Ekskavator — yumşaq xassəli torpaqların qazılması və ya süxurlu yerlərin xırdalanmış halda emalı, həmçinin onların avtomobillərə və digər yükdaşıyan maşınlara yüklənməsinə imkan verən xüsusi maşındır. İşləmə prinsipinə görə bir çalovlu və çox çalovlu ekskavatorlar fərqlənirlər. Birinci tip ekskavatorlarda iş mərhələləri ardıcıl olaraq yerinə yetirdildiyi halda, çox çalovlu ekskavatorlarda bu paralell baş verir.
Bir çalovlu ekskavatorlar ən geniş yayılmışdır. Bu ekskavatorlarda iş əməliyyatı yeri kəsmək (qazmaq), dolmuş çalovu boşaltma mövqeyinə gətirmək, çalovu boşaltmaq və ilkin mövqeyə qaytarmaqdır. İş tsiklinin davamı ekskavatorun gücündən və iş şəraitindən asılı olaraq 12–80 saniyə çəkir. Bir çalovlu ekskavator istənilən qruntların emalında tətbiq oluna bilir. Asan qazılan yerlərdə çalovun həcmi böyüdülə bilir. Suxurlu yerlər ekskavatorla emal olunmazdan əvvəl boşaldılır (adətən partlayışla). Bir çalovlu ekskavatorlar tırtıllı, təkərli, dəmir yollu transmisiyaya malikdir. Ötürmə mexanizmini işlətmək üçün daxili yanma və elektrik mühərriklərindən istifadə olunur.
Çox çalovlu ekskavatorun konstruksiyası böyük həcmdə torpağın məhsuldar emalına şərait yaradır. İş zamanı gövdəyə bərkidilmiş çalovlar ardıcıl olaraq yerə batır, qazır, yükü nəql edir və arabaya boşaldır. Bu tip ekskavatorlar zəncirli və rotorlu olurlar. Birinci halda çalovlar (40-a qədər çalov) sonsuz zəncirə bağlanırlar. Rotorlu ekskavatorlarda çalovlar (24-ə qədər çalov) işçi çarx boyunca düzülürlər. Qazılmış torpaq bir başa, ya da qidalandırıcının köməyi ilə yükləyici konveyerə ötürülür. Emal olunan yerin uzunluğu 150m, qazma hündürlüyü 50m və qazma dərinliyi 25 m olur. Müasir tipli rotorlu ekskavatorların çəkisi 135t-a qədərdir. Bu ekskavatorla gün ərzində 240000 m³ həcmində torpaq qazmaq mümkündür.