EHİM

Elektron Hökumətin İnkişafı Mərkəzi — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi yaradılıb.[1][2]

Elektron Hökumətin İnkişafı Mərkəzi
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 14 mart 2018
Ləğv edilib 24 noyabr 2022
Tabelik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Ünvan M. K. Atatürk prospekti 89, Bakı, Azərbaycan
Rəhbərlik
Rəhbər Fariz Cəfərov

Mərkəz, dövlət-dövlət (G2G — government to government), dövlət-biznes (G2B — business to government), dövlət-vətəndaş (G2C — government to citizen) formatında elektron xidmətlərin yaradılmasını və icrasını həyata keçirirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 noyabr 2022-ci il tarixli fərmanına əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.[3]

Bu fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsinin ona qoşulması formasında yenidən təşkil edildi.

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı, xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur.

Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir.

Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, e-viza verilməsi və rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir. Qeyd olunan sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübələr araşdırılır və vətəndaş ehtiyacları nəzərə alınmaqla innovativ yeniliklər tətbiq olunur.

myGov

Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan "myGov" elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb.

"myGov"u əsas fərqləndirən xüsusiyyət, qabaqlayıcı hökumət konsepti əsasında fəaliyyət göstərməsidir. Vətəndaşlar "myGov" portalında (https://my.gov.az/) qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yarada və burada dövlət qurumları tərəfindən verilmiş şəxsi məlumatları ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilirlər. Vətəndaş, həmçinin şəxsi kabinetindəki bütün növ əməliyyatlarının tarixçəsini (kabinetə giriş, giriş vasitəsi, xidmətlərdən istifadə, çıxış) izləmə imkanına sahibdir.

Portalın funksiyaları:

1. Şəxsi məlumatların vətəndaş tərəfindən əldə olunması.

2. Vətəndaşa dair məlumatlar yeniləndikdə, onun hər hansı sənədinin etibarlılıq müddəti başa çatdıqda və sistemə yeni xidmətlər əlavə edildikdə vətəndaşa bununla bağlı şəxsi kabinet vasitəsilə məlumatlandırma və xatırlatma xarakterli bildirişlər göndərilir.

3. Şəxsi kabinet vasitəsilə vətəndaş öz fikirlərini, şərhlərini, şikayət və təkliflərini aidiyyəti quruma göndərə bilir. Eyni zamanda vətəndaş özü haqqında sistemdə aşkarladığı səhv məlumatlar barədə müvafiq quruma müraciət ünvanlaya bilir.

4. "Sorğulanmış məlumatlarım" bölməsi vasitəsilə vətəndaş məlumatlarının hansı qurum tərəfindən və nə zaman sorğulandığını öyrənə bilər.

5. Portala müxtəlif qurumların sistem və xidmətləri inteqrasiya olunub. Hər bir vətəndaş şəxsi kabinetinə daxil olaraq dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərdən istifadə edə bilir. Vətəndaşla bağlı sistemdə olmayan məlumatların inteqrasiyası istiqamətində digər dövlət qurumları ilə işlər davam etdirilir.

Dövlət xidmətlərinin vətəndaşlar üçün daha da əlçatan olmasını təmin etmək, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi sürətləndirmək məqsədilə 2021-ci ildə "myGov" elektron hökumət portalının mobil tətbiqi istifadəyə verilib. Vətəndaşlar, artıq rəqəmsal hökumət xidmətlərindən mobil tətbiq vasitəsilə də istifadə edə bilərlər. "myGov" mobil tətbiqini yükləməklə vətəndaşlar qurumlar tərəfindən təqdim edilən arayışlar, o cümlədən COVID-19 sertifikatları ilə tanış ola bilər, habelə yükləyərək və ya mobil tətbiq üzərindən müvafiq qurumlara təqdim edə bilərlər.

"myGov" mobil tətbiqini həm "Android", həm də "iOS" əməliyyat sistemləri vasitəsilə yükləmək mümkündür. Yükləmək üçün linklər:

· "Android": https://play.google.com/store/apps/details?id=az.gov.my

· "iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540

"ASAN Login" Vahid Giriş Sistemi

[redaktə | mənbəni redaktə et]

"ASAN Login" Vahid Giriş Sistemi EHİM tərəfindən yaradılıb. Yeni e-Gov infrastrukturunun əsas hissələrindən biri olan bu sistem vasitəsilə istifadəçilər bir yerdən qeydiyyatdan keçməklə bütün digər inteqrasiya olunmuş portallara giriş əldə edirlər.

"ASAN Login" sisteminin üstünlükləri:

• Çoxsaylı istifadəçi adı və şifrələri yadda saxlamaq məcburiyyəti aradan qalxır;

ASAN Login

• Eyni şəxsin fərqli istifadəçi məlumatlarının yaranmasının qarşısı alınır;

• Səlahiyyətlərin vahid mərkəzdən idarə etmək imkanı yaranır;

• İnteqrasiya olunan bütün xidmətlərə vahid məkandan giriş və çıxış imkanı əldə olunur.

Sistemdən istifadə üçün ilkin olaraq https://asanlogin.my.gov.az/auth saytına daxil olmaq lazımdır.

"ASAN Login" sisteminə hal-hazırda 4 üsul ilə daxil olmaq mümkündür:

• Şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi ilə;

• ASAN İmza;

• Elektron İmza;

• BSXM-nin (Bank Sertifikat Xidmətləri Mərkəzi) elektron İmzası ilə.

Sistemdə qeydiyyat 2 formada həyata keçirilir:

1. Mobil nömrə vasitəsilə

Əgər mobil nömrə vətəndaşın öz adınadırsa, şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi və mobil nömrə ilə qeydiyyatdan keçmək mümkündür. Təlimat videosu

2. Video vasitəsilə

Əgər mobil nömrə vətəndaşın öz adına deyilsə, vətəndaş videoqeydiyyat vasitəsilə hesab aça bilər. Təlimat videosu

Bundan əlavə şifrəni unudan və şifrəni bərpa etmək üçün aktiv mobil nömrəsi əlçatan olmayan istifadəçilər videoyazı vasitəsilə sistemə digər aktiv mobil nömrəni əlavə edərək unudulmuş şifrəni bərpa edə bilərlər. Təlimat videosu

"ASAN Bridge" — Milli Məlumat Mübadiləsi Sistemi EHİM tərəfindən 1 aprel 2021-ci il tarixində istifadəyə verilib. "ASAN Bridge" Elektron Hökumət İnformasiya Sisteminin (EHİS-in) inteqrasiya altsistemi olaraq dövlət informasiya ehtiyatlarının və sistemlərinin əlaqələndirilməsini, o cümlədən həmin ehtiyatlar və sistemlər arasında dayanıqlı və təhlükəsiz məlumat mübadiləsini təmin edir.

"ASAN Bridge" üzərindən məlumatlar qarşı tərəfə şifrələnərək ötürülür ki, bu da məlumatların təhlükəsizliyini təmin edir.

eGov – Elektron Hökumət Portalı

[redaktə | mənbəni redaktə et]
eGov – Elektron Hökumət Portalı

Azərbaycan Respublikası Prezidentinin 1885 nömrəli Fərmanı ilə "Elektron hökumət" portalı texniki-texnoloji infrastrukturu ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilib.

Portal dövlət qurumlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, vətəndaşların bu xidmətlərdən istifadəsinə, dövlət qurumlarının portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə qanunla müəyyən edilmiş qaydada informasiya əldə edilməsinə xidmət edir.

Portalın başlıca fəaliyyət istiqamətləri vətəndaşlar və dövlət qurumları arasında "bir pəncərə" prinsipini tətbiq etməklə, bütün xidmətlərin vahid platforma üzərindən elektron qaydada həyata keçirilməsini əhatə edir.

Portal vasitəsilə həm vətəndaş (G2C), həm sahibkar və biznes qurumları (G2B), həm də digər dövlət qurumları (G2G) istiqamətlərində xidmətlər həftənin bütün günləri fasiləsiz şəkildə həyata keçirilir.

ASAN ödəniş

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə "ASAN ödəniş" sisteminin Əsasnaməsi təsdiq edilib və sistem fəaliyyətə başlayıb.

Çoxfunksiyalı "ASAN ödəniş" sistemi cərimə, kommunal xidmət və digər ödənişləri qısa zamanda, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır. Həmçinin, ölkə daxilində geniş ərazini əhatə edən "ASAN ödəniş" terminalları, asanpay.az portalı və "ASAN Pay" mobil tətbiqi vasitəsilə istənilən xidmət üzrə heç bir məhdudiyyət olmadan 24/7 ödəniş etmək mümkündür.

Yüzdən çox qurumun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və digər ödənişlər "ASAN ödəniş" sisteminin https://www.asanpay.az/intro/home ödəniş portalı və terminalları eləcə də, sistemə qoşulmuş digər ödəniş portalları və terminalları vasitəsilə təmin edilir.

ASAN Viza

"ASAN Viza" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" Fərmanına əsasən yaradılıb.

"ASAN Viza" sisteminin başlıca məqsədi Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsindən ibarətdir.

"ASAN Viza" sistemi iki istiqamət üzrə fəaliyyət göstərir:

· https://www.evisa.gov.az/en/ elektron viza portalı vasitəsilə elektron vizaların verilməsi;

· Azərbaycan ərazisində yerləşən Beynəlxalq Hava Limanlarında vizaların verilməsinin təmin olunması.

Elektron vizaların verilməsi prosesi elektron viza portalı vasitəsilə həyata keçirilir. Azərbaycana səfər etmək istəyən əcnəbilər ölkəyə gəlməzdən əvvəl elektron vizaya müraciət etmək imkanına malikdirlər. Elektron vizaya müraciət prosesində sadələşdirilmiş formada sadəcə ümumvətəndaş pasportunun detalları tələb olunur. Müraciətçinin seçimindən asılı olaraq vizalar 3 gün (standart viza müraciət forması) və ya 3 saat (təcili viza müraciət forması) ərzində verilir.

15 may 2018-ci ildən etibarən Bakı, Gəncə, Qəbələ və Lənkəran beynəlxalq hava limanlarında "ASAN Viza" əməkdaşları və özünəxidmət terminalları vasitəsilə yerində vizaların verilməsi təmin edilir. "ASAN Viza"nın hava limanlarındakı əməkdaşları ökəmizə səfər edən əcnəbilərə Azərbaycan, İngilis, Fransız, İspan, Alman, Türk, Hind, Ərəb, Fars, İvrit, Urdu, Norveç və Rus dillərində xidmət göstərirlər. "ASAN Viza" vasitəsilə hava limanlarında 15 ölkənin — Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Yaponiya vətəndaşlarına, eyni zamanda körfəz ölkələrində etibarlı rezident vizalarına sahib olan əcnəbilər üçün yerində vizaların verilməsi də təmin edilir. Terminallar vasitəsilə orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin edilir. Özünəxidmət terminalları ilə yanaşı xüsusi pəncərələr vasitəsilə viza verilməsi və bank xidmətləri də həyata keçirilir.

Ümumilikdə, "ASAN Viza" sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron viza verilməsi təmin edilir. "ASAN Viza"nın elektron viza portalı və hava limanlarındakı özünəxidmət terminalları Azərbaycan, İngilis, Fransız, İspan, Alman, İtalyan, Ərəb, Fars və Rus olmaqla — 9 dildə fəaliyyət göstərir.

ASAN Finans

"ASAN Finans" layihəsi maliyyə təşkilatlarının dövlət informasiya ehtiyatlarına çıxışının asanlaşdırılması məqsədilə EHİM tərəfindən yaradılıb.

Sistemin məqsədi: Maliyyə xidməti göstərən qurumların dövlət informasiya ehtiyatları və sistemlərinə elektron çıxış platformasının yaradılması.

Sistem maliyyə təşkilatlarına dövlət informasiya sistemlərinə çıxış hüququ yaratmaqla onlara aşağıdakı üstünlükləri qazandırır:

· FİN və VÖEN vasitəsilə iş yeri, gəlirlər, ümumvətəndaş pasportları və digər məlumatların real vaxt rejimində əldə edilməsi;

· Məlumatların rəqəmsal sistemdə olması, onların təhlili və qərarvermə prosesində analizlərin sürətli aparılmasına imkanın yaradılması;

· Rəqəmsal bankçılığın inkişafının sürətləndirilməsi;

· Operator, əməliyyat və digər xərclərə, həmçinin fiziki resurslara qənaət imkanının yaradılması.

Sistem vətəndaşlara aşağıdakı imkanları qazandırır:

· Bank xidmətlərindən istifadə zamanı kağız daşıyıcıların rolunun minimallaşdırılması;

· Bank və sığorta xidmətləri üzrə müraciətlərin vahid rəqəmsal məkandan daha sürətli və şəffaf şəkildə göstərilməsi;

· Məsafədən bankçılıq xidmətinin daha əlçatan olması, bank xidmətlərinə 7/24 elektron müraciət imkanının yaradılması.

"ASAN Finans" layihəsi eyni zamanda vətəndaşların müraciətlərinin qurumlar tərəfindən operativ şəkildə təmin olunmasına da öz müsbət təsirini göstərir. Belə ki, qurumlar vətəndaşın icazəsi olduğu təqdirdə "ASAN Finans" sistemi vasitəsilə onun şəxsiyyət vəsiqəsi, iş yeri, VÖEN üzrə məlumatları, məhkumluq haqqında məlumatları, mövcud əmlakı və dövlət qarşısında öhdəliyinə dair elektron informasiyanı rahatlıqla əldə edə bilir. Bununla da qurumlar vaxta və resurslara qənaət etmiş olur.

Eyni zamanda vətəndaşlar "ASAN Finans" sistemi vasitəsilə banka getmədən istədikləri bankda hesab aça və kredit üçün müraciət edib bütün sənədləri elektron şəkildə izmalayaraq kredit əldə edə biləcəklər.

icaze.e-gov.az

İcazələrin alınması və Monitorinqi Sistemi

[redaktə | mənbəni redaktə et]

"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" EHİM tərəfindən Daxili İşlər Nazirliyi ilə (DİN) birgə əməkdaşlıq əsasında ərsəyə gətirilib. Sistem Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiqi zamanı vətəndaşların fəaliyyət göstərməsi və evdən çıxmalarına dair icazələrin alınması üçün nəzərdə tutulub.

Xüsusi karantin rejiminin tətbiqi zamanı vətəndaşların evdən çıxmalarına dair icazənin əldə edilməsi üçün isə 8103 SMS İcazə Sistemi tətbiq edilib. Sistem hər vətəndaşa bir gün ərzində limitli sayda icazə vermək, müvafiq kod və şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin uyğunluğu məlumatlarını emal etmək, icazə üçün müraciətləri təsdiq və ya ləğv etmək funksiyalarına malikdir.

"İcazələrin alınması və monitorinqi sistemi" üzərindən 1 milyon 270 mindən çox vətəndaşın və 139 mindən artıq qurumun fəaliyyətinə icazə verilib. Vətəndaşlardan SMS icazə sisteminə 112 milyondan artıq SMS daxil olub və 95 milyon müraciətə müvafiq icazələr verilib.

Rəqəmsal icra hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

"Rəqəmsal icra hakimiyyəti" portalı – rih.gov.az EHİM tərəfindən yaradılıb. Portal icra hakimiyyətləri tərəfindən göstərilən bir sıra xidmətləri rəqəmsal formatda vətəndaşlara təqdim edir, habelə icra hakimiyyətlərinə görüş üçün elektron formatda müraciət və aktual mövzular haqqında sorğular formalaşdırmaq imkanı yaradır. "Rəqəmsal icra hakimiyyəti" portalı yaradılmadan öncə vətəndaş iştirakını təmin etmək məqsədilə Gəncə şəhəri, habelə Quba və Masallı rayonlarında vətəndaşlar arasında sorğular təşkil olunub (sorğuların nəticələri ilə burada tanış ola bilərsiniz). Portal, həmçinin elektron formatda məlumatlandırma moduluna malikdir.

rih.gov.az portalı

• "Rəqəmsal icra hakimiyyəti" portalının xidmətlər bölməsində vətəndaşlara 12 elektron xidmət təqdim olunur. Bu xidmətlərdən 9-u yerli icra hakimiyyətlərinin vətəndaşlara göstərdikləri dövlət xidmətləridir. Bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlar tələb olunan sənədlər əsasında məlumatları təqdim etməklə müraciət edə bilərlər. Vətəndaşların bəzi fərdi məlumatları avtomatik şəkildə portal vasitəsilə əldə olunur. Bu isə öz növbəsində vətəndaşların vaxtına və resurslarına qənaət edir.

"E-iştirakçılıq" bölməsi vasitəsilə vətəndaşlar ictimai aktual mövzularla bağlı icra hakimiyyətinə müraciət göndərə bilərlər. Vətəndaş "E-iştirakçılıq" bölməsinə keçid etməklə, Yerli icra hakimiyyətini, daha sonra müraciətin istiqamətini seçməklə Yeni Müraciət" yaratmaq imkanına malikdir. Müraciət Yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunduqdan sonra sorğu portalın "E-iştirakçılıq" bölməsində digər vətəndaşların səs verməsi üçün yaradılır. Səs vermə anonim qaydada aparılır və nəticəsi portalda hər kəslə açıq şəkildə paylaşılır. Eyni zamanda, Yerli icra hakimiyyəti orqanları da həyata keçirilməsi planlaşdırılan layihələr və yeniliklər barəsində vətəndaşların fikir və münasibətlərini bu modul vasitəsilə əldə etmək imkanına malikdirlər.

"Vətəndaş Qəbulu" modulu Yerli icra hakimiyyəti orqanlarında görüş üçün onlayn müraciət etmək imkanını yaradır. Vətəndaşlar yerində qəbula müraciət etdikdən sonra müraciət müvafiq icra hakimiyyəti tərəfindən baxılır. Daha sonra vətəndaşın şəxsi kabinetində görüşün vaxtı və görüşüləcək şəxs barədə məlumat yerləşdirilir.

"Məlumatlandırma" bölməsi vasitəsilə vətəndaşlar Yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlər haqqında məlumat əldə edə bilərlər.

Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən "Yerli İnkişaf üçün Yaxşı İdarəetmə" proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyətləri ilə birgə həyata keçirilir. Layihənin ilkin mərhələsində sosial-iqtisadi aktiv 3 bölgə — Gəncə şəhəri, Masallı və Quba rayonları seçilib. Bu rayonlar Azərbaycanın hər bir zonasını (şimal, cənub və qərb) təmsil etməsinə, əhali çoxluğuna və "ASAN xidmət" mərkəzlərinin yerləşməsinə görə təyin edilib.

"Rəqəmsal icra hakimiyyəti" portalı qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib. Portaldan istifadəyə dair təlimat videosu

"CheckApp" mobil tətbiqi

[redaktə | mənbəni redaktə et]

"CheckApp" mobil tətbiqi EHİM tərəfindən yaradılıb. Tətbiq Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə hazırlanıb.

CheckApp mobil tətbiqi

Tətbiq vasitəsilə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə nəzərdə tutulan qurum və ya müəssisənin aidiyyəti səlahiyyətli şəxsi yaşı 18-dən yuxarı olan vətəndaşın ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən istifadə edə bilməsi üçün onun COVID-19 pasportunu yoxlayır. Tətbiq üzərindən vətəndaşın COVID-19 pasportu aşağıdakı 5 sadə üsuldan biri ilə yoxlanıla bilər:

• Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla;

• Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;

• Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;

• Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə;

• Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin pasport nömrəsinə görə axtarış etməklə.

Daha ətraflı məlumatla təlimat videosunda tanış olmaq mümkündür:

Qeyd edilən layihələrlə yanaşı, Bir pəncərə — Tikintiyə İcazə Sistemi, Elektron su təsərrüfatı informasiya sistemi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (e-Agro), "e-Satınalma", Dövlət Reklam Agentliyinin "İcazələr" sistemi EHİM tərəfindən texniki ərsəyə gətirilən layihələr sırasındadır.

  1. "Elektron Hökumətin İnkişafı Mərkəzinin hüquqi statusu müəyyənləşib" (az.). Oxu.az. 24 may 2018. 1 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2018.
  2. "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). President.az. 14 mart 2018. 2018-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2018.
  3. "Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]