Xıllı Cümə məscidi — Neftçala rayon Xıllı qəsəbəsində yerləşən abidə, rayonda tarixi-epiqrafik abidələr sırasında ən önəmli yerlərdən birini tutur. Məscidin əsası 1903-cü ildə Şeyx Əzizin oğlu Şeyx Ağababa Axundzadə tərəfindən qoyulmuşdur.
Xıllı Cümə məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Xıllı qəsəbəsi, Neftçala şəhəri |
Layihə müəllifi | Molla Ağababa Axundzadə |
Tikilmə tarixi | 1903-cü il |
Üslubu | Nəbati bəzək |
Vəziyyəti | fəaliyyətdədir |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Məscidin əsası Şeyx Əzizin oğlu Şeyx Ağababa Axundzadə tərəfindən qoyulmuş came-məscidi Məhəmməd peyğəmbərin qızı Həzrəti Fatimeyi Zəhra xanımın adını daşıyır. Məscidin ön tərəfindəki ərəbdilli kitabə (0,60x0,39m) deyilənləri bir daha sübut edir. Kitabə belədir:
Fatimeyi Zəhra məscid camesi 1321. |
1321 miladi təqvimlə 1903-cü ilə uyğundur[1].
Xıllı məscidi 30cu illərdə digər məbədlər kimi repressiyaya məruz qalmışdır. Bununla bağlı el arasında rəvayətə çevrilən əhvalatlar bu gün də yaddaşlardadır.
Məscidin tikintisi zamanı xeyriyyəçi kimi tanınan Mehmanovlar Molla Ağababanın yanına gəlib deyirlər ki, "binanın tikilməsinə nə qədər pul lazımdır verək. İstəyirik bu müqəddəs işdə bizim də əməyimiz olsun". Molla Ağababa deyir ki: "Sizin pullarınız alın təri ilə qazanılmış təmiz pullar deyil. Ona görə o natəmiz pulları bu müqəddəs binanın tikintisinə sərf etmək olmaz. Kömək etmək istəyirsinizsə, gəlin burada fəhləlik edin. Daş yonun, palçıq qarışdırın." |
Deyilənə görə, bu sözdən sonra Mehmanovlar məscidin tikintisində 10–15 gün fəhlə kimi işləyiblər[2].
Digər bir rəvayətə görə 30-cu illərdə Xıllı məscidinin sökülməsi üçün fərman verilibmiş. Binanın sökülməsini usta Ələkbərə tapşırıbmışlar. Əvvəlcə usta Ələkbər bu işdən boyun qaçırır. Məscidi sökdürməyə gələnlər ustanın bu hərəkətini görüb işi bir erməniyə həvalə edirlər. Ələkbər görür ki, erməni yuxarı çıxsa, məscidin minarəsini uçuracaq. O, erməninin məscidin damına çıxmasını heç cürə qəbul edə bilmir və "yaxşı, özüm sökərəm" deyib yuxarı çıxır. Deyilənlərə görə usta Ələkbər minarəni hissə-hissə söküb elə ehmalca yerə endirir ki, bir daş da uçulmur. Usta Ələkbər ümid edirdi ki, nə vaxtsa bu qərarı götürəcəklər. Lakin qərarın ləğvi çox uzun şəkir.Minarənin sökülmüş hissələri isə yağışın, günəşin altında qalıb məhv olur [2]. |
70-ci illərin sonunda Sovet hökümətinin siyasəti nəticəsində xalqdan alınan məscidin pəncərələri sökülüb, daşla hörüldükdən sonra taxıl anbarı kimi istifadəyə verilib. Yalnız 1989-cu ildə məscid axund Əlqəmənin rəhbərliyi altında və qəsəbə camaatının yardımı ilə yenidən açılıb və 1989-cu ildə fəaliyyətə başlayıb.
Xıllı Cümə məscidi memarlıq üslubuna görə başqalarından fərqlənir. Minbərin ətrafı xurma ləçəyinin ornamenti ilə bəzədilmişdir ki, məhz bu da dövrün memarlığında nəbati bəzək üslubundan istifadə edilməsindən xəbər verir[1]. Çiy kərpicdən hazırlanmış məscidin giriş qapısının portalında ərəbcə kitabə yazılıb. Taxta qapı üzərində qabartma üsulu ilə həkk edilmiş kitabənin məzmunu belədir:
Allahın məğfurət sapından yapışın 1321. |
Məscidin ümumi uzunluğu (36m) pəncərələrin sayına, eni isə (18m) tənböləninə uyğundur. Bu cəhətdən də onu həndəsi formalı abidə hesab etmək olar. Məscidin içərisində ikinci mərtəbə hesab olunan şəbüstər (qadınlar üçün ibadət yeri) inşa edilmişdir. Məscidin sol tərəfindən minarə inşa olunmuşdur ki, bunun üçün 25.000 kərpicdən istifadə edilmişdir[1]. Bu minarənin hündürlüyü 25 metrdir. Məscidin daxilində minbər və mehrab vardır. Minbərin üstündə iki sətirlik ərəbdilli kitabənin ərəbcə(0,32x0,18m) məzmunu belədir:
Əyləşməz burda məgər doğru olmayan şəxslər. |
Bunu da qeyd edək ki, Xıllı məscidi bundan da əvvəl kərpicdən tikilmiş köhnə məscidin yerində tikilmişdir. Məscid dini nöqteyi nəzərdən çox doğru tikilmişdir. Pəncərənin sayı gündəlik namazların rükətlərinin bildirir. Bu quruluş Axund Molla Ağababa Axundzadənin təklifi ilə tikilmişdir[2].