Dumanlı Andromeda[1] (rus. Туманность Андромеды) — Rus yazarı İvan Antonoviç Yefremov tərəfindən 1955–1956-cı illərdə yazılmış sosial-fəlsəfi elmi-fantastik romanı. Roman ilk dəfə 1957-ci ildə Texnika — Gənclik jurnalında dərc edilib. Kitab formasında isə Gənc Qvardiya nəşriyyatında 165 000 nüsxədə işıq üzü görür. Dünyanın bir çox dillərinə tərcümə olunan əsər Sovet ədəbiyyatının ən parlaq nümunələrindən, kosmik romantikanın etalon sayıla biləcək nümayəndələrindəndir.[2]
Dumanlı Andromeda | |
---|---|
rus. Туманность Андромеды | |
Müəllif | İvan Yefremov |
Janr | elmi-fantastika |
Orijinalın dili | rus dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1957 |
Nəşriyyat | Molodoya Qvardiya |
Nəşr | 165 000 nüsxə |
Romandakı hadisələr vahid hakimiyyət altında kommunistik cəmiyyətin bərqərar olduğu, intellektin yüksək inkişaf etdiyi uzaq gələcəkdə baş verir. Bu era elmin və incəsənətin yüksək inkişaf etdiyi, kosmosun fəthi, Yer landşaftının və iqliminin süni olaraq yaxşılaşdırıldığı və insan psixologiyasının dəyişməsi ilə fəqrlənir. Oxuyucuya gələcəyin dünyasını müxtəlif yönlərdən göstərmək məqsədilə romanda bir neçə süjet xətti var.[2]
Birinci süjet xətti "Tantra" adlı kosmik gəmi və onun heyətinin uçuşları haqqındadır. Bütün tapşırıqları yerinə yetirən heyət Yerə qayıdarkən, Günəş Sisteminin yaxınlığında yerləşən və əvvəllər naməlum olan Dəmir Ulduzun qravitasiya sahəsinə düşürlər. Heyət faciədən can qurtarmağa çalışır. Komandir Erq Noor bu ulduzun bir planetinə eniş etməyi bacarır. İnanılmaz olsa da, onlar öyrənirlər ki, bu planetdə iki dənə də əlavə kosmik gəmi var: uzun illər öncə izsiz-tozsuz qeyb olmuş Yelkən kosmik gəmisi və spiral formalı başqa sivilizasiyanın kosmik gəmisi. Eyni zamanda Tantra gəmisinin heyəti yerli planetin sirli həyat forması ilə qarşıdurma da yaşayır.[2]
Süjeti əmələ gətirən digər hadisələr isə Yerdə baş verir. Xarici stansiyalar üzrə cavabdeh Dar Veterdə ciddi psixoloji xətəlik aşkar olunur: işə və həyata qarşı laqeydlik (depressiya). Yaxın dostu Veda Konqun dəvətini qəbul edərək arxeoloji qazıntılarda iştirak edən Dar Veter müəyyən qədər müalicə olunur. Lakin Veda Konqa qarşı olan dostluq münasibətləri sevgiyə çevrilir. Sevgi münasibətləri alınmır və Veda Konq öz sevgilisini gözləməli olur. Dar Veter isə Cənubi Amerikaya titan mədənlərində işləməyə gedir.[2]
Fizik Ren Boz isə planetar miqyasda riskli və təhlükəli təcrübə keçirmək istəyir. Bütün qadağalara baxmayaraq o, Mven Masla birlikdə bu təcrübəni gerçəkləşdirirlər, lakin nəticələr pis olur. Rəssam Kart San müxtəlif irqlərin ən yaxşı nümayəndələrinin rəsmlərini çəkməklə məşğul olur. Onu qeyd etmək lazımdır ki, təsvir olunan dünyada artıq irqlərin bir-birindən kəskin fiziki fərqləri nəzərə çarpmır. Sadəcə olaraq yazıçı ötüb keçənləri bir daha vurğulamaq üçün Mven Ması zənci afrikalı, Dar Veteri isə öz slavyan əcdadlarının fenotiplərini qoruyub saxlamış olduğunu vurğulayır.[2]
Kitabın sonlarına yaxın birbaşa demokratiyanın labüd etdiyi kimi ümumi yığıncaq keçirilir və orada planetin bütün səlahiyyətli şəxslər toplanır. Müxtəlif maraqlı fikirlər və qərarlar səsləndirilir. Ümumi yığıncaqla paralel Veda Konq arxeoloji qazıntılar vasitəsiylə qədim sivilizasiyanın mədəni nümunələrini aşkara çıxara bilir. Lakin dəmirdən olan darvazanı aça bilməyərək qədim dünyanın sirlərinə tam yiyələnə bilmirlər. Əslində bu məqmın özü öna işarə edir ki, çox güman ki, hadisələrin cərəyan etdiyi Möhtəşəm Həlqə Erasından öncəki eranın sonunda, bəşəriyyət nə isə dağıdıcı apokalipsisə məruz qalmış və sadəcə sağ qalmışlar Möhtəşəm Həlqə Erasının əsasını qoymağa müvəffəq olmuşlar.[2]
Əsərin finalı da özünəməxsus, romantik və fərqlidir. Məsafənin uzunluğuna görə bir daha geri dönməmək şərtilə kosmik səyahətə çıxan Erq Noor və Niza Krit dostları tərəfindən kosmosa ötürülürlər. Bir çox suallara cavab verilir. Böyük Həlqəyə daxil olmayan Dumanlı Andromeda qalaktikasından isə vacib və maraqlı informasiya qəbul edilir.