Datszu mağaraları

Datszu mağaraları

Datszu mağaralarıÇinin Siçuan əyalətindəÇuntsin şəhərində VII–X əsrlərə aid heykəlli mağaralar. Mühafizə olunan 75 hissədən ibarət kompleks.

Haqqında[redaktə | mənbəni redaktə et]

Datszu mağaraları yerli və dünya incəsənəti tarixində xüsusi yer tutur. Qədimdə burada iqtisadi və mədəni cəhətdən inkişaf etmiş rayon yerləşirdi, digər yerlərdən qabaq burada daosizm və buddizm meydana gəlmişdir. Buna görə də daşda oyma sənəti bu rayonda qədim tarixə malikdir, mağaralarda daş təsvirlərə burada hər yerdə rast gəlmək olar, 50 qəzada 200-dən artıq mağara qorunub saxlanmışdır.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Onların tikintisi Cənub və Şimal sülalələri dövründə başlanmış (420-589-cu illərdə), Min və Tsin sülalələrinə qədər davam etmişdir (1368-1911-ci illər), Tan sülaləsi dövründə isə (618-1279-cu illər) mağaraların yaradılması daha sürətli aparılmışdır. Bu gün onlar Qansudakı "Moqao", Xenandakı "Lunmen" və Şansidəki "Yunqan" mağaraları ilə eyni dərəcədə məşhurdurlar. SıçuanÇuntsindəki mağara heykəl kompozisiyaları arasında "Datszu" yeraltı zalları ən böyük ölçüsü, dolğunluğu və yüksək bədiiliyi ilə seçilir. Onları "incəsənət xəzinəsi", "daşda oyma diyarı" adlandırırlar. "Datszu" mağaraları Datszu qəzasında yerləşir, bu Çuntsindən cəmi 165 km uzaqdadır. Burada Tan sülaləsinin son dövründən (IX əsr) Sun sülaləsinin sonuna qədər (XIII əsr) yaradılmış 50 min təsvir vardır. 40-dan çox zal müəyyən edilmişdir ki, onların arasında Beyşan ən tipik və yüksək bədii sənət abidəsi hesab edilir. Qədimdə "Lunqanşan" adlanan Beyşan dağı qəza şəhərinin iki kilometrliyində yerləşir. Tan sülaləsinin sonunda (IX-X əsrlər) Sıçuanda Vey Tszyuntsin hökmranlıq edirdi, burada isə onun qoşunlarını yerləşdirmək və taxıl saxlamaq üçün Yunçançjay kəndi yerləşirdi. 892-ci ildə Ven Tszyuntsin Beyşan dağında Budda fiqurları tökdürməyə başladı. Onun ardınca yerli məmurlar, əyanlar, monarxlar da həkkaklara öz hesablarına Budda heykəlləri sifariş verməyə başladılar. Bu təcrübə düz Cənubi Sun dövrünə qədər davam etmişdir. Hazırda bu əsərlərin artıq min yaşı var. 250 il ərzində dağın ətrafında Buddanın on min təsviri əmələ gəlmişdir. Dövrlərindən asılı olaraq onların stili də müxtəlifdir. Beyşan dağında daha bütöv saxlanılan 136 №-li mağaradır. O – Sun sülaləsinin tipik nümunəsidir. Mağarada bodisatvaların heykəlləri vardır: Quanin çox mərhəmətli görünür, o, "Yunqan"dakı heykələ oxşamır, orada o, daha ciddi və sirrlidir. Bodaistva Mancuşrinin şirin belində və Samantabxadranın ağ filin üstündə heykəlləri mütəxəssislərin və turistlərin daha çox diqqətini cəlb edir. Buddist müqəddəslərinin xeyirxah surətləri ilə vəhşi heyvanlar arasında böyük kontrast diqqəti çəkir, lakin incəsənət nöqteyinəzərindən bu kompozisiyalar olduqca harmonikdir. Onlar obrazlı surətdə çatdırırlar ki, xeyir mütləq şər üzərində qələbə çalır. Burada ən qiymətli abidələr Quaninin heykəlləri sayılır. Əvvəlki dövrlərdə Çində Quaninin obrazını məğrur və ciddi kişi təcəssüm etdirirdi. Tan sülaləsinin axır dövrlərindən isə o, gözəl qadın fiquruna çevrilmişdir. Beyşan dağında ən məşhur heykəl "Bodisatva Quanin təsbeh ilə" hesab edilir, başqa adı – "nazlı Quanin"dir. Heykəlin hündürlüyü təqribən 100 santimetrdir. O, lotosda ayaqyalın dayanıb, sağ çiyni ilə daş divara söykənib. Sifəti dəyirmi, yaraşıqlı, utancaq təbəssümlüdür, əlləri qarnında çarpazlaşmışdır. Sağ əlində təsbeh vardır. İlahə çox gözəl bəzəklərlədir. Başında güllərdən bəzək vardır, bədəninin yuxarı hissəsi azacıq çılpaqdır, sinəsində saçaq, əynində uzun yubka, dirsəklərində havada yellənən uzun lentlər vardır. Qaməti qız əndamı kimi şux və gözəldir. Hədər yerə əcnəbi turistlər onu "şərqin Venerası" adlandırmırlar. Mağarada Sun sülaləsindən qalma "Ditszan Buddasının şəklini dəyişmiş obrazları" vardır, insan boyundan acazıq artıq dörd heykəl də saxlanmışdır. Bu fiqurlar dəqiq və çox düzgün yonulmuşdur. O saat bəlli olur ki, heykəltəraşlar öz işlərinin mahir ustaları olublar. Baodinşan dağı qəza şəhəri Datszudan 15 killometr şimal-qərbdə yerləşir. Sun sülaləsinin tanınmış monaxı Çjao Çjifenin nəzarəti altında Budda heykəltəraşları burada 70 ildən artıq işləmişdilər. Bu gün bu mağaraların 800 ildən çox yaşı var. Baodinşan dağında Buddanın 10 min heykəli var, bütün kompozisiya 500 metr uzanır. Mağaralar və qayalarda bir-birinin ardınca iri həcmli heykəllər vardır, onlar təmtəraqlı və cazibədar görsənirlər. Onların arasında "Nirvana ŞakyaMuni" ən məşhurudur. Buddizmin banisi Şakya-Muni böyrü üstə uzanıb, heykəlin uzunluğu – 31 m-dir. Bu hələ Buddanın bədəninin yuxarı hissəsidir, qalan hissəsi isə elə bil ki, qayaların arasında gizlənmişdir və bütöv dağı tutur. Bu yolla insanlarda bütün fiqurun nəhəngliyi təsəvvürü yaranır. Şakya-Muninin sifəti sakit və xeyirxahdır, gözləri azacıq yarımaçılıdır. Heykəldə Buddanın nirvanaya dalmadan əvvəlki böyük taleyi hiss olunur. "Şakya-Muninin doğumu", digər adı isə "Doqquz əjdaha taxt-tacın varisini çimizdirir" olan heykəl nadir şah əsərdir. O, incəsənəti elmlə çox gözəl birləşdirir. Qayalardan doqquz əjdaha başı çıxır. Şəffaf mənbə başlanğıcını əsas əjdahanın ağzından götürür, bu da yeni doğulmuş Şakya-Muninin vannasına tökülür. Bütün heykəl olduqca canlı və maraqlıdır. Baodinşan dağında yalnız bir mağarada ayaq üstə durmuş üç Buddanın iri fiquru – "Üç müqəddəs" heykəli vardır. Mərkəzdə — Budda Vayroçana, hər iki tərəfdən isə Mancuşri və Samantabxadra durub. Bu heykəllərin hündürlüyü – 7 m-dir. Kompozisiyaya aydın ifadə olunmuş üçölçülülük xarakterikdir. Budda Samantabxadranın əlində — 500 kq çəkisi olan daş paqoda vardır, o, orada min il qalmışdır. Həkkak daş mexanikasından yaxşı istifadə etmiş — əlin altından yerə sürünən əba həkk etmişdir. "Min əlli Quanin" heykəil isə oymanın zərifliyi ilə seçilir. 88 kvadrat m sahəsi olan qayada Bodisatva Quaninin xüsusi 7,6 metrlik fiquru yonulmuşdur, onun yuxarı, sağa və sola uzanmış 1007 əli vardır, təsvir uzaqdan haradasa tovuzquşunu xatırladır. Hər əlində bu və ya digər buddist əşyası vardır. Baodinşandakı heykəllər arasında sadə camaatın həyat səhnələrini təsvir edən xeyli heykəl vardır. İnsanlar ya, yatır, ya da musiqi alətlərində çalır. Bütün fiqurlar canlıdır. Datszu oyma işi yüksək ustalıq və böyük miqyası ilə tanınmışdır. Hər bir heykəl canlı və cazibədar görünür.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Həbibzadə Elcan. Salam, Çin. Bakı: Azərnəşr, 2007, s. 91–94