Dünya valyuta sisteminin təkamülü

Dünya valyuta sistemi öz inkişafında bir neçə mərhələdən keçmişdir. Bu mərhələlərin hər birinin özünə məxsus xüsusiyyətləri vardır. Lakin onlardan heç biri ardıcıl surətdə digərinə keçməmiş və varislik olmamışdır. İqtisadi ədəbiyyatlarda valyuta sisteminin inkişafını 4 mərhələyə bölürlər:

  1. 'Paris valyuta sistemi (1816-1914-cü illəri əhatə edir.)
  2. Genuya valyuta sistemi (1922-1944-cü illər)
  3. Bretton –Vuds valyuta sistemi (1944-1976-cı illər)
  4. Yamayka valyuta sistemi (1976-1978- ci illərdən hal-hazıradək)[1]

1. Qızıl metal standartından qızıl-deviz standartına keçid[redaktə | mənbəni redaktə et]

Valyuta sisteminin təkamülü əmtəə istehsalı və dünya bazarının inkişafından asılıdır. Təşkilati-hüquqi nöqteyi-nəzərdən kredit münasibətlərinin beynelmiləlləşməsi istehsalın beynəlmiləlləşməsini qabaqlayır. 

Birinci dünya valyuta sistemi sənaye inqilabından sonra kortəbii olaraq formalaşmışdır. Huquqi cəhətdən o dövlətlərarası Paris konfransının (1867-ci il) razılaşmasında ifadə olunmuşdur. Bu konfransda qızıl dünya pulunun yeganə forması kimi qəbul edilmişdir. Qızıl pul standartı dövründə pul tədavülü avtomatik baş verirdi. Həmin standart emissiya mərkəzlərində qızıl ehtiyatlarının mövcudluğunu tələb edirdi. Sərbəst rəqabətin inhisarçılıqla əvəz olunmasından sonra qızıl standartı dünya təsərrüfat əlaqələrinin inkişafına mane olurdu. Həmin problemlər birinci dünya müharibəsi nəticəsində daha da kəskinləşdi. Böyük hərbi xərclər müharibə edən ölkələrin büdcə kəsirini artırdı, əksəriyyət ölkələrdə qızıl pul standartının ləğvini sərtləndirdi.

Birinci dünya müharibəsi qurtardıqdan sonra, qızıl monometallizminin yarımçıq formaları-qızıl külçə və qızıl – deviz standartları tətbiq edilirdi.

Qızıl külcə standartı zamanı banknotlar qızıl külçələrə dəyişdirilirdi. Bu standart əsasən Böyük Britaniya və Fransada tətbiq edilirdi.

Qızıl-deviz standartının tetbiqi dövründe banknotlar xarici valyutada ifade olunmuş ödeniş vasitelerine deyişdirilirdi. Mübadilə obyekti olan bu ödəniş vasitələri deviz adlanırdı və qızıl pula dəyişdirilərək beynəlxalq hesablaşmalarda istifadə edilirdi.

İkinci dünya valyuta sistemi hüquqi cəhətdən Genuya konfransında (1922-cı il), dövlətlərarası razılaşmalarda əks olunmuşdur. O dövrdə 30 ölkənin pul sistemi qızıl – deviz standartına esaslanırdı.

2.Genuya valyuta- pul sistemi (qızıl deviz sistemi)[redaktə | mənbəni redaktə et]

Birinci dünya müharibəsi qızıl standartı sisteminə güclü zərbə endirdi və Genuya valyuta pul sisteminin meydana gəlməsinə səbəb oldu. Buna əsas ABŞ ,Böyük Britaniya və Fransanın himayəsi ilə 1922-ci ildə Genuyada (İtaliya) keçirilən Beynəlxalq konfransın qərarı ilə qoyuldu .İqtisadi və maliyyə məsələləri üzrə keçirilən bu konfransda qeyd olunmuşdu ki, kapitalist ölkələrinin qızıl ehtiyatı xarici ticarət və digər əməliyyatlar üzrə hesablaşmaların nizama salınması üçün kifayət deyil. Konfransda qızıldan və funt sterlinqdən başqa, beynəlxalq hesablaşmalarda ABŞ dollarının da istifadə olunması tövsiyə olundu. Beynəlxalq ödəmə vasitəsi rolunu yerinə yetirmək üçün təklif olunmuş hər iki valyuta deviz adını aldılar.

1929-1933-cü illərdə dünya iqtisadiyyatında baş vermiş böhranla əlaqədar kağız pullar kəskin şəkildə qiymətdən düşməyə başladı. Hissəvi də olsa qızıl standartına qayıtma cəhdləri qəti olaraq iflasa uğradı- bütün ölkələrin daxili dövriyyəsində qızıl standartı aradan götürüldü. 1929-1933-cü il dünya böhranları bu sistemi tamamilə dağıtdı.[2]

3.Bretton-Vuds Valyuta Sistemi (1944-1976-ci illər)[redaktə | mənbəni redaktə et]

1944-cü ildə BVS (Beynəlxalq Valyuta Sistemi)-nin təkamülündə yeni bir mərhələ başlandı. 1944-cü ilin iyul ayında Amerikanın Bretton-Vuds şəhərində keçirilən konfransda yeni beynəlxalq valyuta sistemi yaradıldı. Bu sistem qızıla və iki devizə- funt sterlinq və ABŞ dollarına əsaslanırdı. Axırıncılara əsas rol ayrıldığından bu sistem qızıl valyuta standartı adını almışdı. Bu sistemin məğzi onun müəyyən edilmiş valyuta kursu sisteminə əsaslanmasıdır.

Bu ideyanın arxitektorlarının (o cümlədən Keynsin) fikirincə, valyuta kursunun sabit olması və çox az (əhəmiyyətsiz dərəcədə) qalxıb –enməsi bütün dünya, birinci növbədə isə aparıcı kapitalist ölkələrinin pul sisteminin dayanıqlı olmasını təmin etməlidir. Bretton –Vuds konfransının iştirakçıları burada eyni zamanda Beynəlxalq Valyuta Fondunu (BVF) yaratdılar. Sistemin mühüm cəhəti ondan ibarət oldu ki, milli valyutaların kursu dollarla müəyyən edildi. (1 troy unsiya- 31.1 qram 35 dollar dəyərində). Belə mexanizm ölkə daxilində maliyyə sabitliyini təmin edirdi. Müharibədən sonra Bretton –Vuds valyuta sisteminin prinsiplərinin formalaşdığı dövrdə, Böyük Britaniya funt sterlinqinin qızıla dəyişdiriləcəyi qədər qızıl ehtiyatına malik olmadığından funt sterlinqin deviz valyutası funksiyasından imtina etdi.

Beləliklə, Bretton-Vuds valyuta sistemi dolları imtiyazlı vəziyyətdə qoydu və bu da ABŞ-yə iqtisadi və siyasi üstünlük verdi. Demək olar ki, xarici ticarət hesablaşmaları inhisarçı qaydada dollarla ifadə olunurdu. ABŞ tədiyyə balansının kəsirini özünün milli valyutası ilə bağlaya bilərdi. Digər xarici ölkə isə tədiyyə balansını kəsirlə bağladığı halda özünün qızıl ehtiyatlarını xərcləməli ,daxili tələbatı azaltmalı, ixracı artırmalı idi.15 avqust 1971-ci ildə ABŞ hökuməti birtərəfli qayda da BVF ilə sazişi pozaraq dolların qızıla dəyişdirilməsi qaydasından imtina etdi. 60-cı illərin ortalarında qəti müəyyənləşdirilmiş valyuta kursu ölkələrin maraqlarına cavab vermədi və dünya ticarətinin inkişafını ləngidirdi.

Bununla da, göründüyü kimi, Bretton-Vuds valyuta sistemi dünya təsərrüfatının tələblərinə uyğun gəlmirdi. 20-ci əsrin 60-cı illərinin axırı 70-ci illərin əvvəllərində dünya iqtisadi sistemində yeni böhran baş verdi.1971-ci ildə BVF valyuta kurslarının paritetdən kənarlaşma həddini +,-2%-ə qaldırdı. Bir il sonra qəti müəyyənləşdirilmiş kurs sistemi iflasa uğratdı.

Qızılın kursuna uyğun olaraq qiyməti sabit və möhkəm valyuta kimi qəti müəyyənləşdirilmiş dollara olan inam sarsıldı. Maliyyə böhranı başlanırdı. Bundesbank məcburiyyət qarşısında qalaraq dünya valyuta bazarını həddindən çox bürümüş artıq dollarları almağa başladı. Alınan dolların miqdarı 1 saat ərzində 1 milyard dollara çatdıqda, bank müəyyənləşdirilmiş kursla dolların alınmasını dayandırdı və həmin gün, yəni 5 may 1971- ci ildə alman markasının “azad üzən” kursunu elan etdi. Bunun ardınca Danimarka hökuməti valyutasının “azad üzən” kursunu elan etdi.

4.Müasir Dünya Valyuta Sistemi- Yamayka Konfransı[redaktə | mənbəni redaktə et]

1970-ci illərin birinci yarısı ərzində dünyanın aparıcı ölkələrinin hökumətləri, eləcə də beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri 1944-cü ildə yaradılmış valyuta sisteminə alternativ valyuta sisteminin təşkil olunması barədə düşünməyə başladılar. Bu əsas onunla əlaqədar idi ki, Bretton-Vuds valyuta sistemi dünya iqtisadiyyatı və maliyyəsinin son dərəcədə beynəmiləşməsi və onların qloballaşması prosesinin geniş şəkildə başlaması ilə əlaqədar olaraq meydana çıxmış yeni şəraitdə “işləyə” bilmirdi. Bu məsələ öz həllini BVF çərçivəsində 1976-cı ildə Yamaykanın Kinqston şəhərində 20 ölkənin hökumət nümayəndələrinin iştirakı ilə keçirilən konfransda tapdı. Dünya valyuta sisteminin inkişafının müasir dövrü məhz Yamayka konfransı ilə başlandı. Konfransda dünya valyuta sisteminin islahat yolu ilə dəyişdirilməsi barədə razılıq əldə edildi. Konfrans iştirakçıları Yamayka sazişini qəbul etdilər və bu sazişi hüquqi cəhətdən BVF-nin nizamnaməsinə “əlavə” kimi sənədləşdirilməklə,1978- ci ilin yanvar ayından qüvvəyə mindirildi. Həmin vaxtdan Yamayka valyuta sistemi adını almış sistemin prinsipləri fəaliyyətə başladı.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Arxivlənmiş surət". 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-18.
  2. "Arxivlənmiş surət". 2018-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-18.