Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) — 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir[1].
Orta illik temperaturu 5,7–6,1°C, illik yağıntıların miqdarı isə 700–1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000–2500 °C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir.
Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70–80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40–60 s\ha arasında tərəddüd edir.
Humusun üst qatda miqdarı orta hesabla 9–10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır. Humusun tərkibinə gəldikdə isə fulvo turşuların miqdarı humin turşularının miqdarından yüksəkdir. Udma tutumunun cəmi üst qatlarda 100 qr torpaqda 36–40 m.ekv təşkil edir ki, bu da qaramtıl dağ-çəmən torpaqlarında olduğundan bir qədər aşağıdır. Mexaniki tərkibcə orta və ağır gillicəlidir.