Cingirdağ

Cingirdağ — Səngəçal dəmiryol stansiyasından təxminən 10–15 km qərb tərəfdə uzunsov və düz zirvəli yastı dağ.

Cingirdağ
Cingirdağ
Ümumi məlumatlar
Dağ sistemi Qafqaz
Mütləq hündürlüyü 228 m
Yerləşməsi
40°12′00″ şm. e. 49°22′15″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Cingirdağ xəritədə
Cingirdağ
Cingirdağ
Cingirdağ

Qobustan qayaüstü təsvirlərinin yığcam sahələrindən biri – Yazılıtəpə, o dağın şimal (buradan sağ tərəf) dibindədir.

Cingirdağın arxasında, Qobustanda ən hündür palçıq vulkanı olan Torağay dağı görünür.[1]

Hündürlüyü 228 metrdir. Bəzi ehtimallara bu dağ Dingirdağ da adlandırılır.

Adının etimologiyası

[redaktə | mənbəni redaktə et]

Qobustanda Cingirdağı yerli camaatın Cingir Baba adlandırması da əsassız deyildir. Cingirdağ adının keçmişdə Dengir, Dengri kimi tələffüz olunması da maraq doğurur. Belə də Cingir adının Tenqri ilə bir bağlılığının olması ehtimal edilə bilər.[2]

Dağın ətəyindəki abidələr

[redaktə | mənbəni redaktə et]
Yazılıtəpə

1966-cı il sentyabr ayının 9-da Qobustanda qədim qayaüstü təsvirlər saxlanmış və qədim arxeoloji abidələr, düşərgələr qeydə alınmış Cingirdağ dağı və Yazılıtəpə ərazisi Böyükdaş, Kiçikdaş dağları ilə birlikdə Respublika Nazirlər sovetinin 509 №-li qərarı ilə Dövlət tarixi-bədii qoruğu elan edildi və 1967-ci il fevralın 1-dən müəllifə mütəxəssis kimi Mədəniyyət Nazirliyi nəzdində yaradılmış bu qoruğu təşkil və rəhbərlik etmək işi tapşırıldı. Bundan sonra Qobustan ekspedisiyası Tarix İnstitutu və Qobustan qoruğu tərəfindən müştərək ekspedisiya kimi indiyə kimi də davam etməkdədir.[3]

Qobustan dünyasının tədqiqatçılarında olan Cəfərqulu Rüstəmov "Qobustan dünyası" adlı əsərində Yazılıtəpə abidəsinin yaşı ilə bağlı "Cingirdağ sahəsindəki, dağın ətəyidə yerləşən Yazılıtəpədə qayaüstü təsvirlər kolleksiyası Kiçikdaş və Böyükdaş kolleksiyalarından çox-çox cavandır. Orada nəinki qədim qadın və kişi təsvirləri eləcə də ibtidai öküz, gur və daş dövrünə aid başqa heyvanların şəkilləri də yoxdur", deyə qeyd edirdi.[4] İ. M. Cəfərzadə Yazılıtəpədəki iri ölçülü, qəşəng çəkilmiş keçi rəsmlərini (9-cu tablo, şəkil B və 11-ci tablo, şəkil A) əsasən III minilliyə aid edir.

Yazılıtəpədə aparılan arxeoloji qazıntı nəticəsində X–XII əsrlərə aid, tağvari tikilmiş üçotaqlı bina qalığı aşkar edilmiş və daha qədim dövrə aid heç bir mədəni təbəqəyə rast gəlinməmişdir. Burada aparılmış qazıntı və başqa elmi tədqiqatların nəticəsinə görə hesab etmək olar ki, Böyükdaş və Kiçikdaş dağlarının qayalıqları arasında orta Daş (Mezolit dövrü), yeni Daş (Neolit dövrü) və sonra Tunc dövründə də həyat qaynayarkən Yazılıtəpədə yaşayış olmayıb. Çox güman ki, Ceyrankeçməz çayının qədim yatağında, hər tərəfdən alçaq olmaqla çökək bir sahədə — su-axarda yerləşməsi Yazılıtəpənin o vaxtlar ada kimi su içində olduğunu söyləməyə imkan verir. Elə indi də yaz və payız aylarında, yağışlar çox olarkən sudan Yazılıtəpəyə keçmək olmur. Görünür, Yazılıtəpə daşları üzərində ilk rəsmlər də elə o vaxtlar, bu şəraitdə, ovçular tərəfindən çəkilmiş, sonralar isə Yazılıtəpənin pirə çevrilməsinə səbəb olmuşdur. Yazılıtəpədə keçi şəkilləri əsasən pirə qurban kimi çəkilib. İlk təsvirlərdən sonrakı dövrlərdə adamların hər yandan qamışlıq, palçıq və su ilə əhatə edilmiş Daşlı təpədə gördükləri şəkillər onlara möcüzə kimi görünmüş, onlar buradakı keçiləri öz totemləri kimi qəbul edərək Yazılıtəpəni pir hesab etmiş və adətlərində olan bayramlarda, təbiət və b. hadisələrlə əlaqədar bu yerə qurban gətirmişlər.[5]

Qaval daşı

Qaval daşından qədim musiqi aləti Qobustanda iki ədəddir. Bunlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir. O Cingirdağ — Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınmışdır. Cingirdağdakı birinci Qavaldaş ortada 70 sm qalınlığında, şərq tərəfdə getdikcə nazikləşən (uzunluğu 270, eni 200 sm) yastı qaya parçasıdır. Bu qaya parçası iki ədəd nisbətən kiçik daşın üstünə qoyulub, onlar isə öz növbəsində üstü şərqə tərəf maili nəhəng qaya üzərində yerləşdirilib. Qavaldaşların hər biri görkəmcə ətrafda olan minlərlə qaya parçalarından o qədər də fərqlənmir. Bəs niyə yalnız bunlar, göstərilən iki daş musiqi aləti sayılır? Bunun səbəbi həmin daşların müxtəlif sahələrinə xırda daşlarla zərbə endirməklə alınan müxtəlif tonlu, metal cingiltili səslərdir. Bəli, bu daşlarda zərb alətlərində ifa edilən musiqi nömrələrini səsləndirmək mümkündür.[6]

Qədim Qobustanda təsərrüfat həyatı ilə bağlı abidələrdən biri də dəlmələrdir. Onlara əsasən qədim düşərgə və sığınacaqların divarlarında, ən çox isə antik və orta əsr dövrlərinin yaşayış məskənlərində, ətrafın arxac daşlarında demək olar addımbaşı) rast gəlinir. Qobustanda Cingirdağ — Yazılıtəpə sahəsindəki daşlarda ilk illər 100-ə qədər dəlmə qeydə alınmışdır. Dəlmələr daş və qayaların tilində, iki tərəfdən iti daş, sonralar isə metal alətlərlə qazılaraq açılmışdır; Onlardan düşərgə sığınacaqların divarlarında bir, bir yarım, bəzən iki metr və daha hündürdən açılmışları zənbil və torbalarda ərzaq məhsulları asmaq üçün, yaşayış yeri ətrafındakı dəlmələr isə heyvanları (atı, öküzü, dana-buzovu və s.) bağlamaq üçün idi.[7]

İşarə və damğalar

[redaktə | mənbəni redaktə et]
Yazılıtəpədə[ölü keçid] daş üzərində işarə

Sakral xarakter daşıyan Cingirdağ (bəzi ehtimallara görə, Dinqirdağ/Tenqri dağı oroniminin fonetik təhrif olunmuş variantı) ərazisi damğa işarələri ilə daha zəngindir.[8]

Buradakı 43 qaya parçası üzərində 170-dək damğa işarəsi müəyyən edilmişdir.

Tanınmış Azərbaycan arxeoloqu, professor Cəfərqulu Rüstəmovun araşdırmalarına görə, təkcə 123 və 143 nömrəli daşların hər birinin üzərində 21 və 36 nümunə olmaqla qazma üsulu ilə 57 işarə həkk edilmişdir.

Alimin qənaətinə görə, "Qaya və daşlar üzərində işarə və damğaların nə məqsədlə qazılması haqqında tam və qəti fikirlər söyləmək çətindir. Hər halda, onların tayfa, qəbilə, nəsil və şəxsi damğa işarələri olması barədə fikir daha ağlabatandır".[9]

Cingirdağda üzərində damğa olan daş
Cingirdağda üzərində damğa olan daş

Yalaqlar qayalar və daşlar üzərində qazılmış ilk tərpənməz qablardır. Bu cür qablar Qobustanda çoxdur. Bu tip abidələrə əsasən (mənim təcrübi müşahidələrimə görə) qədim düşərgə və yaşayış yerləri olan sahələrdə qaya və daşlar üzərində təsadüf olunur. Qobustanda yalaqlar Cingirdağın ətəyindəki Yazılıtəpədə çoxdur.[10]

  1. Cəfərqulu Rüstəmov. Qobustan dünyası. Bakı: Azərbaycan dövlət nəşriyyatı, 1994, s.37
  2. Fərəcova M. Azərbaycan qayaüstü incəsənəti. Bakı: Aspoliqraf, 2009, s. 65 (elektron variant)
  3. Cəfərqulu Rüstəmov. Qobustan dünyası, s.21
  4. Cəfərqulu Rüstəmov. Qobustan dünyası, s.61
  5. Cəfərqulu Rüstəmov. Qobustan dünyası, s.69
  6. Cəfərqulu Rüstəmov. Qobustan dünyası, s.103–104
  7. Cəfərqulu Rüstəmov. Qobustan dünyası, s.113–114
  8. Araz Qurbanov. Damğalar, rəmzlər… mənimsəmələr. Bakı, 2013, s.41
  9. Cəfərqulu Rüstəmov. Qobustan dünyası, s.115
  10. Cəfərqulu Rüstəmov. Qobustan dünyası, s.111

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]