Dər yaşayış yeri — Ordubad rayonunun Azadkənd kəndi yaxınlığında orta əsrlərə aid yaşayış yeri.
1968-ci ildə qeydə alınmışdır. Geniş bir ərazini əhatə edən yaşayış yeri güclü dağıntıya məruz qalmışdır. Burada rast gəlinən yanmış tikinti, xüsusilə kərpic qalıqları vaxtilə binaların olduğunu göstərir. Yerüstü materiallar çəhrayı rəngli sadə və şirli qab qırıqlarından ibarətdir. Mədəni təbəqə saxsı qab qırıqlarından,kərpic qarışıq gil laylarından ibarətdir. Çiy kərpicdən, daş qarışıq torpaqla hörülmüş tikinti qalıqları saxlanmışdır. Tapıntıların əksəriyyəti şirli və şirsiz qab (küpə, kasa, nimçə, badya, qapaq və s.) qırıqlarından ibarətdir. Ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü daş qoç heykəllər olmuşdur. Abidə 16-18-ci əsrlərə aid edilir.