Dəyirmantəpə — Xaçmaz rayonu ərazisində qədim yaşayış yeri. Orta əsrlərə aid yaşayış yeri rayonunun Maşıoba və Çuxuroba kəndləri arasında yerləşir. Maşıoba kəndindən 500 m qərbdə yerləşən tarixi abidə[1].
Dəyirmantəpə yaşayış yeri bir-birindən 30-40 m aralı iki təpə üstündədir. Bəzən elmi ədəbiyyatda Xırmantəpə də adlandırılır. Dəyirmantəpədə arxeoloji qazıntı işləri aparılmamışdır. Orta əsrlərə aid şirli və şirsiz gil qab, kömür qırıqları, kül və heyvan sümükləri tapılıb.
I Dəyirmantəpə nisbətən kiçikdir və V-VIII əsrlərə aid edilir.
II Dəyirmantəpə ətrafında müdafiə məqsədli xəndək var və IX-XIV əsrlərə aid edilir.
Dəyirmantəpə yaşayış yerində XIV əsrdən həyat söndükdən sonra əhali əsasən Xaçmaz yaşayış yerində məskən salmağa başlayır. Bu da öz növbəsində bu yaşayış yerinin inkişafına, ərazisinin böyüməsinə və nəticədə XV əsrdə yaşayış yerinin şəhərə çevrilməsinə səbəb olmuşdur[2].