Davud Səfiyarov

Davud Səfiyarov - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi.

Davud Səfiyarov 1875-ci ildə Bakı şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atasını erkən itirən Davud anasının himayəsi altında böyümüşdür. Bakıda ağır ehtiyac içərisində yaşayan ailə 1884-cü ildə Şamaxıya köçdü. Burada mədrəsədə oxuyan Davud bir neçə il ərzində türk və fars dillərini mükəmməl öyrəndi. Davud Səfiyarov xanəndə kimi ilk dəfə Şamaxıda Mahmud ağanın məclislərində çıxış etmişdir. 1896-cı ildə Mahmud ağa vəfat etdikdən sonra Davud Bakıya köçdü. Burada Cabbar Qaryağdı oğlu ilə yaxından tanış oldu. 1905-1915-ci illər ərzində Bakıda verilən teatr tamaşalarının fasilələrində və "Şərq konsertləri"ndə Azərbaycan xanəndələri ilə birlikdə Davud Səfiyarov da çıxış etmişdi.

1912-ci ildə Davud Səfiyarov məşhur Azərbaycan müğənniləri - Keçəçi Məhəmməd, Cabbar Qaryağdı oğlu, Məşədi Məmməd Fərzəliyev ilə birlikdə səsini vala yazdırmaq üçün "Sport-Rekord" şirkəti tərəfindən Varşava şəhərinə dəvət edilir. Burada Davud tarzan Qurban Pirimovun və kamançaçı Saşa Oqanezaşvilinin müşayiəti ilə on iki muğam, on təsnif və altı qədim Azərbaycan mahnısını oxuyub qrammafon vallarına yazdırmışdı. O, "Qatar", "Osmanlı", "Mənsuriyyə" muğamlarını, "Səttar xan", "Neçin gecikdin", "Nəbi", "Namidani-cidar" təsniflərini adamı heyrətə gətirən şövqlə oxuyardı. İstedadlı xanəndə Davud Səfiyarov 1917-ci ildə həlak olmuşdur.

  • Firidun Şuşinski. Azərbaycan xalq musiqiçiləri. Bakı,1985.