Davud Müzəffərli — Ssenari müəllifi. Kino redaktoru.
Davud Müzəffərli 19 dekabr 1974-cü il tarixində Yardımlı rayonunun Ostair kəndində doğulmuşdur. Ostair kənd orta məktəbini bitirmişdir. 1993-cü ilin aprel ayından 1996-cı yanvar ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. Ağdam rayonu uğrunda savaşda iştirak etmişdir, Qarabağ müharibəsi veteranıdır.
1999-cu ildə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 2003-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
2003-cü ilin sentyabr ayından Lider televiziyasında (Lider Media Holding) Sənədli filmlər redaksiyasında redaktor və ssenari müəllifi vəzifəsində yaradıcı fəaliyyətə başlamışdır. 2007-ci ildən "MZ Production" MMC-də ssenari müəllifi kimi çalışmış, "Vətən sağ olsun" adlı hərbi-vətənpərvərlik layihəsinin (İctimai televiziyada yayımlanmışdır) ssenari müəllifi olmuşdur. 2011-ci ildən İnteraz televiziyasında Müəllif verilişləri şöbəsinə rəhbərlik etmişdir. 2012-cü ilin noyabr ayından "Azad Azərbaycan" MTRK-nın (ATV) "Vətənim" Yaradıcılıq Birliyində ssenari müəllifi kimi fəaliyyət göstərmişdir.
Ailəlidir. İki övladı var.
- Davud Müzəffərlinin ssenari müəllifi olduğu "Özgə dünyanın adamı" sənədli filmi (rejissor Emil Babayev) dahi rəssam Səttar Bəhlulzadənin həyat və yaradıcılığının bəzi bölümlərinə işıq salır.
- "Cizgilərə hopan ömür" sənədli filmi (Davud Müzəffərlinin ssenarisi əsasında, rejissor Emil Babayev)isə qrafist-rəssam, Azərbaycanın xalq rəssamı Cəmil Müfidzadənin yaradıcılıq yolundan bəhs edir. Filmdə rəssamın rəng dünyası öz dili ilə açılır, yaratdığı əsərlər barədə məlumat verilir.
- "Şahzadə İbrahim" sənədli filmi (rejissor Emil Babayev) Gəncə İmamzadəsi kimi tanıdığımız şahzadə ibrahimin kimliyinə, onun Azərbaycana gəlməsinə səbəb olan ictimai-siyasi duruma və ölümündən sonra məzarının ziyarətgaha çevrilməsinin səbəblərinə aydınlıq gətirir.
- "Elm məbədi" sənədli filmi (rejissor Akif Arifoğlu) Azərbaycan NQÇİ-nin elmi tədqiqat institutlarından bəhs edir.
- "Dünəni yaşadan sənət" sənədli filmi (rejissor Akif Arifoğlu) Azərbaycan miniatür sənətinin tarixindən, bu sahənin tanınmış simalarından bəhs edir.
- "Yeldən yarananlar" sənədli filmi Azərbaycanda atçılığın tarixindən, atla bağlı olan milli idman növlərindən, eləcə də Azərbaycanda Qarabağ atlarının cinsinin qorunması məqsədilə görülən işlərdən bəhs edir.
- "Yaşıl şəhər" sənədli filmi (rejissor Emil Babayev) Bakı bulvarının tarixinə həsr olunub.
- Şəki bölgəsinin tarixindən, mədəniyyətindən, etnoqrafiyasından, məişətindən bəhs edən 3 hissəli "Gələsən görəsən" sənədli filmində (rejissor Faiq Kərimoğlu) tamaşaçılara bu bölgənin bir çox maraqlı nüanslarını açılır, Şəkinin qədim ənənələri fonunda müasirliyin ortaya çıxardığı təzadlarından, unudulmaqda olan sənət növləri və adət-ənənələrdən danışılır.
- "Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər" tammetrajlı sənədli filmində (rejissor Həbibə Mirzəyeva) Azərbaycanın ilkin orta əsrlər tarixinə nəzər salınır, burada ilkin xristian ocaqlarının yaranması və yayılması araşdırılır. Sönrakı əsrlərdə Alban kilsəsinin maddi-mənəvi irsinin erməni kilsəsi tərəfindən ələ keçirilməsi faktlarla göstərilir.
- Dünəni yaşadan sənət (film, 2004)
- Yeldən yarananlar (film, 2004)
- Aqil Əliyev. Böyük alim, böyük insan (film, 2007)
- Əziz Əliyev (film, 2007)
- Seçilmişlər (film, 2007)
- Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər