Dalton qanunları

Dalton qanunları — qazların xassələrinə aid fiziki qanunauyğunluqları təsvir edən üç qanun.

Con Daltonun 1801,18021803-cü illərdə kəşf etdiyi bu qanunlar onun fiziki atomistikasının mahiyyətini təşkil etmiş və Daltonun kimyəvi atomistikasının əsası olmuşdur. Dalton qanunlarının müasir ifadələri xronoloji ardıcılıqla verilmişdir. Parsial təzyiqlər qanunu:qaz qarışıqlarının təzyiqi onların parsial təzyiqlərinin cəminə bərabərdir(qarışığı təşkil edən hər bir qazın ayrılıqda qarışığın həcmini tutduğu zaman göstərdiyi təzyiqə parsial təzyiq deyilir). Qızdırılma zamanı qazların bərabər (müntəzəm) genişlənmə qanunu: sabit təzyiqdə bütün qazlar temperaturun yüksəlməsi ilə eyni dərəcədə genişlənir. Qazların mayelər tərəfindən udulması qanunu: verilən mayedə sabit temperaturda qaz qarışığı komponentinin həll olunması onun parsial təzyiqi ilə mütənasibdir və qarışığın təzyiqindən və başqa komponentlərin təbiətindən asılı deyil;bu qanun Henri qanununa mühüm əlavədir. Dalton qanunları real qazların xassələrinin ideal xassələrinə yaxın olduğu və qazın həll olunmasının zəif olduğu şəraitdə ödənir.

  • "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Azərbaycan Milli Ensiklopediyası. Bakı. 2015. səh. 269. ISBN 978-9952-441-11-6.