Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası — diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən edən əsas beynəlxalq hüquqi sənəddir. O, giriş hissədən və 53 maddədən ibarətdir.
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası | |
---|---|
Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası | |
İmzalanma tarixi | 18 aprel 1961 |
İmzalanma yeri | Vyana |
Qüvvəyə minməsi | 24 aprel 1964 |
İmzalayanlar | 48 |
Tərəflər | 179 (fevral 2017) |
Vikianbarda əlaqəli mediafayllar |
BMT-nin Beynəlxalq Hüquq Komissiyası onun vəzifəsinin "beynəlxalq hüququn proqressiv inkişafı və məcəllələşdirilməsi" olduğunu əsas götürərək 1949-cu ildə özünün birinci sessiyasında məcəllələşdirilməsi lazım olan məsələlər arasında diplomatiya və konsulluq əlaqələrinə aid məsələlərin adını çəkdi. 1958-ci ildə isə komissiya diplomatik əlaqələr və immunitetlər haqqında da konvensiya layihəsini hazırladı və üzv dövlətlərin irad və təklifləri üçün onlara təqdim etdi.
Diplomatik əlaqələr haqqında Konvensiya 18 aprel 1961-ci ildə Vyana konqresində qəbul olundu.
Azərbaycan Respublikası Milli Məclisin 228 N-li qərarına əsasən 1992-ci il 21 iyul tarixində Vyana Konvensiyasına qoşulmuşdur.
Konvensiyanın giriş hissəsində BMT Nizamnaməsinin prinsip və məqsədlərinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərini inkişaf etdirmək məqsədləri qeyd olunur, həmin sazişdə nəzərdə tutulan üstünlüklərin və immunitetlərin ayrı-ayrı şəxslərin faydalanması üçün deyil, dövləti təmsil edən orqan kimi diplomatik nümayəndəliklərin funksiyalarının səmərəli həyata keçirilməsini təmin etmək üçün verildiyi göstərilir. Preambula funksional zərurət nəzəriyyəsini və qismən də təmsilçilik nəzəriyyəsini təsdiqləyir.
Konvensiyanın 1-ci maddəsi konvensiyada rast gəlinən terminlər və onların açıqlanmasına həsr olunmuşdur. Belə ki, "nümayəndəliyin başçısı" dedikdə, akkreditiv dövlət tərəfindən bu keyfiyyətdə fəaliyyət göstərməyə öhdələndirilmiş şəxs başa düşülür. "Nümayəndəliyin əməkdaşları" adı altında isə nümayəndəliyin başçısı və diplomatik personalın üzvlərindən, inzibati-texniki və xidmətçi personaldan ibarət nümayəndəlik personal nəzərdə tutulur. Həmçinin qeyd olunur ki, diplomatik personalın üzvləri nümayəndəliyin diplomatik rütbələrə malik üzvləridir, diplomatik agent isə nümayəndəliyin başçısı və ya diplomatik personalın üzvüdür. İnzibati-texniki personal diplomatik nümayəndəliyin inzibati texniki xidmətini həyata keçirən heyətdir. Nümayəndəliyin xidməti vəzifələrini həyata keçirən şəxslər xidmətçi personalın üzvləridir. Nəhayət, şəxsi ev qulluqçuları dedikdə, nümayəndəliyin əməkdaşı yanında ev qulluqçusu vəzifəsini həyata keçirən və akkreditiv dövlətin əməkdaşı olmayan şəxslər başa düşülür.
Konvensiyanın 2-ci maddəsində diplomatiya hüququnun mühüm prinsiplərindən biri təsbit olunmuşdur. Burada qeyd olunur ki, diplomatik münasibətlərin qurulması və daimi diplomatik nümayəndəliklərin təsis edilməsi dövlətlərin qarşılıqlı razılığı əsasında həyata keçirilir. Diplomatik nümayəndəliyin əsas beş funksiyası konvensiyanın 3-cü maddəsində sadalanır. Maddənin 2-ci bəndində diplomatik nümayəndəliklər tərəfindən konsul funksiyalarının da həyata keçirilməsinin mümkünlüyü bir daha təsdiq edilir.
1815-ci il Vyana Reqlamenti ilə müəyyən olunmuş nümayəndəliklərin başçılarının dərəcələri konvensiyanın 14-cü maddəsi ilə bir daha təsdiqlənmişdir.
Konvensiya, həmçinin iki fakultativ protokolu da özündə birləşdirir. Fakultativ protokollardan biri diplomatik missiyanın üzvləri tərəfindən yerləşmə dövlətinin vətəndaşlığının alınmasının qeyri-mümkünlüyünü nəzərdə tutur. Bu protokolun məzmununa əsasən, yerləşmə dövlətinin vətəndaşı olmayan diplomatik nümayəndəliyin əməkdaşları və onlarla bir yerdə yaşayan ailə üzvləri yerləşmə dövlətinin vətəndaşlığını ala bilməzlər.
Mübahisələrin məcburi həll edilməsi haqqında 2-ci Fakultativ Protokola əsasən, konvensiyanın tətbiqi və şərhi üzrə mübahisələr onun iştirakçılarının birinin ərizəsi əsasında Beynəlxalq Məhkəməyə ötürülür.