Buruciyə mədrəsəsi və ya digər adıyla Hacı Məsud mədrəsəsi — Türkiyənin Sivas şəhərində yerləşən mədrəsə. 1271-ci ildə, Anadolu Səlcuqlu sultanlarından III Qiyasəddin Keyxosrov zamanında Həmədan yaxınlığındakı Burucirddən gəlmə Müzəffərddin Burucirdi tərəfindən inşa etdirilmişdir. Elmi işlər üçün mədrəsə olaraq inşa etdirilmiş və dövrün müsbət elmlərinin oxudulduğu bina olaraq uzun illər istifadə edilmişdir.
Sarımtıl rəngli daşlardan oyma olaraq inşa edilən giriş qapısı və həyət qarşısındakı daxili hissə, dövrün Səlcuqi daş oymacılığının ən gözəl nümunələrindəndir. Tikinti kvadrata yaxın düzbucaqlı planlı olub, üzəri açıq həyət ətrafındakı sütunlu revaklar və bunların gerisində olan hücrələrdən ibarətdir. Giriş qapısının sol yanında mavi və qara çinilərlə bəzəkli türbədə mədrəsə binasını inşa etdirən Burucerdioğlu Muzaffer Beyin (Hacı Məsud) və uşaqlarının qəbirləri yerləşir. Türbənin yanında da iki beşik tonozlu kiçik otaq var. Revakların arxasında mədrəsə otaqları, ana eyvanın yanlarında da iki qübbəli otaq vardır. Vaqfiyəsində binada bir də kitabxana olduğu anlaşılmaqdadır. Daş işləmələrində ağırlığın tac qapıda yer aldığı görülür. Ulduz, rumi və həndəsi motivlər səthi ancaq bir dantel kimi işlənmişdir. Mədrəsə 1965-1966-cı ildə təmir edilmiş və muzey halına gətirilmişdir. Sonrakı illər yenə bir çox dəfə təmir və yenidən qurulma işləri görülmüşdür.