Sabunçu Cümə məscidi — Azərbaycanda Sabunçu qəsəbəsində yerləşən XIX əsrə aid yerli əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid.
Cümə məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Sabunçu, Əfəndiyev küçəsi 22 |
Sifarişçi | Əli bəy Aşurbəyov |
Tikilmə tarixi | 1886 |
İstinad nöm. | 3218 |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Bölmə | Memarlıq abidələri |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Sabunçu Cümə məscidi qəsəbənin qədim hissəsində 1897-ci ildə Əli bəy Aşurbəyov tərəfindən tikdirilib.[1]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[2] Sabunçu Cümə məscidi də bu dövrdə ibadətə bağlanıb. 1992-ci ilə qədər məscidin binasından anbar və müxtəlif təyinatlı sex kimi istifadə ediblər. Bu dövrdə məscidin binasında 2 dəfə yanğın da baş verib.[1]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1992-ci ildə məscidin fəaliyyəti bərpa edilib.[3] Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[4]
Cümə məscidi iki mərtəbədən ibarət olub. Birinci mərtəbədəki sütunların qalınlığı 2,5 metrdir və sal daşlardan tikilib. Sütunlar 12 ədəd tağla bir-biri ilə birləşib. İbadət zalının iç sahəsi 16x19 metr, yonulmuş sal daşlardan hörülmüş divarların qalınlığı isə 1 metrdir.[1] Mehrabı məscidin mərkəz hissəsindədir və hündürlüyü 5 metrdir. Məscidin yerdən günbəzədək hündürlüyü 10 metrdir. Günbəzin diametri isə 6 metrdir.[1] Məscidin sahəsi 500 kvadrat metrdir.[5]