Dövlət krediti — Dövlət tərəfindən verilir və bir qayda olaraq məqsədli səciyyə daşıyır (müəyyən növ məhsulun istehsalının təşkilinə, konkret iqtisadi inkişaf məqsədləri üçün). Özəl bank kreditləri ilə müqayisədə dövlət kreditləri güzəştli olur, uzun müddətə, ayrı-ayrı hallarda, hətta faizsiz də verilə bilər.
Dövlət krediti özəl kreditdən bir az fərqlidir. Çünki kreditin müddət sonunda borc ödənməzsə təzyiq və ya icbar etmə kimi vasitələr bir az zəifdir. Dövlət krediti o zaman meydana gəlir ki, kreditor və yaxud borcalan sifətində dövlətin özü (mərkəzi hökumət və yerli hakimiyyət) çıxış edir. Borcalan kimi çıxış etdikdə dövlət büdcə xərclərinin təmin edilməsindən ötrü borc kapitallar bazarında öz borc öhdəliklərini yerləşdirməklə büdcəyə əlavə vəsait cəlb edir. Dünya təcrübəsinin göstərdiyi kimi daxili borclar dövlət xərclərinin maliyyələşdirilməsinin vergilərdən sonra ikinci mənbəyidir. Eyni zamanda büdcə kəsrinin örtülməsi məqsədi ilə borc vəsaitlərindən istifadə olunmanın miqyasları resursların səmərəli və qənaətli istifadəsi nöqteyi-nəzərdən məhdudlaşdırılır. Çünki borcu müəyyən vaxtdan sonra qaytarmaq gərəkdir.
Dövlət krediti maliyyə sistemində xüsusi yer tutur. Dövlət krediti – öz xərclərini maliyyələşdirmək üçün dövlət tərəfindən əhalinin, müəssisə və təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi üzrə kredit münasibətlərini ifadə edir. Dövlət krediti tədiyyələrin könüllü olaraq dövlət xəzinəsinə ödənilməsinə əsaslanır. Dövlət krediti kreditin elə bir formasıdır ki, bu zaman borcalan kimi dövlət və ya yerli hakimiyyət orqanları çıxış edir. Kreditin özü isə mərkəzi bank və ya maliyyə kredit institutları tərəfindən reallaşan dövlət qiymətli kağızlarına çevrilir.
Dövlət kreditinin mənbəyi dövlətin və yerli orqanların buraxdıqları istiqrazlardır. Dövlət krediti dövlət istiqrazlarını, pul – mal lotereyalarını və digər qiymətli kağızları yerləşdirmək yolu ilə cəlb edilir. Dövlət krediti eyni zamanda dövlətin xarici borcudur ki, bu halda dövlət xarici dövlətlərdən büdcə kəsirini ödəmək üçün kredit alır.
Dövlət borc öhdəliklərini müəyyən məqsədli dövlət proqramlarının maliyyələşdirilməsi məqsədi ilə bazarda yerləşdirə bilər. Məsələn, milli iqtisadiyyatın bərpası, inkişafı, ayrı-ayrı sahələrin yenidən qurulması, konkret regionların inkişafı müxtəlif sosial proqramlar, təbii fəlakət nəticələrinin aradan qaldırılması və s. məqsədli proqramlar, təkcə dövlət büdcəsinin cari gəlirləri hesabına deyil, həm də dövlət borcu xətti ilə də maliyyələşə bilər. Bu, xüsusilə milli iqtisadiyyatın çox vaxt mənfəətsiz və yaxud azmənfəətli, lakin geniş təkrar istehsal üçün zəruri sahələrə xasdır. Burada onu da qeyd etmək olar ki, dövlət kreditindən (dövlət həm kreditor, həm də borcalan olduqda) iqtisadiyyatın tənzimlənməsinin güclü aləti kimi də istifadə edə bilər.
Kredit münasibətləri təkcə ölkə daxilində deyil, ölkələr arasında da mövcuddur. Kredit kapital ixracının formalarından biri kimi çıxış edir. Belə hallarda kreditin başqa növü olan beynəlxalq kredit ön plana çıxır. Beynəlxalq kredit zamanı iştirakçılar dəyişmir, lakin kredit sövdələşməsinin tərəflərindən biri xarici ölkəyə mənsub olmalıdır.
Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadəsi əsasında əmələ gələn pul münasibətlərinin məcmusu dövlət büdcəsi anlayışını təşkil edir.
Dövlət büdcəsi dövlətin başlıca gəlir və xərclərini özündə birləşdirir. Büdcə - əsas maliyyə kateqoriyalarının (vergilərin, dövlət kreditinin, dövlət xərclərinin) fəaliyyətinin vəhdətidir, yəni büdcə vasitəsilə resursların daim səfərbər edilməsi və onların xərclənməsi həyata keçirilir. Büdcə kəsirinin maliyyələşdirilməsi dövlət krediti və digər mənbələr hesabına həyata keçirilir.