Düylün hamamı

Düylün hamamıOrdubad rayonunun Düylün kəndində memarlıq abidəsi.

Abidə yarım dağılmış vəziyyətdədir. Planlaşdırma quruluşuna görə orta əsr hamamlarının təkrarıdır. Hamam girişdə böyük vestübüldən ibarətdir. Dar keçidlə hamamın soyunma zalına girilir. Hamamın mərkəzi soyunma zalı kəsik küncləri olan kvadrat formaya (4,5x4,5m) malikdir. Mərkəzi salon səkkizbucaqlı formadadır. Zalın divarları boyunca 3 ədəd dərin (1,5x2m, 1,5x1,5m) taxçalar yerləşdirilib. Taxçaların üstü çatmatağ formasında, zalın tavanı isə dairəvi günbəzlə örtülüb. Soyunma zalı ilə yuyunma zalını düzbucaqlı formalı vestübül birləşdirir. Yuyunma zalı düzbucaqlı quruluşda olub dərin taxçalara ayrılır.

Hamamın xəzinəsi cənub tərəfdə yerləşir. Yuyunma otağı və ona birləşən otaqların altından isti hava verən kanallar gedirmiş. Hamama su saxsı boru vasitəsilə verilirmiş. Kanallardan biri xəzinəyə digəri isə yuyunma zalı və otaqların divarlarında yerləşdirilmiş borular vasitəsilə axaraq kiçik hovuzlara tökülürmüş. Hamamı qızdırmaq üçün samandan istifadə edirmişlər. Sal daşdan və çay daşından inşa olunmuş hamamı XVIII əsrə aid etmək olar.

  • "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 87.