Diorama

İngiltərədəki "Hərbi Tibbi Xidmətlər Muzeyi"ndə bir diorama nümunəsi

Diorama, real və ya uydurma hadisənin, anın və ya hekayənin işıq oyunlarının köməyi ilə üçölçülü modelləşdirilməsidir. Sərgi məqsədləri üçün hazırlanmış böyük üçölçülü rəsm kimi də müəyyən edilə bilər.

Başqa dillərdə eyni qarşılığı olan bu söz azərbaycan dilində bəzən diyorama kimi də yazılır. Sözün mənşəyi fransızcadır və bu dildə 1823-cü ildən istifadə olunmağa başlanmışdır. Fransız dilinə yunan dilindən daxil olan "içəridən" mənası verən dia kəlməsi ilə "görmək" mənasını verən orama ("panoram"da olduğu kimi) sözlərinin birləşməsindən əmələ gələn dioramanın sinonimləri siklorama və panoramdır.

Adətən muzeylər və ya sərgilər üçün sifariş edilən dioramalar real ölçülərdə hazırlana və ya müəyyən miqyasda kiçildilə bilər. Bir hadisə və ya məqamın canlandırılması əsas məqsəd olduğu üçün, müəyyən bir kompozisiya yaratmaq üçün dioramalarda birdən çox obyekt yerləşdirilir. Muzey və sərgilərdən başqa model ustaları və maket ustaları da hobbi kimi dioramalarla məşğul olurlar.

Bugünkü istifadədə yuxarıdakı mənaları daşıyan diorama XIX əsrdə bəzi səyyar teatr avadanlıqlarını təsvir etmək üçün istifadə edilmişdir.