Domino

Domino oyunu

Domino — sümük daş (domino daşı) ilə oynanılan oyun. Oyunun əsas şərti eyni xallı daşlardan ibarət domino zənciri yaratmaqdır.

Domino oyununun çoxəsrlik tarixi var. Qədim Çin əfsanələrinə görə, bu oyun artıq XII əsrdə Şərqdə məşhur olub. Onun ilk növü əsasında daha 47 variantı meydana çıxıb ki, həmin oyunlarda istər ağ­qara, istərsə də rəngbərəng daşlardan istifadə olunub. Müxtəlif rənglər daşların üstünlüyünü bildirib. SSRİ dövründə Salyan rayonunda yerləşən Plastmas zavodunda istehsal olunan dominonun SSRİ ölkələrinə satılması haqqında məlumatlar mövcuddur.

Bu çox maraqlı oyun öz adı ilə dominikan rahiblərinə borcludur. Belə ki, həmin ruhanilərin geyimi – başlıqlı qara bürüncəklər belə adlandırılıb. İkincisi, istənilən işə, o cümlədən oyuna başlamazdan əvvəl Tanrıya həmd və şükür etmək lazım idi ki, bu da “Domino gratias” və ya “Benedicamus domino” adlanıb[1].

Domino dəstinin təsviri

[redaktə | mənbəni redaktə et]

Dominonun standart dəsti 28 sümük daşdan ibarətdir. Domino daşının ölçüsü - uzunu enindən 2 dəfə böyük olan düzbucaqlı formasındadır. Sümük daşın səthi xətlə iki kvadrat hissəyə bölünmüşdür. Hər hissə də [0; 6] aralığında xal yerləşmişdir. Müasir domino dəstlərində xalların mümkün miqdarı doqquza, on ikiyə, on beşə və ya on səkkizə çatır.

Xallar üzrə domino daşlarının sayı təkrarlanmanı gözlənilməklə 7 say dəstindən ibarətdir {0, 1, 2,…, 6} və xallara görə daşların sayı bu düstur ilə təyin edilir: (n+1) × (n+2)/2, burada n — xalların maksimal miqdarıdır. Məsələn, artıq yuxarıda təsvir edilən "standart" dəst (6+1) × (6+2)/2 = 28 domino daşından ibarətdir.

Ən çox oynanılan domino oyunları

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda və dünyada ən çox oynanılan domino oyunları 101 və Telefon oyunlarıdır. 101 2,3 və 4 oyunçu ilə oynanır. 4 oyunçu olduğu halda individual və komandalar şəklində oynana bilər. Məqsəd digər oyunçulardan əvvəl əldə olan daşları bitirmək, rəqiblərin əlində qalan xalların cəmi ilə 101 xala çatmaqdır.

Telefon oyununda isə uc nöqtələrdəki daşların cəmi 5 və ya onun qatları olduğu halda uyğun komandaya və ya oyunçuya xal yazılır. 365 xala çatdıqda və rəqiblərdən biri digərindən minimum 10 xal artıq topladıqda oyun bitir.

Dominoda da bəzi stolüstü oyunlar kimi qaydaların oyunçular tərəfindən razılıq yolu ilə dəyişdirilməsinə rast gəlinir.Həmçinin oyunçular öz aralarında müəyyən terminlərdən istifadə edirlər. Buna misal olaraq oyunun qoşa daşla başlamaması halına "ekzotik başlanğıc" , komanda üzvünün öz yoldaşının əleyhinə daş oynaması "şübhəli vəziyyət" , oyunçuda hər hansı daşın olmamasının dəqiqləşdirilməsinin "rəsmiləşdirmək" kimi adlandırılmasını göstərmək olar. Üç və daha artıq oyunçunun fərdi şəkildə oynadığı zaman bəzi hallarda rəsmi şəkildə komanda oyunu olmamasına baxmayaraq iki oyunçunun qeyri-rəsmi şəkildə üçüncü tərəfə qarşı müəyyən maraq naminə ittifaq qurması "koalisiya" adlanır. Hətta rəsmi şəkildə ikili komanda oyunlarında belə öz komanda yoldaşının qalib gəlməməsi üçün rəqib komandanın xeyrinə oynayaraq öz komandasını məğlub etdirəcək qədər ifrat səviyyədə "koalisiya" nümunələrinə rast gəlmək olar.

Sadə domino oyunu kimi bilinən “101” oyununun bir çox qaydaları var. Bilavasitə razılaşma yolu ilə olan qaydalarda, ümumqaydalar rol oynamır.

TƏSDİQ OLUNMUŞ ÜMUMQAYDALAR

  1. 101 oyunu “1 qoşa” ilə başlanır. Oyunda, (saya düşmək üçün) ilk xal minimal 13 olmalıdır.
  2. Əgər tərəflərdən birisi, “3 dəfədə” 13 xalı toplaya bilmirsə, onun topladığı xallar sıfırlanır.
  3. Əgər oyun bitdikdə rəqib xal toplamayıbsa, bu sadəcə “quru məğlubiyyət” sayılır. (Yazılmamış qanunlara görə, bu qalibiyyət 2 dəfə artıq kimi hesablanır)
  4. Əgər domino oyununda, hər iki tərəfdən gediş bitərsə, (oyun bağlı gələrsə) bu halda tərəflərin əlində qalan daşlardakı saylar hesablanır, çox sayı olan tərəfin mövcud sayı, az sayı olan tərəfin hesabına xal kimi hesablanır.
  5. Əgər bu saylar hər iki tərəfdə bərabərdirsə, bu halda mövcud xal, növbəti oyunun qalibinin, xalının üstünə hesablanır. (Bəzi qaydalarda, hər iki tərəfin xalları üst-üstə gələrək (yəni mövcud xal 2-ə vurularaq hesablanır)
  6. Əgər oyun başlarkən gediş bitərsə, (tərəflərin xalı yoxdursa) (oyun bağlı gələrsə) tərəflərin əlindəki xal 13-dən çoxdursa, belə halda növbəti oyunun qalibinin 13 xal toplaması vacib deyil. Əgər toplanmış say 13-dən azdırsa, belə halda tərəflərdən birinin, minimum 13 xal qazanması vacibdir.
  1. "Dominonun tarixi". 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-01.