Dissimilyasiya və ya səs fərqləşməsi — səs uyuşması hadisəsinin əksinədir. Səs fərqləşməsi hadisəsində bir səs başqa səsə təsir göstərərək onu öz məxrəcindən uzaqlaşdırır.
Səs fərqləşməsi hadisəsi də asan məxrəc, yəni tələffüzün asanlaşdırılması prinsipindən irəli gəlir. Azərbaycan dilindəki r samiti kipləşən-titrək yuvaq samitidir. Bu samiti tələffüz edərkən dilin ucu təxminən üç dəfə dönür. Azərbaycan dilindəki zərər sözü ayrıca işləndikdə zərəl kimi tələffüz edilir. Sözdə iki r samitinin tələffüzü çətinlik törətdiyi üçün ikinci r dilönü-dişarxası l samitinə çevrilmişdir. Azərbaycan dilindəki qaralmaq, saralmaq sözləri yazılı abidələrdə qararmaq, sararmaq şəklində işlənmişdir. Burada da səs fərqləşməsi hadisəsi baş verib. Bu sözlərdəki r>l əvəzlənməsi yazılı ədəbi dilin normasına çevrilmiş, yazıda orfoqrafik norma kimi qəbul edilmişdir. Səs fərqləşməsi hadisəsi də istiqamətinə görə irəli və geri ola bilər. İrəli fərqləşmə: qararmaq–qaralmaq, sararmaq–saralmaq və s. Geri fərqləşmə: tranvay–tramvay, güclü–güjlü və s. Səs uyuşması hadisəsi ilə müqayisədə səs fərqləşməsi hadisəsi geniş yayılmamışdır.[1]
Dilçilik haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |