Dırqoyu

Dırqoyu — iki hissəli yallı havası.

Dırqoyu "qırqovul" sözünün təhrif olunmuş formasıdır. Burada qanadı qırılmış quşun obrazı əks olunduğundan rəqs süjetli yallılardan sayılır. İkinci adı "qaleyi" olan bu yallıya "siyaqutu" da deyirlər. Lakin "siyaqutu" rəqsin 2-ci hissəsinin adıdır. Bu hissə Şərurda ayrıca bir yallı kimi də (bir hissəli) ifa edilir. Yallının melodik dili də bu baxımdan fərqlidir. Belə ki, rəqsin 1-ci hissəsi "bayatı-qacar" muğamında, 2-ci hissəsi isə "şur" muğamında səslənir.

Rəqsin süjet xəttinə əsasən, quş qanadı sındığından uça bilmir, lakin buna baxmayaraq tez-tez onu qaldıraraq hərəkətə gətirmək istəyir. Quşun uçmaq istəyi, yaşamaq həvəsi rəqsin xoreoqrafik quruluşunda çox dolğun şəkildə öz əksini tapmışdır. "Dırqoyu"nun musiqi məzmunu, tempi, xüsusilə də ritmi rəqsin süjetini o qədər düzgün açıqlayır ki, yallını izləyən hər kəs istər-istəməz təsirlənərək quşun bu əlacsız vəziyyətinə acıyır. Rəqs həm kollektiv şəkildə "yallı" kimi, həm də "solo" ifadə süjetli oyun-tamaşa formasında ifa edilir.

Tanınmış Azərbaycan rəqqasəsi Əminə Dilbazi bu rəqsdəki bəzi hərəkətləri sonradan "Turacı" rəqsində də istifadə etmişdir.