Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 576 saylı fərmanı ilə 06.09.2001-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyinə verilmişdir.
Mərkəz 12.07.1999-cu il tarixdə D-304 say altında Ədliyyə Nazirliyi HŞDQ üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzinin nizamnaməsinin yeni redaksiyasıdır və onu əvəz edir.
Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, göstəriş, sərəncamlarını və bu Nizamnaməni əldə rəhbər tutur.
Mərkəz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla onun vahid sistemini təşkil edir və ona hesabat verir.
Mərkəz hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, bank idarələrində hesablaşma hesablarına, özünə məxsus olan əmlaka, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və Mərkəzin adı həkk olunmuş dairəvi möhürə, müvafiq ştamplara və blanklara malikdir.
Mərkəzin aparatı və regional torpaq qeydiyyatı mərkəzləri onun vahid strukturunu təşkil edir.
Mərkəzin ünvanı: Bakı şəhəri Ş.Mehdiyev küçəsi 93a.