Dövlət torpaq kadastrı

Dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Respublikamızda mülkiyyət növündən, kateqoriyasından, məqsədli təyinatından və hüquqi rejimindən asılı olmayaraq ölkə hüdudları daxilində yerləşmiş bütün torpaqlar dövlət kadastrının obyekti hesab edilir. Dövlət torpaq kadastrı Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu"nda deyilir: Torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur.

Dövlət torpaq kadastrı prinsipləri

[redaktə | mənbəni redaktə et]

Dövlət torpaq kadastrı aparılarkən torpaq ehtiyatlarının elmi əsaslarla hüquqi, təbii və təsərrüfat baxımından öyrənilməsi bir sıra prinsiplərin gözlənilməsini tələb edir. Bu prinsiplər aşağıdakılardan ibarətdir:

  • Torpaq kadastrının vahidliyi prinsipi — dövlət torpaq kadastr tədbirlərinin bütün ölkə ərazisini əhatə etməklə vahid sistem əsasında aparılmasıdır. Bu prinsip vahid torpaq fondunun vəziyyətini və paylanmasını düzgün analiz etməyə və müxtəlif ərazi vahidləri daxilində torpaq ehtiyatlarından səmərəli istifadənin yollarını planlaşdırmağa imkan verir. Lakin dövlət torpaq kadastrının vahidliyi bütün torpaq kateqoriyaları və torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün torpaq kadastr məlumatlarının eyni cür detallaşdırılması demək deyildir. Torpaq kadastr məlumatlarının detallaşma dərəcəsi və dolğunluğu, yuxarıda qeyd edildiyi kimi, torpağın istehsalat və digər fəaliyyət sahələrində əhəmiyyəti və həmçinin dövlət, bələdiyyə və xüsusi mülkiyyətçilərin ona olan tələbi ilə ölçülür. Ona görə də torpaq kadastrında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məskənləri və meşə fondu torpaqları haqqında daha dolğun və dəqiq məlumatların toplanmasına üstünlük verilir. Sənaye, nəqliyyat və digər qeyri-kənd təsərrüfatı torpaqları ümumi şəkildə və detallaşdırılmadan səciyyələndirilir.
  • Torpaq kadastrının qanuniliyi prinsipi- dövlət torpaq kadastrı aparılarkən bütün mülkiyyət növlərinin keşiyində duran qanunilik prinsipinin gözlənilməsi məsələsinə xüsusi diqqət yetirilir. Bu prinsipin yerinə yetirilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi vasitəsilə həyata keçirilir. Dövlət torpaq kadastrının qanuni fəaliyyətini təmin edən hüquqi sənədlərə "Azərbaycan Respublikasının Torpaq Məcəlləsi", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Qanun", "Torpaq islahatı haqqında Qanun" və başqaları daxildir.
  • Torpaq kadastrının fasiləsizliyi prinsipi- dövlət torpaq kadastrı fasiləsizlik prinsipi əsasında fəaliyyət göstərməlidir, yəni o, vahid torpaq fondunda baş verən istənilən dəyişikliklər haqqında daim məlumat verməlidir. Bu o deməkdir ki, torpaq kadastr məlumatları torpaq örtüyünün təbii, təsərrüfat və hüquqi vəziyyətində baş verən bütün dəyişiklikləri əks etdirməklə mütəmadi olaraq dəqiqləşdirilməlidir. Torpaq kadastr məlumatlarını həm müasir səviyyədə saxlamaq, həm də eyni zamanda bu məlumatların müəyyən müddət ərzində sabitliyinə nail olmaqdan ötrü dəyişikliklər və əlavələr torpaq kadastrı sənədlərinə ildə bir dəfə əlavə edilir.
  • Torpaq kadastrının obyektivliyi prinsipi- dövlət torpaq kadastrı obyektiv, torpaq kadastr sənədlərinin göstəriciləri isə dürüst və həqiqətə tam uyğun olmalıdır. Kənd təsərrüfatı yerləri haqqında məlumat onların faktiki vəziyyətini əks etdirməlidir. Yalnız torpağın hüquqi rejiminə, təbii vəziyyətinə və təsərrüfat istifadəsinə dair obyektiv məlumatlar ölkənin vahid torpaq fondunun idarə edilməsində və ondan istifadə ilə bağlı məsələlərdə uğurla istifadə edilə bilər. Ona görə də torpaq kadastr sənədlərinin ilkin doldurulması və həmçinin cari dəyişikliklərin sənədlərə daxil edilməsi dəyişiklikləri təsdiq edən sənədlər əsasında həyata keçirilir. Bununla da torpaq kadastr məlumatlarının mötəbərliyi və onların torpaqdan istifadənin faktiki vəziyyətinə tam uyğunluğu əldə edilir.
  • Torpaq kadastrının əyanəliyi və sadəliyi prinsipi — torpaq kadastr məlumatlarından gündəlik istehsalat fəaliyyətində geniş istifadə etməkdən ötrü o, kənd təsərrüfatı mütəxəssisləri üçün kifayət qədər əyani və sadə şəkildə verilməli, əlavə göstəricilərdən, torpaqdan istifadəyə dair lüzumsuz qaydalardan və nəzarət sistemindən azad olmalıdır. Mürəkkəb torpaq kadastrı torpaq fondundan istifadəyə operativ rəhbərlikdə və nəzarətdə marağı olan dövlət təşkilatlarının, hüquqi və fiziki şəxslərin tələbinə cavab vermir, onların işini, əksinə, bir qədər də çətinləşdirərək təsərrüfatsızlıq halları və sui-istifadələr üçün şərait yaradır. Digər tərəfdən, lüzumsuz məlumatlarla yüklənmiş torpaq kadastrı torpaq kadastr xidməti ştatının böyüməsinə və xərclərin artmasına gətirib çıxarır.

Torpaq kadastrının aparılması

[redaktə | mənbəni redaktə et]

Yalnız qeyd edilən prinsiplərin gözlənilməsi torpaq kadastrının düzgün aparılmasını və torpaqdan istifadəyə nəzarəti təmin edə bilər. Torpaq kadastrı iki qayda ilə aparılır : əsas və cari Əsas torpaq kadastrının vəzifəsi torpaqların hüquqi, təsərrüfat və təbii vəziyyəti haqqında ilkin məlumatları toplamaq və yaxud mövcud olanları dəqiqləşdirmək və onları torpaq kadastr sənədləri üzərinə keçirməkdən ibarətdir. Əsas torpaq kadastrında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin sərancamında olan torpaqların ümumi sahəsi, kənd təsərrüfatı yerlərinin tərkibi, torpaqların keyfiyyəti, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi haqqında məlumatlardan ibarət sənədlər və materiallar toplanılır, təhlil edilir və sistemləşdirilir.

Cari torpaq kadastrının vəzifəsi

[redaktə | mənbəni redaktə et]

Cari torpaq kadastrının vəzifəsi əsas torpaq kadastrı aparıldıqdan sonra torpaqdan istifadədə baş verən bütün dəyişiklikləri üzə çıxarmaqdan və onları torpaq-kadastr sənədlərinə daxil etməkdən ibarətdir. Bundan başqa ilkin məlumatlarda buraxılmış səhvlərin götürülməsi və yeni tələblərə uyğun yeni göstəricilərin kadastr sənədlərinə daxil edilməsi cari torpaq kadastrının əsas vəzifələrindən biridir. Bununla da, cari kadastr torpaq kadastr məlumatlarının lazımi səviyyəsini təmin edir. Cari torpaq kadastrı əsas torpaq kadastrı kimi torpaq qanunçuluğuna uyğun olaraq torpaqların dövlət, bələdiyyə və xüsusi mülkiyyətə bölünməsi prinsipi əsasında formalaşmış torpaq münasibətlərini qoruyur və tənzimləyir, torpaq ehtiyatlarından səmərəli istifadəyə nəzarət edir. Əsas və cari torpaq kadastrı dövlət torpaq kadastrının bir-birilə qarşılıqlı əlaqədə olan mərhələləridir. Əsas torpaq kadastrı cari torpaq kadastrının aparılmasından ötrü əsas yaradır və onun təsir dairəsini müəyyən edir. Cari torpaq kadastrı isə əsas torpaq kadastrındakı məlumatları təzələmək və onlara əlavələr etməklə, torpaq haqqında məlumatların sistemli şəkildə müasir səviyyəyə uyğun saxlanmasına köməklik edir. Ona görə də cari torpaq kadastrı əsas torpaq kadastrı tədbirləri başa çatdığı vaxtdan etibarən öz işinə başlamalıdır.

Dövlət torpaq kadastrına daxildir

[redaktə | mənbəni redaktə et]
  • Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı
  • Torpaqların kəmiyyət və keyfiyyət uçotu
  • Torpaqların bonitirovkası
  • Torpaqların iqtisadi qiymətləndirilməsi