) ən xırda hissələrə bölünmüş nüvədən ibarət olub dairəvi formaya qədər cilalanmış olur. Artek yarması mannı yarmasına yaxındır. Duru və özlü südlü sıyıqların hazırlanmasında istifadə edilir.
Yaxşı keyfiyyətli bərk buğdadan 26% 1–2 №-li poltava yarması, 27% 3–4 №-li poltava yarması və 10% 5 №-li artek yarması (cəmi 63%) alınır. Nəmliyi 14%, sağlam nüvələrin miqdarı 99,2%-dən az, kənar qarışıq 0,8%-dən çox olmamalıdır.