Dədə Qorqud jurnalı — “Index Copernicus” sisteminə daxil olan[1] elmi-ədəbi toplusu
Dədə Qorqud | |
---|---|
Ümumi tiraj | 1000 |
Təsisçi | AMEA Folklor İnstitutu |
Təsis tarixi | 2001 |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan |
ISSN | 2309-7949. |
“Dədə Qorqud” jurnalı Azərbaycan, rus, ingilis və türk dillərində akademik səviyyədə araşdırılan və elmi heyət tərəfindən müsbət qiymətləndirilən orijinal məqalələrin nəşrini həyata keçirir. Jurnalda folklor nəzəriyyəsi, folklorun janr sistemi və poetikası, folklor və yazılı ədəbiyyat, dünya xalqlarının folkloru, Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi məsələləri yer alır.
“Dədə Qorqud” elmi-ədəbi jurnalında “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar”, “Folklorşünaslıq: problemlər, tədqiqlər”, “Azərbaycan folklorundan yeni nümunələr”, “Qardaş türk folklorundan örnəklər”, eləcə də “Folklorşünas təqvimi”, “Folklor həyatından”, “Rəylər” və “Yeni nəşrlər” kimi başlıqlar altında məqalələr dərc olunur. 2001-ci ilin aprel ayından ildə dörd buraxılışı nəşr edilən jurnalın bu günə kimi 83 sayı işıq üzü görüb.
Son illər ölkəmizin hüdudlarından kənarda Avropada və Orta Asiyada da jurnal böyük marağa səbəb olub. Belə ki, “Dədə Qorqud” jurnalında Orta Asiya respublikaları, eləcə də İran, Rusiya, Türkiyə, Estoniya və s. ölkələrdən də məqalələr əksini tapıb. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan elmi nəşrlər sırasındadır.
“Index Copernicus” sisteminə daxil olan “Dədə Qorqud” elmi-ədəbi toplusunda məqalələr 2023-cü ildən həm də DOI indeksi ilə dərc edilir.[2]
AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” jurnalının baş redaktoru filologiya elmləri doktoru, professor Ramazan Qafarlıdır.[3]