Düzənlik (coğrafiya)

Düzənlik — yüksəklik fərqi çox az olan geniş sahə.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Düzənliklərin ayrı-ayrı hissələrini yüksəklik fərqi bəzən 100–200 metrə çatır. Lakin bu fərq tədricən və çox geniş sahədə dəyişdiyindən hiss olunmur. Məsələn, dünyanın ən geniş düzənliklərindən biri olan Qərbi Sibir düzənliyinin sahəsi 2mln.km²-ə yaxındır. Şimalda Karsk dənizi sahələrindən başlayaraq cənubda Altay dağlıq ölkəsinin ətəklərinə qədər 1500 km məsafədə uzanmış düzənlik cəmisi 150–170 m-ə qədər qalxır. Düzənliklər tam üfiqi vəziyyətdə olmayıb, hər hansı bir tərəfə meyil edir. Düzənlik çayları bu meyillikdən istifadə edərək axır. Dağlıq ölkələrdə denudasiya prosesləri hakim rol oynadığı kimi, düzənliklərdə də akkumulyasiya prosesləri hakimdir. Düzənliklər bir tərəfdən dağlara söykəndikdə akkumulyasiya prosesləri daha sürətlə gedir. Bununla yanaşı olaraq düzənliklərdə zəif də olsa denudasiya prosesləri də gedir. Denudasiya prosesləri zəif olduğundan aşınmış material əmələ gəldiyi sahədən kənara çıxa bilmir və qalın aşınma qabığı əmələ gətirərək ana süxurların üzərinə örtür. Buna görə də ana süxurların litoloji tərkibi və yatım xüsusiyyətləri dağlıq ölkələrdən fərqli olaraq ərazinin morfoloji quruluşunun formalaşmasında heç bir rol oynamır. Düzənliklərin morfoloji xüsusiyyətlərinə görə A. Penkin (1894) fikrinə müvafiq olaraq üç növə ayırmaq olar.

Zəif meyilliyə və yeknəsəq səthə malik olan düzənliklər

[redaktə | mənbəni redaktə et]

Bu cür düzənliklərin meyilliyi, adətən 0,4°-yə yaxın olur. Meyillik 10° dərəcə və daha çox olarsa, belə düzənliklər maylli düzənliklər adlanır. əksər düzənliklər materiklərin ucqarlarında yerləşib, o biri tərəfdən daha yüksək və qədim quruya dirənərsə, onlara sahil düzənlikləri deyilir. Sahil düzənlikləri, adətən cavan olub, sualtı şelf düzənliklərinin tektonik qalxma nəticəsində dəniz altından çıxması yolu ilə əmələ gəlir.

Batıq düzənliklər

[redaktə | mənbəni redaktə et]

Bu növ düzənliklərin meyli kənarlardan mərkəzə doğru olur. Düzənliklərin mərkəz hissəsində göl yerləşir. Belə düzənliklər, adətən quru səhra və yarım səhra iqliminə malik olur və axarsız olur. Kənar dağlardan və nisbətən hündür sahələrdən axıb gələn sular göllərdə toplanır və buxarlanır. Buxarlanma çox olduğundan göllərin suyu şor və acıdır. Belə düzənliklərə mərkəzində Aral dənizi və Lobnor gölü yerləşən. Turan və Tarim düzənlikləri misal göstərmək olar.

Dalğalı düzənliklər

[redaktə | mənbəni redaktə et]

Bu düzənliklər səth meylini gah bir tərəfə gah da o biri tərəfə olması ilə səciyyələnir. Bunun nəticəsində əmələ gəlmiş çökəklər su ilə dolur, çox vaxt bir-biri ilə birləşən göllər və bataqlıqlar əmələ gətirir. Bu növ düzənliklərə başlıca olaraq dördüncü dövrdə materik buzlaşmasına məruz qalmış sahələrdə təsadüf edilir (Şimali Kanada düzənliyi, Şərqi Avropa düzənliyinin şimalı və s.). dalğalı düzənliklər materik buzlaşması olmayan sahələrdə də müşahidə edilir. Bu sahələrdə dalğalı düzənliklərin əmələ gəlməsi düzənlik bünövrəsinin tektonik quruluşu ilə əlaqədardır. Düzənliklərin alçaq sahələrinə nisbətən qalxmış hissəsinə bəzən yayla deyilir. Ustyurt, Qaraqum depressiyasına nisbətən yüksəkdə yerləşdiyi üçün yayla adlanır. Qeyd etmək lazımdır ki, depressiya əksər hallarda tektonik cəhətdən qapalı çökəklərdən ibarət olur, dəniz səviyyəsindən aşağıda yerləşir (Orta Asiyada Sarıqamış çökəkliyi, Böyük səhranın Əlcəzayir hissəsindəki Şottlar və s.)

Düzənlik və yaylaların genetik növləri. düzənliklər xarici görnüşü cəhətdən eyni olsalarda, genetik cəhətdən müxtəlif olur. Düzənlikləri genezisinə (mənşəyinə) görə İ. S. Şukin aşağıdakı növlərə ayırır.

İlkin düzənliklər

[redaktə | mənbəni redaktə et]

Bu cür düzənliklər epeyrogenik hərəkətlər nəticəsində keçmişdə dəziz dibi olan sahələrin qalxması nəticəsində əmələ gəlir. Düzənliyinin səthini adətən, üfüqi vəziyyətdə yatan dəniz çöküntüləri örtür. Bu çöküntlər altında yatmış daha qədim süxurlar isə qırışmış və metamorfizləşmiş olur. Tektonik cəhətdən bu düzənliklər platmorfalardan və stabil şelflərdən ibarətdir. Ona görə də onlar dəniz səviyyəsindən çox da yüksəyə qalxmır. Bu düzənliklər həmin platformalar əmələ gələn dövrdən başlayaraq keçirdiyi inkişaf tarixində gah dayaz epikontenental dənizlərlə örtülmüş gah da yüksək olmayan quruya çevrilmişdir.

Allüvial düzənliklər

[redaktə | mənbəni redaktə et]

Bu növ düzənliklər çayların akkumulyativ fəaliyyəti nəticəsində əmələ gəlir və səthləri yaylanmış çay (allüvial çöküntüləri ilə örtülür). Çayların tektonik çökəklikləri kəsib keçdikləri yerdə və deltalarda allüvial çöküntülər çox qalın olur. Bəzi sahələrdə isə allüvial çöküntülər nazik qabıq şəklində çayların yan eroziyası nəticəsində hamarlanmış ana süxurların üstünü örtür. Allüvial delta düzənlikləri böyük çaylar boyugeniş sahələri tutur. İ. S. Şukin görə əsas delta düzənliklərin sahəsi Qoanq-Xo (böyük Çin düzənliyi) – 445000 km, Qanqa və Brahmaputra – 82000 km², Nil 22000 km², Volqa – 16691 km², Amu-Dərya — 11378 km², Terek – 7965 km². Tektonik çökəkliklər sahəsində əmələ gələn allüvial düzənliklərdən əlavə, çayların orta və yuxarı hissələrindən başqa və yuxarı hissələrində başqa mənşəlli düzənliklər əmələ gəlir. Buna misal olaraq çay dərələri boyunca bir zolaq kimi uzanan subasar və allüvial terras düzənliklərini göstərmək olar. Bu cür düzənliklər bəzən çox geniş olur, 10 kilometrlərlə enə malikdir. Məsələn Dineprin sol sahilində Kiyev ilə Priluki arasında III terrasın eni 100 km-ə çatır.

Flyuvioqlyasial düzənliklər

[redaktə | mənbəni redaktə et]

Bu düzənliklər buzlaqların əriməsi nəticəsində yaranan axar suların akkumuliyativ fəaliyyəti nəticəsində əmələ gəlib. Morfoloji və nisbətən genetik cəhətdən bu düzənliklər iki növ olur.

  • a)1-ci növ flyuvioqlyasial düzənliklər dördüncü dövrdə materik buzlaqların kənarlarında əmələ gəlmişdir. Buzlaqların əriməsi nəticəsində əmələ gələn yatağını, axan istiqamətini tez-tez dəyişdirən flyuvioqlyasial azınlar, buzlaqların əmələ gətirdiyi və qaydasız olaraq çökdürdüyü moren materialını yuyub buzlaqlar ətrafında kı sahələrdə çeşidləyərək çökdürmüşdür. Bu çöküntülər ilkin relyefin çala-çüxurlarını və çay dərələrini dolduraraq flyuvioqlyasial düzənlikləri əmələ gətirmişdir. Buzlaq geri çəkildikdən sonra bu düzənliklər çayların vasitəsilə parçalanmışdır.
  • b)flyuvioqlyasial düzənliklər dördüncü dövrdə dağ dərə buzlaşmasına məruz qalan Alp, Qafqaz və s. dağların ətəklərində də müşahidə olunur. Buzlaqların əriməsi nəticəsində suyu bol olan dağ çayları dağlardan gətirdikləri çoxlu materialları dağ ətəyi düzənliyə çıxdıqları yerdə çökdürərək, gətirmək konusları yaradır. əksər hallarda bu konuslar birləşərək, vahid mailli düzənliklər əmələ gətirir. Bu cür flyuvioqlyasial düzənliklərə Alp dağlarının şimal ətəklərində yerləşmiş myunxen düzənliyini, Qafqaz dağlarının şimalında isə Kuban, Kabardin, Osetiya, Çeçen və s düzənliklərini göstərmək olar. Azərbaycanda Qusar və Naftalan maili düzənlikləri flyuvioqlyasial düzənlikləridir. Bəzən dağlarda buzlaşma vulkan püskürməsi ilə eyni vaxta düşür. Belə olduqda çaylar flyuvioqlyasial çöküntülərlə birlikdə püskürmə materialı da (vulkan külü, vulkan brekciası) gətirir və onları dağlardan çıxdıqları yerdə çökdürərək düzənliklər əmələ gətirir. Azərbaycan da həkəri və Bergüşət (bazar çay) çaylarının aşağılarda yerləşən yazı düzənliyi buna misal ola bilər.

Göl düzənlikləri

[redaktə | mənbəni redaktə et]

Bu növ düzənliklər keçmiş göllərin yerində əmələ gəlir. Göllərin yox olmasına və onlarının dibinin düzənliyə çevrilməsinə, gölün qabağını kəsən təbii bəndlərin göldən axan çayın eroziya fəaliyyəti nəticəsində uçub dağılması, yeraltı karst formaları vasitəsilə göl suyunun tamamilə axıb getməsi, göl çuxurlarının, çayların gətirdiyi allüvial çöküntülərlə dolması və s. səbəb ola bilər. Göl düzənliklərinin səthini əmələ gətirən çöküntülər özlərinin yaxşı laylanması ilə fərqlənir. Bu çöküntülədə üzvi maddələrlə çox zəngin olan torf və sapropel lil təbəqələrinə təsadüf edilir. Başqa növ düzənliklərə nisbətən göl düzənlikləri az sahəni tutur. Bu cür düzənliklər Şimali Amerikadakı buzlaq gölü olan Aqassis gölünün düzənliyini (285 min km²), misal göstərmək olar.

Qalıq düzənliklər

[redaktə | mənbəni redaktə et]

Tektonik qalxma hərəkətlərini tədricən zəiflədiyi və sükut etdiyi şəraitdə uzun geoloji dövür müddətində davam edən denudasiya proseseləri yüksək dağlıq ölkələri tədricən dağıdıb uçurur, onların səthini hamarlaşdırır və ümumi eroziya bazisi səviyyəsinə qədər alçaldaraq geniş dalğavari düzənliklərə çevirir. V. M Devis bu cür qalıq düzənlikləri peneplen adlandırmağı təklif etmişdir. Təbiətdə qalıq düzənliklər əksər hallarda öz ilk hibsometrik vəziyyətində müşahidə edilmir. Onlar adətən sonrakı tektonik hərəkətlər nəticəsində çox yüksəkliyə qalxır. Peneplenin dislukasiyaya uğramış özulu yeni, orogenik hərəkətlərin doğurduğu deformasiya proseslərinə davam gətirə bilməyib iri, regional pozuluşma xətləri boyunca qırılır və ayrı-ayrı bloklar üzrə müxtəlif səviyyələrə qalxır. Nəticədə üzərində qədim peneplərin izi olan qayma və qayma-qırışıq dağlar əmələ gəlir (Tyan-şan dağları, Amerikada Appalac dağlarının şərq ətəklərində Amerikalıların pidmont adlandırdığı düzənlik yerləşmişdir. Bu düzənlik Appalac qırışıq dağlarının ən qədim hisəsinin yerində əmələ gəlmişdir. Qərbdə Appalac dağlarına keçid hissədə düzənliyin ümumi fonunda təpəliklərə təsadüf edilir. Tədricən şərqə doğru meyil edən pidmont, morfoloji olaraq yaxşı gözə çarpan pillə vasitəsilə kövrək çöküntülərdən təşkil olunmuş cavan sahil düzənliyinə keçir. Bu pillədən keçəndə çaylar şəlalər əmələ gətirir. Ona görə də bu pillə "Şəlalələr xətti" adlanır. Amerika alimləri pidmontu peneplen hesab edirlər, onun çay eroziyası və normal denudasiya prosesləri nəticəsində əmələ gəldiyini söyləyirlər. Peneplenin səthi süxurların textonik qurluşu ilə hesablaşmayaraq, müxtəlif bucaqlar altında yatmış layları üfüqü müstəvi üzrə kəsir. Lakin denudasiyaya davamlı süxurlar düzənliyinin ümumi fonunda şahid təpəciklər, nisbətən kövrək süxurlar isə düzən sahələri və yastı dayaz çuxurları əmələ gətirir. Ona görə də peneplenin səthi bir qədər dalğavari olur. Bu cür düzənliklər Afrikada geniş yayılmışdır.

Abrazion düzənliklər

[redaktə | mənbəni redaktə et]

XIX əsrin sonunadək relyefin formalaşmasında və xüsusən düzənliklərin əmələ gəlməsində dəniz və göl abraziyasına böyük yer verilirdi. V. M. Devisin kontinental denudasiya və eroziya siklləri haqqında təlimi meydana çıxdıqdan sonra, düzənliklərin əmələ gəlməsində dəniz abraziyasına üstünlük qazandıran fikirlərin həqiqqətə uyğun olmadığı məlum oldu. Məsələ burasındadır ki, quru və dənizlərin yerləşməsi, eləcə də dünya okeanı səviyyəsinin nisbətən stabil olduğu bir şəraitdə abraziya prosesləri yalnız dar bir zolaqda inkişaf edə bilər. Abrazion sahənin genişlənməsi üçün quru çökməli və tədricən dənizlə örtülməlidir. Belə olduqda abraziya nəticəsində hamarlanmış sahələr dəniz çöküntüləri ilə örtülür. əgər ərazi yenidən qalxaraq, onun üzərini örtmüş dəniz çöküntüləri tamamilə yuyulub aparılarsa və düzənliyin abraziya səthi çılpaqlanarsa, ona abrazion düzənlik demək olar.

Düzənliklərin relyefi

[redaktə | mənbəni redaktə et]

Düzənliklərdə yüksəklik fərqi az olsa da özünəməxsus relyef formaları vardır. Bunlar mezo və mikrorelyef formaları olmaqla düzənliklərin geomorfoloji landşaftının formalaşmasında çox mühüm rol oynayır. Mezorelyef formalarından bir qrupu düzənliklərin formalaşması ilə eyni vaxtda əmələ gəlmişdir. Bunlar qədim çay yataqlarından, yataqyanı vallardan, gətirmə konuslarından və.s ibarətdir. Başqa mezorelyef formaları isə düzənliyin əmələ gəlməsi ilə əlaqədar olmayıb, sonradan ekzogen amillərin düzənliyin səthinə təsiri nəticəsində yaranır. Düzənliyin textonik qalxması bu formaların əmələ gəlməsini xeyli surətləndirə bilər. Bu cür relyef formalarından ən başlıcası eroziyon relyef formalarıdır. Ətraflarda-dağlar və yüksəkliklər olmayan düzənliklərdə yağıntılar az olduğundan eroziyon relyef formaları zəif inkişaf edir (Xəzər sahili ovalığı, Turan düzənliyi və s.). Adətən düzənliklərin meyli az olur. Bu halda axın çətinləşir, ərazi bataqlıqlaşmağa başlayır, tez-tez göllərə təsadüf edilir. Belə düzənliklərə Qərbi Sibir düzənliyi misal ola bilər. Bu cür düzənliklərdə çaylar çox sakit axır. Düzənliklərdə çay şəbəkəsinin və eroziyon relyef formasının sıxlığı yağıntıların miqdarından, çöküntülərin su keçirmə xüsusiyyətlərindən və bitki örtüyündən aslıdır. Dərinlik eroziyasının inkişafı düzənliyin eroziya bazisinin yüksəkliyindən aslıdır. Düzənlik ümumi eroziya bazisindən nə qədər yüksəkdə yerləşmiş olarsa, bir o qədər də parçalanmış olur. Dənizlərə axarı olmayan və özünün xüsusi eroziya bazisi olan düzənliklər üçün dərinlik eroziyasının sürətini müəyyənlişdirən yerli eroziya bazisi olur. dərinlik eroziyasl zəif olarsa, sular ana süxurlara çatmayıb, yalnız düzənliyin səthini örtən kövrək çöküntüləri parçalayır. Ona görə də yamaclar maili relyefi isə tamamilə rəvan olur. Tektonik qalxmaqda olan düzənliklər üçün ən xarakterik eroziyon relyef formalarından biri də yarğanlardır. Dördüncü dövrdə materik buzlaşmasına məruz qalmış düzənliklər üçün relyef formaları, arid iqlimi olan düzənliklər üçün isə eol relyef formaları xarakterikdir. Landşaftın yaranmasında və onlardan xalq təsərüfatında istifadə edilməsində mikrorelyef formaları böyük rol oynayır. Bu mikrorelyef formaları istilik çox olduqda və yağıntıların az düşdüyü zaman özünü xüsusilə göstərir. Məsələn, yağıntıların az olduğu sahələrdə gözə çətinliklə çarpan çökəkliklərdə xüsusi rütubətlənmə rejimi yaranır. Torpaq və bitki örtüyü ətraf sahələrdən kəskin fərqlənir. Düzənliklərdə yerləşən alçaq tirələrin və təpələrin yamacları səmtdən aslı olaraq özünə məxsus torpaq və bitki örtüyünə malikdir. Bu yamaclarda eroziya prosesləri özünü tamamilə müxtəlif formada və sürətdə göstərir.