Düylün qalası - Naxçıvanın Düylün kəndindən cənub qərbdə, hündür dağın üzərində arxeoloji abidə.
Qalanın yerləşdiyi ərazi cənub və qərb tərəfdən sıldırım qayalıqlarla əhatə olunmuşdur. Ərazinin digır hissələri təbii müdafiəyə malik olmadığı üçün daşdan inşa edilmiş divarlarla möhkəmləndirilmişdir. Qalanın şərq tərəfinə çəkilən divar iri daşlardan hörülmüş və rizalitlərlə möhkəmləndirilmişdir.
Qalanın şimal hissəsi paralel çəkilmiş divarlarla möhkəmləndirilmişdir. Divarların arası kəsilərək mənzil kimi istifadə edilmişdir.
Ümumi sahəsi 2100 kvadrat metr olan qala kiçik həcmlidir. Ehtimal ki, mühafizə məntəqəsi kimi istifadə edilmişdir. Qala divarları bəzi qismlərdə 4m hündürlükdə qalmaqdadır. Qalanın mərkəzi hissəsində nekropol vardır. Ehtimal ki, müdafiə zamanı həlak olanlar burada dəfn olunmuşlar. Düylün qalasından aşkar olunan keramika məmulatı erkən və inkişaf etmiş orta əsrlər dövrünə aiddir.