Bu məqaləni vikiləşdirmək lazımdır. |
Cənubi Koreya (Koreya Respublikası) iqtisadiyyatının vacib faktoru informasiya infrastrukturunun inkişafına görə aparıcı dövlətlər siyahısına daxil olmasıdır. Belə ki, 1987-ci ildə Cənubi Koreyanın Elm və Texnologiya Nazirliyi ölkənin elmi-texniki siyasətinin əsas istiqamətlərini əks etdirən 15 illik plan işləyib hazırlamışdır. Planda kimya və mikroelektronika, istehsalatın informatikası və avtomatlaşdırılması sahəsi üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ötən əsrin 80-cı illərində ölkədə elmi-istehsalat parkları, yüksək texnologiya sahəsi üzrə firmalar yaradılmağa başladı. Məlumdur ki, Cənubi Koreya yarımnaqil, mobil telefon, monitor, LCD, kompüter, yayım peyklər və s. istehsal edən ölkədir. Ölkə İKT sektorunun liberallaşdırılması istiqamətində böyük yol keçmişdir. 1995-ci ildə informatizasiyanın inkişafı ilə bağlı qanun qəbul edilmiş, 1996-cı ildə isə "informatizasiyanın inkişaf fondu" yaradılmışdır. Yüksək texnologiyanın ölkə əhalisinin həyatında daha səmərəli rol oynaması üçün 1997-ci ildə ölkə prezidentinin sədrlik etdiyi "informatizasiya strategiyası şurası" yaradıldı. Sahə üzrə dövlət tərəfindən həyata keçirilən proqramlardan biri də inkişaf etmiş ölkə mütəxəssislərinin ixtisaslaşması və təkmilləşdirilməsi olmuşdur. Son illər 250 koreyalı 25 ölkədə bu proqram üzrə fəaliyyət göstərir. Bunlarla yanaşı, elektron hökumət proqramı çərçivəsində bir sıra işlər aparılmış və bundan sonra da bu sahədə siyasəti davam etdirmək niyyətindədir. Daxili bazarda İT sənaye məhsul istehsalının sayı da artmaqdadır. Həmçinin, telekommunikasiya xidməti və proqram təminat istehsalının sayı da artmışdır.
Hazırda Cənubi Koreya müasir telekommunikasiya və rabitə sisteminə malikdir. Ümumiyyətlə, Koreyada telefon şəbəkəsinin tarixi 1896-cı ilə təsadüf edir. Ölkədə ümumistifadə telefon şəbəkəsi isə 1902-ci ildə meydana çıxmışdır. 1902-ci ildə Koreyada ilk beynəlxalq telefon xətti fəaliyyət göstərməyə başlamışdır. Ölkədə telekommunikasiya sənayesinin inkişafı telefonun elektron qoşulma sistem avadanlığı olan TDX-1 işlənib hazırlanması layihəsi ilə start götürdü. Bu layihə 40 milyon dollara başa gəlmişdir. Bu layihənin müvəffəqiyyətlə başa çatması Cənubi Koreyanın dünyanın 10 ölkəsi sırasına daxil olmasına səbəb oldu. Bu layihələrin həyata keçirilməsi ölkənin telekommunikasiya sahəsi üzrə böyük potensiala malik olduğunu göstərdi. 2001-ci ildə ölkə rəhbərliyi tərəfindən vahid milli fiber-optik rabitə xəttinin yaradılması layihəsi başa çatdırıldı. Nəticədə dövlət müəssisələri, təşkilatlar, orta məktəblər, təhsil ocaqları yüksək səviyyəli rabitə xətti ilə təmin edildi. Ölkədə telekommunikasiya bazarına İnformasiya və Rabitə Nazirliyi tərəfindən nəzarət edilir. Cənubi Koreya hökuməti və ölkənin telekommunikasiya kompaniyaları 2010-cu ildə milli multimedia şəbəkələrinə 2,1 trilyon von vəsait ayırmağı planlaşdırıb.
Ölkədə internet şəbəkəsi geniş yayılmışdır.Bu sahədə həyata keçirilən "National Grid Project" (TG) planı təqdirəlayiqdir. Layihədə yeni nəslin internet infrastrukturunun formalaşdırılması nəzərdə tutulmuşdur. Ümumiyyətlə, ölkə rəhbərliyi bu sahəyə investisiya qoyuluşunu artıraraq Cənubi Koreyanın inkişaf etmiş ölkələr beşliyinə daxil olunması arzusundadır. Ölkə rəhbərliyi əhalini kompüter və internetə cəlb etmək üçün ümumilli proqramı həyata keçirmişdir. Bu proqram çərçivəsində 10 milyonlarla evdar qadın, hərbçi, məktəbli və b. təhsil almışlar. Ölkə 1 miyondan çox kompüter avadanlığı ilə təmin olunmuş, bütün məktəblərin kompüter sinifləri yüksək sürətli internetə qoşulma imkanı əldə etmişlər. Nəticədə bu layihə infrastrukturun inkişafına təkan verdi. Cənubi Koreya hökuməti ölkənin bütün ərazisini internet xidməti ilə təmin etməyi qarşısına məqsəd qoymuşdur. Bu proqrama 11 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulub. 7 il bundan əvvəl Seulda 2 kommersiya internet provayderi mövcud idi. 1995-ci ildə "Datcom" korporasiyası 14.4 Kbayt/s sürəti ilə internetə qoşulma və ayrılmış xəttlə İP birləşməni bütün Cənubi Koreyda həyata keçirmişdir. O zaman istifadəçilərin sayına görə Cənubi Koreya dünyada 26-cı yeri bölüşdürürdü. 2002-ci ildə isə internetin geniş yayılmasına görə ölkə 11-ci yeri, istifadəçilərin sayına görə isə 3-cü yeri tutmuşdur. Artıq ölkədə İnternet vasitəsilə əyləncə, bilik mənbəyi, həmçinin alış-veriş aparmaq, tibbi yardım əldə etmək mümkündür. İstifadəçilərin çox hissəsi ADSL texnologiyası, modem və kabel televiziya sistemləri,wi-fi şəbəkəsi vasitəsilə internetə qoşulma imkanına malikdir. internetə mobil qoşulma şəbəkəsi də modernləşdirilmişdir. 2005-ci ildə hökumət 13,5 milyon istifadəçinin internetə yüksəksürətlə qoşulmasına imkan yaratmağı planlaşdırmışdır. Cənubi Koreya "ENUM" Milli şəbəkəsinin kommersiya istifadəsinə verilməsini nəzərdə tutub. Hazırda 48 milyonluq ölkə əhalisinin 70%-i internetə qoşulur. Ölkədə "KT Corp", "Hanaro Telecom İnc." və s. provayderlər fəaliyyət göstərir. İnternetə simsiz qoşulanların sayı da günü- gündən artır.
Ölkədə mobil rabitə də inkişaf etməkdədir. "SK Telecom" ölkədə aparıcı mobil rabitə operatoru sayılır. Hazırda əlavə sistem işlənib hazırlanır. Bu sistem vasitəsilə abunəçilərə zəngli melodiya, şəkil, musiqi və video mübadiləsi aparmaq imkanı yaranacaq. Bundan başqa istifadəçilər üçün Web gündəlik də hazırlanır. Artıq məlumdur ki, ölkə mobil telefon da istehsal edir. "LG Elektronics" korporasiyası tərəfindən universal telefon son istehsal olunmuş məhsuldur. Məhz CDMA texnologiyası ilk dəfə Cənubi Koreyada kommersiya istifadəsinə verilmişdir. Bundan başqa ölkədə "SK Shinsegi Telecom", "LG Telecom", "Hansol M.com", " LG Group" kimi operatorlar fəaliyyət göstərir.
Cənubi Koreyada bir neçə ümummilli televiziya şəbəkəsi vardır. Bunlara Koreya radioyayım sistemi, "Jeonju" televiziya korporasiyası, "İnçxona" televiziyası, "Munhwa" teleradioyayım korporasiyası və Seul radioyayım sistemi daxildir. Televiziya kabel şəbəkələri abunəçilərinin sayına görə Cənubi Koreya dünyada 10-cu yeri tutur. Kabel TV şəbəkələri vasitəsilə 3 milyonadək koreyalı internetə qoşulur.