Dionis Tanasoğlu (qaq. Dionis Tanasoglu; 7 iyul 1922, Kiriyet, Qaqauziya – 23 avqust 2006[1]) — görkəmli qaqauz şairi, yazıçısı, dramaturqu və ictimai xadimi.[2]
Dionis Tanasoğlu | |
---|---|
Doğum tarixi | 7 iyul 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 23 avqust 2006[1] (84 yaşında) |
Fəaliyyəti | şair, tərcüməçi, dramaturq, pedaqoq |
Əsərlərinin dili | Qaqauz dili |
Janr | dram |
Mükafatları |
Dionis Tanasoğlu 1922-ci ilin iyulun 7-də Moldovanın Qaqauz elinin, Kiriyet kəndində Nikolay Tanasoğlunun ailəsində dünyaya göz açmış, ilk təhsilini doğma kəndində almışdır. Bütün qaqauzlar kimi kilsədə Dionis adı qoysalar da, Türk dünyasında Dəniz ağa kimi tanınmışdır. Çünki özünü bu adla təqdim edir, şeirlərini bu imzayla yazırdı. İlk yaradıcılığa şeirlə başlamışdır. Sonralar onun adı qarşısında nasir, müğənni, bəstəçi, rejissor, aktyor, alim, ictimai-siyasi xadim sözləri yazılmışdır. Zaman və xalqının düşdüyü vəziyyət onu bu işləri görməyə məcbur etmişdir. 1957-ci ildə ilk qaqauz əlifbasını yaradan da, ilk qaqauz romanını yazan da, qaqauzların ilk peşəkar rejissoru və dramaturqu da Dionis Tanasoğlu olmuşdur. Dionis Tanasoğlu Kişinyov Pedaqoji İnstitutunun tarix-ədəbiyyat, Leninqrad Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmiş, 1965-ci ildə Bakıda Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda Məmmədağa Şirəliyevin rəhbərliyi altında "Çağdaş qaqauz dilində tabeli mürəkkəb cümlə" mövzusunda dissertasiya yazaraq filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Bir müddət Komrat Qaqauz Universitetinin rektoru olmuşdur. 1988-ci ildə Balkanlarda Türk Kültürü Böyük Hizmət Ödülünü almışdır. Ömrünün son illərində isə Kişinyovda Pedoqoji Universitetdə professorkimi çalışmışdır. Dionis Tanasoğlu 23 avqust 2006-cı ildə 84 yaşında vəfat etmişdir.
Yaradıcılığa şeirlə balayan, "Çal, türküm" (1964), "Adamın işləri" (1969), "Xoşluq" (1970), "Gənclik türküləri" (1975) kimi şeirlər kitablarını çap etdirən D. Tanasoğlu bununla yeni qaqauz ədəbiyyatının inkişafına güclü təsir göstərmiş olur. "Uzun karvan" romanı (1985), "Olqanın sevdası"(1981), "Bucaqda yalın" (1974) pyesləri, tarixi mövzuda yazılmış "Keykavus" pyesi yalnız ona deyil, qaqauz ədəbiyyatına şöhrət qazandırmışdır. Onun pyesləri yalnız Komratda qaqauz teatrında oynanılmamış, başqa dillərə də tərcümə edilmişdir. İstər radio və televizya verilişlərində, istər pyeslərində xalq ədəbiyyatından gen-bol istifadə edən Dəniz Tanasoğlu "Uzun karvan" romanında xalq yaradıcılığından bəhrələnərək qaqauzların tarixini bədii əsər kimi yazmışdır. Bu roman qaqauz folkloru ilə zəngindir. Dionis Tanasoğlu qaqauz xalq mahnılarını toplayıb çap etdirməklə kifayətlənməmiş, həm də onların coşğun təbliğatçısı olmuşdur. Məhz buna görə onun şeir və mahnıları da xalq mahnılarına qaynayıb qarışmışdır. D. Tanasoğlu A. S. Puşkin, M. Y. Lermantov, A. A. Nekrasov, A. Krılov, V. V. Mayakovski, A. T. Tvardovski, M. Eminesko, E. Bukov, Aşıq Ələsgər, M. P. Vaqif və başqa sənətkarların əsərlərini qaqauzcaya çevirdiyi kimi öz şeirləri də Azərbaycan, rus, moldav, türkmən, tatar və b dillərə çevrilmişdir.
İkinci Dünya Savaşında Qaqauzların toplum yaşadıqları Bessarbiya yenidən Sovet Rusyasının işğalı altına keçdi. Dini ayinlər yasaqlandığından, din xadimləri və ziyalılar, millətini taleyini düşünən insanlar təqib olunduğundan Qaqauzlar arasında milli məsələ bir ara gündəmdən çıxmış kimi göründü. Stalinin ölümündən sonra Sovetlər Rusyasında bir çox sahədə olduğu kimi, milli məsələdə də bir çaşqınlıq yarandı. Bu çaşqınlıqdan qaqauz ziyalıları da baçarıqla istifadə etdilər. Xalqın önündə gedən, yaranmış şəraiti vaxtında dəyərləndirib ondan millətinin xeyrinə istifadə edən ziyalılardan biri də gənc şair Dəniz Tanasoğlu idi. Sov. İKP-nin 20 qurultayında Stalin səxsiyyətə pərəstiştə suçlanıb qurluşun bütün nöqsanları onun adına yazılanda Dionis Tanasoğlu və əqidə yoldaşları bu hərəkatın başında duran N. S. Xuruşşova qaqauzca bir təbrik məktubu yazaraq Moldava mətbuatında yayınlatdılar. Bununla da Qaqauz dili üçün yeni əlifbanın yaranmasina, dərslik kitablarının hazırlanmasına, qəzetlərdə səhifələrin ayrılmasına şərait yaratdılar. Müəllimlik, rejissorluq edən, musiqi və teatr kollektivləri yaradan, yeni qaqauz əlifbasıyla "Bucaktan səslər", "Almanax" toplularını çapa hazırlayan, dünya ədəbiyyatının seçmələrini ana dilinə çevirən, vətəni və milləti üçün çalışan insanın düşmənləri də az deyildi. Onun işgüzarlığına, istedadına paxıllıq edənlər həmişə ayağının altını qazırdılar. Bu da Sovet orqanlarının onu tez-tez cəzalandırması, sıxışdırması ilə nəticələnirdi, lakin Sovetler Birliyi dağılandan sonra ona münasibət dəyişməyə başladı. Milli oyanış başlayanda əsl ziyalı kimi Dəniz Tanasoğlu öz xalqının problemlərinin həllinə yönəlik ciddi addımların atılmasında mühüm rol oynamışdır.
Dionis Tanasoğlu Azərbaycan ədəbiyyatından Aşıq Ələsgər, Molla Pənah Vaqif və digər sənətkarların əsərlərini qaqauz dilinə çevirmişdir. Həmçinin onun bəzi əsərləri Azərbaycan türkcəsinə çevrilmişdir. O, dəfələrlə Azərbaycanda olmuş, yazıçı və ziyalılarla yaxından əlaqə saxlamışdır. Televiziya və radiodakı çıxışları, qəzetlərdəki müsahibələri böyük maraqla qarşılanmışdır.