EISA

EISA (Extended Industry Standard Architecture - genişləndirilmiş sənaye standartı arxitekturası) – IBM-uyumlu kompüterlər üçün şin; 1988-ci ildə hesablama texnikası istehsalı sahəsində 9 aparıcı şirkət (“Doqquzlar qrupu”): AST Research, Compaq, Epson, Hewlett-Packard, NEC, Olivetti, Tandy, Wyse və Zenith şirkəti tərəfindən IBM şirkətinin MCA (Micro Channel Architecture) şininə cavab olaraq işlənib hazırlanıb. EISA şini ISA (Industry Standard Architecture) şininin imkanlarını 32 mərtəbəyədək genişləndirir və şinə birdən artıq CPU qoşmağa imkan verir. ISA ilə müqayisədə ünvan fəzası 4 Gb-dək artırılıb. EISA şini ISA şininin üstçoxluğu olduğundan ona, MCA-dan fərqli olaraq, ISA-nın 8- və 16-mərtəbəli versiyaları ilə işləmək üçün nəzərdə tutulmuş əski lövhələr qoşmaq olar.

MCA şini EISA şinindən daha mükəmməl olmasına baxmayaraq, bir çox istehsalçılar EISA-nı qəbul etdilər, çünki MCA şini qapalıdır və onun bütün hüquqları IBM şirkətinə məxsus idi. Sonda IBM özü də EISA şinindən istifadə edən bir neçə maşın istehsal etdi. EISA baha olduğundan fərdi kompüterlərdə geniş yayıla bilmədi, ancaq serverlərdə geniş tətbiq olundu.