Dağlar Günü

Dağlar Günü — beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırmaq məqsədi ilə keçirilən tədbir.

BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır.

BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq "Dağlar Günü" kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır.

"Dağlar Günü" hər il bir başlıq altında qeyd olunur. 2007-2008-ci illərdə keçirilən dağlar günü dağlarda iqlim dəyişikliyinə və ərzaq təhlükəsizliyinə həsr olunmuşdur.

2009-cu il dekabrın 11-i "Dağlar fəlakət təhlükəsinin idarəedilməsi" adlandırılmışdır. Dağlarda kənd təsərrüfatı üçün yararlı otlaqların mövcudluğu və təbii fəlakət təhlükələrinin olması burada insan fəaliyyətinin tənzimlənməsini tələb edir. Təbii ki, bunu həyata keçirmək üçün milli səviyyədə müvafiq inkişaf strategiyası hazırlanmalıdır və ona əsasən mərhələlər üzrə tədbirlər planı tərtib olunmalıdır.