Dinkatəpə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə.
Dinkatəpə yaşayış yeri Urmiya gölünün şimal-qərbində, Qadar çayının sağ sahilində yerləşir. Yaşayış yerində geniş arxeoloji qazıntı işləri 1966-1968-ci illərdə R.H.Dyson tərəfindən aparılmışdır. Yaşayış yerində Orta Tunc, Son Tunc və Erkən Dəmir, həmçinin Orta əsrlərə aid mədəni təbəqə aşkar olunmuşdur.
Dinkatəpənin Orta Tunc dövrü təbəqəsi iki hissəyə ayrılmışdır. Abidənin IV A-C adlandırılan təbəqələrində yalnız Xabur keramikasına rast gəlinmişdir. Bu təbəqədən üstdə yerləşən IV D təbəqəsindən Naxçıvan və Urmiya hövzəsininOrta Tunc dövrü üçün xarakterik olan polixrom boyalı qablar əldə edilmişdir.
Yaşayış yerindən tapılmış boyalı qablar çölmək və kasa tiplidir. Onların gövdəsinin yuxarı hissəsi ağ-sarı boya üzərinə qırmızı və qara rəngdə çəkilmiş torlu romb və üçbucaqlarla naxışlanmışdır. Yaşayış yerinin IV D təbəqəsində heç bir tikinti qalığına rastlanmamışdır. Bu təbəqə tədqiqatçılar tərəfindən e.ə. 1600-1450-ci illərə aid edilmişdir.