Dilçilikdə riyazi metodların tətbiqi — Müasir dövrdə riyazi metodların elmin müxtəlif sahələrinə tətbiqi artıq böyük vüsət almışdır. Riyazi metodların dilçilikdə tətbiqi ilk baxışdan təəccüb doğura bilər ki, riyaziyyat ilə dilin nə əlaqəsi ola bilər. Lakin dil sisteminə dərindən yiyələndikdə artıq bu fikrin yanlış olduğu sübut olunur. Xüsusilə, iltisaqi dillərin tətqiqində bu əlaqə özünü açıq-aşkar hiss etdirir. Dilçilik ədəbiyyatından məlumdur ki, riyaziyyatın dilçiliyə tətbiqi XX əsrin 50-ci illərindən başlanmışdır. A. V. Qladkiy "Dilçilikdə və digər humanitar elmlərdə dəqiq və riyazi metodların tətbiqi" adlı məqaləsində[1], qlossematik məktəbin nümayəndələrindən tutmuş müasir dövrdəki alimlərin, o cümlədən, V. A. Kolmoqorov, V. A. Uspenski, A. A. Zaliznyak, J. A. Melçuk, Y. S. Martemyanov, B. V. Suxotinin və s. kimi dilçilər əsərlərində dəqiq və riyazi metodların istifadəsini açıqlamışlar.
Ümumiyyətlə, elmdə obyektiv aləmin dərk edilməsi, onun qanun mexanizminin insan beynində inikası yollarını araşdırmaq üçün xüsusi metod – dərk edilmə metodundan istifadə edilir. Dərk edilmə metoduna şərti olaraq üç meyarla yanaşılır:
J. D. Andryev "Elmi dərkin metodları" adlı əsərində aksiomatik və formalize metodları, modelləşdirmə metodu (bu metodu müəllif riyazi metodlar sırasına daxil etmişdir) haqqında qısa şəkildə məlumat vermişdir. Şərti olaraq bu metodlar müxtəlif elm sahələrində tətbiq olunduğundan (fizika, kimya, biologiya, elektrotexnika, iqtisadiyyat, dilçilik və s.) elmi dərketmənin ümumi metodu hesab olunurlar. Deməli, riyazi metodlara təkcə aksiomatik, formallaşma deyil, riyaziyyatın bütün əsas metodları daxildir. Bu metodların sayı 30-a qədərdir. Bunlardan yalnız dilçilkdə istifadə olunanları verməklə məhdudlaşacağıq. Beləliklə, dilçilikdə geniş tətbiq dairəsi olan aksiomatik, modelləşdirmə, riyazi, məntiq, ehtimal-statistik, nəzəri-kibernetik metodlarından və alqoritmlər, çoxluqlar, avtomatlar nəzəriyyəsindən istifadə olunur. Qeyd etməliyik ki, dilçiliyin bütün səviyyələrində bu metodlardan geniş istifadə olunur.
Məhz bu metodların tətbiqi ilə əlaqədar dilçilikdə yeni bir sahə — riyazi dilçilik yarandı ki, burada əsas məqsəd təbii dillərin strukturunu, anlayışlarını formal baxımdan yanaşma metodu ilə öyrənməkdir. Hələ XX əsrin 50-ci illərində yaranmış praktiki tələblərdən doğan ənənəvi dilçilikdə mövcud olan əsas anlayışların dəqiqləşdirilməsi, mətnlərin avtomatik işlənməsi və emalı, o cümlədən, avtomatik tərcümə kimi məsələləri qarşısında duran riyazi dilçilik yalnız riyazi məntiqə söykənən riyazi metodların tətbiqi ilə həyata keçirilə bilərdi. Riyaziyyatın bir qolu olan bu sahə daim inkişaf edərək dilin müxtəlif səviyyələrinə sirayət etdi. Yeni istiqamətlər: struktur dilçilik, formal qrammatikalar, dilin modelləri, deşifrə məsələləri, törədici qrammatikalar, transformasiya qrammatikaları yarandı. Bundan başqa riyazi dilçiliyə müasir dövrdə semantikanın öyrənilməsində riyazi məntiqin predikat və kvantor kimi anlayışları daxil oldu. Sintaksisə gəlincə isə riyazi metodların köməyi ilə strukturun yeni yönləri meydana çıxdı. Çoxluqlar nəzəriyyəsindən istifadə edərək ənənəvi dilçilikdə mövcud olan qrammatik kateqoriyalar yeni bucaq altında dəqiqləşdirildi. Bu sahədə aparılan tətqiqatlardan Zaliznyakın əsərlərini nümunə göstərmək olar. Burada onun əsrlərinin təfsilatı ilə şərhinə varmırıq, çünki Qladkiy " Humanitar elmlər və linvistikada dəqiq və riyazi metodlar" adlı məqaləsində onun xülasəsini vermişdir.
Riyazi dilçiliyin maraqlı sahələrindən biri olan deşifrə məsələlərində də, xüsusilə, tanınmış rus alimi Suxotinin əsərlərində istifadəsi geniş vüsət almışdır. Bir sözlə, dünya dilçiliyində bu istiqamətlər üzrə külli miqdarda monoqrafiyalar, məcmuələr çap edildi və demək olar ki, XX əsrin əvvəllərində F. Sössürün riyazi metodların dilçilik məsələlərinə tətbiqi arzusu həyata keçdi. Azərbaycan dilçiliyində riyazi metodlardan istifadə edilməsi XX əsrin 60-cı illərindən M. S. Qarayevanın "Riyazi dilçilik tədrisdə" adlı kitabının nəşri ilə başlandı.
M. Qarayeva tərəfindən təməli qoyulmuş riyazi dilçiliyin artıq bütün qolları üzrə (maşın tərcüməsi, Azərbaycan dilinin formal modellərinin hazırlanması, statistik metodla dilin tədqiqi) tədqiqat işləri aparılmağa başlandı. 1976-cı ildə Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilçiliyinin yeni bir sahəsi olan tətbiqi dilçilik qrupu yarandı. V. S. Pinesin rəhbərliyi altında qrup tətbiqi dilçilik məsələlərinə daxil olan probremlərlə: maşın tərcüməsi (sözün sintezinin formal təsviri, morfoloji analiz, mətnlərin avtomatik-sintaktik təhlili və sintezi, mətnlərin avtomatik redaktəsi və s.), formal modellərin hazırlanması (Türk dilində fel şəkilləri quruluşunun modelləşdirilməsi, avtomatik sintezin modeli və s.) və statistik metodla (qədim abidələrin statistik təhlili və s.) məşğul olur.
1979-cu ildə A. A. Axundovun "Riyazi dilçilik" əsəri işıq üzü gördü. Bir sözlə, demək olar ki, yuxarıda sadaladığımız metodlardan Azərbaycan alimləri uğurla öz tətqiqatlarında istifadə edirlər. Belə ki, aksiomatik metodla Axundov, Vəliyev, Melnikov[4],[5],[6],[7], modelləşdirmə metodu ilə Vəliyeva, Pines, Mahmudov, Əmirov, Fətullayev, Xəlili[8],[9],[10],[11],[12],[13], statistik metodla Pines, Vəliyeva, Mahmudov, Rəhmanov, Sultanov[14],[15],[16],[17],[18], çoxluqlar, avtomatlar və alqoritmlər nəzəriyyəsindən istifadə etməklə Vəliyeva, Mahmudov tədqiqat işlərini aparmışlar. Qeyd etməliyik ki, gələcəkdə şifahi nitqin dərk edilməsi, dillərin bilgisayar vasitəsilə tədrisi, video-elektron lüğətlərin hazırlanması və s. öz həllini gözləyir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |