E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr

“İnformasiya Texnologiyaları” nəşriyyatında “E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr” adlı ekspress-informasiya işıq üzü görüb. Yeni nəşrin müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və institutun kiçik elmi işçisi Günay Niftəliyeva, elmi redaktoru isə institutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifovdur.

E-dövlətin analizi texnologiyaları:text mining və sosial şəbəkələr
Müəlliflər Ramiz Alquliyev, Günay Niftəliyeva
Janr elm
Orijinalın dili Azərbaycan
Orijinalın nəşr ili 2016
Nəşriyyat "İnformasiya texnologiyaları" nəşriyyatı
Nəşr 2016
Səhifə 78
Növ kitab
Tiraj 100
ISBN ISBN 978-9952-434-76-7

Ekspress-informasiyada elektron dövlət anlayışı, onun inkişaf modelləri təhlil edilmiş, e-dövlətin analizində text mining və sosial şəbəkə analizi texnologiyalarının rolu araşdırılmış və bu istiqamətdə aparılan elmi-tədqiqat işlərinin müasir vəziyyəti analiz edilmişdir. Araşdırma nəticəsində bu sahədə mövcud olan problemlər identifikasiya edilmiş, gələcək tədqiqat istiqamətləri müəyyənləşdirilmişdir.

Yaşadığımız əsr informasiya və yüksək texnologiyalar əsridir. İnkişaf etmiş texnologiya məhsulları həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. İnformasiya texnologiyalarının (İT) inkişafı günümüzdə müxtəlif təşkilatların, şirkətlərin, dövlət qurumlarının fəaliyyətinə, iş prinsipinə, səmərəliliyinə təsir edən əsas amillərdən biridir. İT-in cəmiyyətin idarə olunması proseslərinə cəlb olunması e-dövlət anlayışının yaranması ilə nəticələnmişdir.

E-dövlət – informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin - operativliyinin yüksəldilməsini və insanların elektron xidmətlərə çıxışının asanlaşdırılmasını nəzərdə tutur. E-dövlətin yaradılmasında əsas məqsəd vətəndaşlara göstərilən xidmətlərin sadələşdirilməsinə, biznes, sənaye müəssisələri ilə əlaqələrin təkmilləşdirilməsinə, daha səmərəli dövlət idarəetməsinə, daha az korrupsiyaya və şəffaflığın artırılmasına nail olmaqdır.

E-dövlət anlayışı ilk dəfə 1990-cı illərin ortalarında Veb-in tətbiqi ilə dövlət idarəçiliyində aparılan islahatlara İT-in tətbiqi nəticəsində yaranmışdır. Ümumilikdə qeyd etmək lazımdır ki, e-dövlət anlayışı bu dövrdə ortaya çıxsa da, kompüterin idarəetmədə tətbiqi ilk kompüterin tarixinə qədər gedib çıxır.

E-dövlətin təkmil modelləri: E-dövlətin inkişaf mərhələlərinin modellərinin qurulması yolu ilə öyrənilir. Edövlətin inkişafını qiymətləndirmək üçün tədqiqatçılar tərəfindən müxtəlif modellər təklif olunmuşdur. E-dövlətin təkmil modelləri e-dövlət portalının kamilliyini müəyyən edən mərhələlər çoxluğundan (sadədən mürəkkəbə doğru) ibarətdir.


E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr [1]