Dövlət Yerquruluşu Layihə İnstitutu

Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi

Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu (bundan sonra İnstitut) Azərbaycan SSR Nazirlər Sovetinin 04 aprel 1968-ci il tarixli 145 saylı qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş keçmiş yerquruluşu ekspedisiyasının, növbəli əkin sisteminin tətbiqi üzrə respublika ekspedisiyasının, Bakı və Gəncə torpaq tədqiqatı ekspedisiyalarının bazasında təşkil olunmuş və Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 1992-ci il tarixli 227 nömrəli Fərmanı ilə keçmiş Dövlət Torpaq Komitəsinin tabeliyinə verilmişdir.[mənbə göstərin]

İnstitutun Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 04 sentyabr 1994-cü il tarixli 442 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış, Nazirliyin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 08 dekabr 1999-cu il tarixdə və 06 may 2002-ci il tarixdə yeni redasiyada 442 say altında təkrar qeydiyyatdan keçirilmişdir.[mənbə göstərin]

İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmrlərini, sərəncamlarını, sifarişlərini, göstərişlərini və öz Nizamnaməsini rəhbər tutur.

İnstitut Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona hesabat verir, tapşırıqları və müqavilələr əsasında respublikada torpaq islahatının həyata keçirilməsi ilə bağlı torpaq münasibətlərinin tənzimlənməsi, təsərrüfatçılıq formasından asılı olmayaraq torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin artırılması, ekologiyası və rekultivasiyası sahəsində yerquruluşu, torpaq kadastrı, torpaq tədqiqatı, geobotaniki tədqiqat, torpaq uçotunun aparılması, torpaq istifadəçilərinin və mülkiyyətçitlərinin sifarişi ilə yerquruluşu planlarının hazırlanması, torpaqlardan istifadəyə, onların mühafizəsinə, münbitliyinin təmin olunmasına, rekultivasiyasına dair layihələrin hazırlanması və digər layihə-axtarış işlərini həyata keçirən baş podratçı təşkilatdır, topogeodeziya, topoplanalma mühəndis-geodeziya və geniş məqsədli, müxtəlif təyinatlı xəritəçəkmə işlərini yerinə yetirir.

İnstitut öz fəaliyyətini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olan təşkilatlarla, habelə Dövlət və Bələdiyyə orqanları ilə, qarşılıqlı əlaqəli qaydada həyata keçirir.

İnstitut hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

İnstitutun əmlakını onun əsas fondları, dövriyyə vasitələri və onun balansında olan başqa qiymətli məmulatlar təşkil edir.

İnstitutunun mərkəzi aparatı və onun vahid sistemini təşkil edən struktur bölmələrinin saxlanması və maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bələdiyyə orqanlarının, digər sifarişçilərin vəsaiti hesabına və qanunvericiliyinə zidd olmayan mənbələr hesabına maliyələşdirilir. İnstitut həmin vəsaitlərin sərəncamçısıdır.

2015-ci ildə bazasında Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi yaradıldı.