Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya - Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya (Qısa adı — İdarələrarası Komissiya) Azərbaycan Respublikası Prezidentinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 17 yanvar tarixli 539 nömrəli Fərmanı ilə yaradılmışdır. İdarələrarası Komissiya dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin həyata keçirilməsini təmin edən, dövlət proqramlarının, normativ hüquqi aktlarının və metodik sənədlərinin işlənib hazırlanması və yerinə yetirilməsi naminə dövlət sirrinin mühafizəsi sahəsində dövlət hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirən kollegial orqandır.
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya
Azərbaycan Respublikası Prezidentinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 1997-ci il 17 yanvar tarixli 539 nömrəli Fərmanı ilə yaradılmışdır.
1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərman ilə “Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin dəyişikliyi təsdiq edilmişdir. Daha sonra Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 984-IVQD nömrəli Qanununun təsdiq edib.[1][2][3]
İdarələrarası Komissiyanın əsas vəzifəsi dövlət sirrinin mühafizəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona həvalə olunmuş funksiyalara müvafiq təşkil və təmin etməkdən ibarətdir.[4][5][6]
İdarələrarası Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
İdarələrarası Komissiya öz vəzifəsini yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir.
Dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılması bütövlükdə Azərbaycan Respublikası və ya mərkəzi icra hakimiyyəti orqanı üzrə dövlətin təhlükəsizliyinə ziyan vurulmaqla nəticələndiyi hallarda məlumatların yayılması faktı üzrə materiallara baxır və rəy verir.
Qanunla müəyyən olunmuş dövlət sirri təşkil edən məlumatlar siyahısına və məlumatların dövlət sirrinə aid edilməsi və məxfiləşdirilməsi prinsipinə uyğun olaraq, habelə dövlət hakimiyyəti orqanlarının təklifləri nəzərə alınmaqla, dövlət sirrinə aid edilən məlumatların siyahısını tərtib edir və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsini təmin edən dövlət proqramlarını, normativ hüquqi və metodiki sənədləri işləyib hazırlayır və ya müəyyən edilmiş qaydada təsdiq edilmək üçün müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir.
Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsi və hüquqi tənzimlənməsi barədə təklifləri Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
Fondyaradıcı təşkilat ləğv edildikdə və onun hüquqi varisi olmadıqda, dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyinin açılması qaydasına dair qərarı qəbul edir.
Dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə, təşkilatların və vətəndaşların dövlət sirrinə aid edilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğularına “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada baxır.
Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsinin mümkünlüyü haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinə ekspert rəyi verir.
“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda dövlət sirri təşkil edən məlumat daşıyıcılarını başqa dövlət hakimiyyət orqanı, müəssisə, idarə və ya təşkilatına verilməsi barədə göstəriş verir.
Hərbi və fövqəladə vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir.
Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən dövlət sirri təşkil edən məlumatların birgə mühafizəsi və istifadəsi haqqında Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin layihələrinə baxır, müvafiq təkliflər və ekspert rəyləri hazırlayır və bu məsələlərlə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda qüvvədə olan məxfiləşdirilməli məlumat siyahılarının dəyişdirilməsinə dair qərarlara (bu qərarlar dövlət sirrinə aid edilən məlumatlar siyahısına dəyişiklik edilməsi ilə bağlı olduqda) razılıq verir, bu qərarları dayandırır və onlara etiraz edir.
Dövlət sirrini təşkil edən məlumatların məxfilik müddətinin uzadılması məsələsinə dair rəy verir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll edir.
İdarələrarası Komissiyaya sədr başçılıq edir. İdarələrarası Komissiyanın sədri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin və azad edilir.
İdarələrarası Komissiyanın tərkibini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.[7][8][9]