Cərrahiyyə (cərrahlıq) — bədənə fiziki müdaxilə yoluyla diaqnoz, profilaktika və müalicə yollarını öyrənən tibb sahəsi.
Azərbaycanın Çalağantəpə məntəqəsində aparıılmış arxeoloji qazıntılar nəticəsində, e.ə. IV minilliyə aid və üzərində trepanasiya əməliyyatının izlərini daşıyan insan kəlləsi aşkar olunmuşdur. Əməliyyat çınqıl daşından hazırlanmış skalpellə yerinə yetirilmişdir və, çox güman ki, xəstənin ağrı və iztirablarını azaltmaq, məqsədini güdürdü. Bu tapıntı tunc-daş dövründə yaşayan cərrahların müəyyən bilik və səriştəyə malik olmasından xəbər verir.[1]
E. ə. VIII–IV əsrlərdə Azərbaycanın qədim əraziləri olan Manna və Midiya dövlətlərində tibb Assuriya və Babilistan tibbinin təsiri altında inkişaf edirdi. Atroptena və Qafqaz Albaniyası dövlətlərində tibb nəzəriyyəsi qədim Zərdüştilikdən gələn və yunanlar tərəfindən mənimsənilmiş dörd unsur (od, su, torpaq və hava) nəzəriyyəsinə əsaslanırdı. Hippokrat və Qalenin əsərləri və ümumiyyətlə qədim Yunan tibbi Ellinizm dövründə (e.ə. IV əsrdən sonra) yayılmağa başladı.
Miladın IV əsrindən etibarən türkəçarə adlanan türk təbabəti (şamançılıq, cərrahiyyə, cadu və təbii dərman vasitələri ilə müalicə) daha geniş yayılmağa başladı. Həkimlərə türkcə qam (şaman), yaxud otaçı (otlarla müalicə edən həkim), dərmana isə ota deyirdilər. Yaşıllıq ilahəsi Öləng həkimlərin himayəçisi sayılırdı.[2]
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun Orta Çağ tibb əlyazmaları içində Əbülqasım Zəhrəvinin (Avropada Abulcasis kimi tanınır) "Cərrahiyyə və Alətlər" kitabı YUNESCO-nun "Dünya Yaddaşı" siyahısına daxil edilmişdir[3][4].
Azərbaycanda kliniki cərrahiyyənin ilk inkişaf tarixi Bakı Universitetinin və onun tibb fakültəsinin yaradılması (1920) ilə əlaqədardır. Universitetin təşkilində böyük əməyi olan professor V. İ. Razumovski Rusiyanın görkəmli klinisist cərrahı idi. Təhsil ocağına ilk tələbə qəbulu 25–30 nəfər olmuşdu. Cərrahiyyə üzrə təhsil isə 1922–1923-cü illərdə başlamışdır. Həmin dövrdə milli kadrlar olmadığından yaradılmış cərrahiyyə kafedralarının müdirləri Rusiyadan dəvət olunmuşdular (professorlar Okinşeviç, B. Finkelşteyn və s). Hospital cərrahiyyəsi kafedrasında (müdiri B. Finkelşteyn) birinci assistent azərbaycanlı M. Mirqasımov olmuşdur. İlk illər universitetin kliniki bazalarının yararsızlığı və eləcə də peşəkar cərrah kadrlarının azlığı geniş cərrahi xidmətin yaradılmasına imkan verməmişdir. Aparılan əməliyyatlar əsasən xroniki və kəskin kor bağırsağına və yırtıqlara görə olmuşdur. Mədə və öd yollarında icra edilən əməliyyatlar isə palliativ xarakter daşımışdır.
1930-cu ildə müstəqil Tibb İnstitutu və Bakı kliniki xəstəxanaların cərrahiyyə şöbələrinin yaradılması, onların cərrahiyyə kafedralarından kliniki bazalar kimi istifadə olunması bu sahənin inkişafına təkan verdi. Həmin dövrdə M. Mirqasımov və M. Topçubaşov artıq tibb elmləri doktorları idilər. İstər M. Mirqasımov, istərsə də M. Topçubaşov Azərbaycanda cərrahiyyənin inkişaf tarixində böyük xidmətləri olan alim-cərrahlardırlar.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya və nevrologiya kafedralarının müdiri, akademik M. Cavadzadənin, ATU-nun II cərrahi xəstəliklər kafedrasının müdiri akademik B. Ağayevin, Moskva Stomatoloji İnstitutunun Travmatologiya kafedrasının müdiri professor A. İmaməliyevin cərrahiyyədə ilk praktik fəaliyyətə başlamaları da institutun qeyd olunan Hospital cərrahiyyə kafedrasında olmuşdur.
Azərbaycanda digər qabaqcıl cərrahiyyə məktəbinin yaranması akademik Mustafa bəy Topçubaşovun adı ilə bağlıdır. XX əsrin 30-cu illərindən başlayaraq onun qarın və köks boşluqlarında apardığı və yüzlərlə xəstələrin sağalması ilə nəticələnən əməliyyatları bu alimin keçmiş Sovetlər İttifaqında yüksək ixtisaslı klinisist cərrah kimi tanınmasına və xalqın rəğbətini qazanmasına səbəb olmuşdur.
1938-ci ildə Mustafa bəy Topçubaşov tərəfindən təklif olunmuş inyeksionanelgeziya narkozunun əsasını təşkil edən analgeziya ideyası (fizioloji yuxuya yaxın) bu gün dünyada tətbiq olunan bütün narkoz növlərinin işlədilməsində istifadə edilir.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranır və onun ilk prezidenti professor Mirəsədulla Mirqasımov seçilir. M. Topçubaşov isə akademiyanın 16 həqiqi üzvündən biri olur. Azərbaycan Tibb İnstitutunun 2 professor-cərrahının respublika Elmlər Akademiyasına prezident və həqiqi üzv seçilmələri o dövrdə tibbin, habelə cərrahiyyənin yüksək səviyyədə olmasının göstəricisi idi.
XX əsrin 60-cı illərinin ikinci yarısı, 70-ci illərdə yeni nəsil elmi-pedaqoji kadrların yetişməsi və cərrahiyyənin təkmilləşdirilmiş sahələrinin yaradılması ilə xarakterizə olunur. 1961-ci ildə Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutu (hazırda akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi) yaradıldı. Bu institutun təşkilində onun birinci direktoru və ikinci fakültativ cərrahiyyə kafedrasının müdiri, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor F. Ə. Əfəndiyevin çox böyük rolu olmuşdur.
1970-ci illərdə Tibb İnstitutunda cərrahiyyənin inkişaf sahələrinə uyğun olaraq onkologiya, urologiya, travmatologiya, neyrocərrahiyyə və anesteziologiya kafedraları yaradıldı.[5]
Tibb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |