Dil təmizliyi

Dil təmizliyi — ədəbiyyat dilində başqa dillərdən alınma sözlərin milli sözlərlə əvəz edilmə prosesi. Dil təmizliyi və ya linqvistik purizm (lat. purus "saf") — ədəbi dili toxunulmaz saxlamaq, xarici sözlərdən təmizləmə cəhdi, ümumiyyətlə, dili yeni sözlərdən – neologizmlərdən, təhriflərdən və s. dən təmizləmə cəhdində ifrata varma kimi başa düşülür.

Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Kənar elementlərin təsiri dildə nə qədər güclü olsa da, daxili imkanlar həmişə aparıcı xarakter daşıyır. Dilin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir. Bir purist qrammatik səhvlər, jarqon, neologizmlər və xarici mənşəli sözlər daxil olmaqla, bir dildə olan bəzi arzuolunmaz xüsusiyyətləri aradan qaldırmaq arzusunu ifadə edən kimsədir.

Dilçilik nöqteyi-nəzərindən dil təmizliyi, nitqin təmizliyi müasir ədəbi dilin normalarını bilməyi və ona möhkəm, həm də sərbəst yiyələnməyi nəzərdə tutur. O, nitqin üslubca gözəlliyini, yəni hazırda istifadə etdiyimiz üslublara əsaslanaraq, fikri ifadə edən dil vasitələrinin xüsusiyyətini nəzərə almalıdır. Dilin lüğət tərkibinin zənginləşmə yollarından biri kimi dilçilikdə alınma sözlərin əhəmiyyətli rolu hər zaman qeyd olunmuşdur. Başqa dillərdən keçən sözlər keçdiyi dilin daxili inkişaf qanunlarına tabe olaraq işlədilir və bunun nəticəsində də çox zaman həmin sözlərin alınma söz olduğunu müəyyənləşdirmək çətin olur. Başqa dillərdən söz almaq müasir dillərin zənginləşməsi üçün zəruri proses hesab edilir. Hər bir dilin lüğət tərkibinin inkişafında və zənginləşməsində həmin dilin daxili imkanları ilə bərabər alınma sözlər də çox önəmli rol oynayır. Alınmaları dilə kor-koranə gətirmək olmaz, onlar dilə zərurət olduqda gətirilir, bu zaman isə onlardan yerli-yerində və dilimizin mövcud qayda-qanunlarına riayət etməklə tətbiq etmək lazımdır. Lakin alınma sözlərə istər elmi, istərsə də ictimai münasibət heç də həmişə birmənalı olmur. İctimai-siyasi, iqtisadi şəraitdən asılı olaraq alınmalar bəzən xüsusi dalğa ilə özünü göstərmiş, bəzən geri çəkilərək müəyyən zaman kəsiyində yaxşı mənada qısqanclıqla qarşılanmışdır. Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır:

  1. Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir.
  2. Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir.
  3. Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır.
  4. Jarqon sözlərin və ifadələrin işlədilməsi nitqin təmizliyinə xələl gətirir, onun keyfiyyətini aşağı salır.
  5. Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq məqsədini daşıyan söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə, ifadələrə yer verilməməlidir.

Milli dilin tarixində purizm dəfələrlə təkrar oluna bilər. Dilin sonrakı inkişaf mərhələlərində milli oyanış impulsları təzələndikcə bunun dildə təzahürü kimi, milli sözlərin işlənməsinə meyil güclənir, hətta purizm səviyyəsinə qalxır. Purizm dillərin cəmiyyətdəki statusunun möhkəmləndirilməsində mühüm vasitə kimi istifadə olunur. Ana dilinin nəinki konkret milli materialla zənginləşməsi, hətta bu istiqamətdə xüsusi söz yaradıcılığı prinsiplərinin müəyyənləşdirilməsi baxımından purizmin əhəmiyyəti böyükdür.

Keçən əsrin 20-ci illərində purizm Azərbaycan dili üçün müsbət rol oynamışdır, ictimai-siyasi, elmi-texniki və s. terminlər yaradılarkən purizmə yol verilmişdir. Bununla belə, puristlər dilimizdə olan hər cür alınma terminlərə qarşı çıxır, ehtiyac duyulan terminlərin hamısını Azərbaycan dilinin daxili imkanları əsasında yaratmağa çalışırdılar. Əgər xalq dilində nəzərdə tutulan anlayışların ifadəsi üçün terminlər yoxdursa, onları xalq dilinə məxsus söz kökləri əsasında süni yolla yaratmaq prinsiplərini əsas götürdüklərinə görə belə terminlər lüğətlərdə olsa da, dildə, terminologiyada özünə yer tapa bilmədi. Mədəni-tarixi prosesin inqilabi məzmunu, dil quruculuğunun sürətlənməsi purizm axtarışlarını, əslində, istiqamətləndirirdi və heç şübhəsiz, həmin hadisənin mütərəqqi rolu bir də bununla müəyyən olunurdu. Əlbəttə, söz yaradıcılığı axtarışlarında milli zəminə, milli dilin imkanlarına istinad olunması sonrakı dövrlərdə də başlıca uğurlu prinsip idi ki, həmin prinsipin də həyatilik qazanmasında purizmin təsiri göz qabağındadır.[1]

1922-ci ildə yaradılan İstilah Komissiyası tərəfindən aparılmış "Purizm" (təmizləmə) hərəkatı adlanır. Ana dilinin öz milli dil fonduna müraciət tendensiyası yavaş-yavaş genişləndi və XX əsrin əvvəllərində bu proses purizm adı altında geniş vüsət aldı.[2]

  1. Abdullayev Nadir Əziz oğlu. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013
  2. Tofiq İsmayıl oğlu Hacıyev. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı: "Elm", 2012, 476 səh.