Elbrus Axundov

Elbrus Maarif oğlu Axundov 1962-ci il sentyabr ayının 21-də Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə orta məktəbi əla qiymətlə bitirdikdən sonra, elə həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (İndiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) "Memarlıq" fakültəsinə daxil olmuş və oranı 1984-cü ildə fərqlənmə ilə bitirmişdir. Tələbəlik illərində eyni zamanda "Tələbə Elmi Konstruktor" sektorunda müəllimləri ilə birlikdə (prof. R.Əbdülrəhmanov, prof.M.Nəcəfov, akademik D.Axundov, prof. N.Rzayev, konstruktor E.Zərgərli, A.Aslanov) memarlıq və konstruksiya üzrə əsaslı təcrübə toplamaqla bir neçə real layihə işinin (Saatlı rayon mərkəzində "Şərq bazarı", Astara rayonunda filoteriya, avtovağzal, uşaq oyun meydançası və yay kinoteatrının) müəlliflərindən olmuşdur. Üniversiteti bitirdikdən sonra Latviya, Litva, Estoniya, Səmərqənd, Buxara, Urgənc, Nəvoi və respublikamızın bir sıra rayonlarında istehsalat təcrübələri keçdikdən sonra təyinatla Bakı Şəhər Soveti tabeliyində olan "Bərpaçı İnşaat və İstehsalat İdarəsi" tərkibində "Layihə" sektoruna göndərilmiş və iş fəaliyyətinə burada memar-mühəndis olaraq başlamışdır. 1990-cu ildə eyni qurumun Baş idarəsinin "Layihə" bürosuna keçirilmiş, 1990–1992-ci illər arasında burada 2-ci dərəcəli memar, 1-ci dərəcəli memar, inşaat müfəttişi və emalatxana müdiri vəzifələrində çalışmışdır. Bakı şəhərində bu illər ərzində 10 bərpa layihəsi, 125-dən artıq memarlıq layihələrinin müəliifi olmuşdur. 1992–1994-cü illər arası Elmi Tədqiqat Layihə İnsitutuna dəvət olunaraq burada aparıcı memar vəzifəsinə təyin edilmiş, daha sonra 1994–1995-ci illər arası "Azərb.Dizayn İnşaat və İstehsalat-Təsərrüfat" trestinin "Plan İstehsalat" şöbəsinin müdiri olmuşdur. 1993–1996-ci illərdə eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyətində "Memarlıq və Tikinti" şöbəsində mütəxəssis və baş mühəndis vəzifələrində çalışmışdır. 1996-cı ildə 1 saylı İnşaat-Təsərrüfat trestinin mühəndisi, 1997–2003-cü illər ərzində baş mühəndisi vəzifələrini icra etmişdir. 2004–2006-cı illər ərzində 1 saylı İnşaat-İstehsalat birliyində mühəndis vəzifəsində çalışmışdır. 2007–2011-ci illər arasında "Azimport" MMC-nin aparıcı memarı kimi Bakı şəhərinin bir çox tanınmış binalarının bərpası və yenidən layihələndirilməsi işlərini həyata keçirmişdir. 2011-ci ildə Nazirlər Kabiteni yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində baş mütəxəssis olaraq işə başlamış, 2019-cu ildə eyni idarənin "Memarlıq və layihə-smeta" şöbəsinin müdiri təyin olunmuş və həyatının sonuna kimi həmin vəzifədə fəaliyyət göstərmişdir. Elbrus müəllim fəaliyyəti boyunca eyni zamanda bir sıra gənc memar və dizaynerlərin elmi işlərində onlara rəhbərlik etmiş, bir çox gənc memarın yetişdirilməsində misilsiz rol oynamışdır.

Elbrus Axundov
Elbrus Maarif oğlu Axundov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Lənkəran
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri Bakı
Təhsili Azərbaycan Memarlıq və İnşaat Universiteti
İşləri və nailiyyətləri
Memarlıq üslubu Bərpa-Konservasiya işləri

Memarlıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əbədi məşəl memarlıq kompleksi – 1996–1997-ci illər ərzində BŞİH-nin nəzdində fəaliyyət göstərən "Bərpaçı" Elmi Bərpa İstehsalat Baş idarəsinin İçərişəhərdə yerləşən Elmi-Bərpa Layihə insitutunda üzlənmə işləri layihələndirilib və inşasında bilavasitə və təmənnasız iştirak etməklə 45 gün ərzində ağlay daşlarla üzlənməsi həyata keçirilmişdir. Ağlay üzlənmə işlərinin layihə müəllifi E.M.Axundov olmuşdur. (Professor C.Qiyasinin rəhbərliyi ilə EBİLİ-də)

Səadət sarayı – Bakı şəhəri M.Muxtarov küçəsi 8 ünvanında yerləşən Bakı milyonçusu M.Muxtarovun mülkü olan bina 2011–2012-ci illərdə bərpa edilərkən fasad işlərinin bərpası E.M.Axundovun rəhbərliyi altında öz işçi qrupu ilə həyata keçirilmişdir. Bərpa zamanı ümumi fasadın 2400 m² sahəsindən 896 m² -ində qəzalı daşlar fasaddan zədələnmədən çıxarılmış, daşların tərs üzü cilalanmaqla yenidən öz yerinə bərpa edilmiş, qəzalı vəziyyətdə olan cəngavər heykəli, frontonlar, barelyeflər, digər müxtəlif heykəllər yenisi ilə əvəz olunmadan xüsusi vasitələrlə bərpa edilmiş və binanın bütün cila işləri əl ilə yerinə yetirilmişdir.

"Ağsaray-1" yaşayış kompleksi — 2008-ci ildə Bakı şəhəri S.Vurğun və B.Səfəroğlu küçələrinin kəsişməsində yerləşən yaşayış kompleksinin fasadının ağlay üzləmə işlərinin layihəsini təqdim etmiş və 15657 m² fasad sahəsinin üzlənmə işlərinə müəllif nəzarətini həyata keçirmişdir.

"Ağsaray-2" yaşayış kompleksi – 2010-cu ildə Bakı şəhəri akademik H.Əliyev küçəsində yeni inşa edilmiş hündür mərtəbəli yaşayış kompleksinin 16458.25 m² fasad üzləmə işlərinin nəzarətini və 13–15-ci mərtəbələrinin ağlay üzləmə layihəsinin verilməsi və icrası olunması memar E.M.Axundov tərəfindən aparılmışdır.

Saat qülləsi – 2010-cu il dövlət sifarişi ilə N.Nərimanov küçəsi 205 saylı parus tipli yaşayış binasının üzərində saat qülləsinin layihəsi memar-bərpaçı E.M.Axundov tərəfindən hazırlanmış və inşasına nəzarət edilmişdir.

"Qala" mehmanxanası — İçərişəhər 10-cu Qəsr küçəsində yerləşən mehmanxananın layihələndirilməsi, tikintisi, tikintiyə memarlıq və müəllif nəzarəti və fasadın üzlənməsi 2006–2007-ci illər ərzində E.M.Axundovun rəhbərliyi ilə aparılmışdır.

Macarıstan səfirliyi – "İçərişəhər" DTMQİ-nin ərazisində M.Ə.Sabir və Hərb küçələrinin kəsişməsində yerləşən və Macarıstan səfirliyi kimi fəaliyyət göstərən bina ilk olaraq mehmanxana kimi nəzərdə tutulmuş və fərdi qaydada E.M.Axundov tərəfindən "Abşeron-klassik" memarlıq üslubunda layihələndirilmişdir. Bu zaman binanın yerində mövcud olmuş köhnə yaşayış binasının ilkin memarlıq üslubu nəzərə alınmış və binaya əlavə olaraq İçərişəhər memarlığına uyğun erker əlavə olunmuşdur. Layihə işləri 2008-ci ildə həyata keçirilmişdir.

H.Z.Tağıyevin mülkü – Bakı şəhəri Nizami küçəsi 23 və N.Rəfibəyli küçələrinin kəsişməsində yerləşən bina 2010–2011-ci illərdə E.M.Axundov və onun bərpaçı qrupu tərəfindən arxiv sənədlərinə əsasən layihələndirilmiş və bərpası həyata keçirilmişdir.

DİN Çevik Polis Alayı binası – 2012-ci ilin iyun-avqust aylarında Bakı şəhəri Fəhlə prospektində yerləşən binanın bütünlüklə üzlənmə işlərinin layihələndirilməsi, tikinti prossesinə şablonların verilməsi, detalların həlli və memarlıq nəzarət işlərinin həyata keçirilməsi tam olaraq E.M.Axundov tərəfindən həyata keçirilmişdir.

28 Mall ticarət mərkəzi – 28 may və S.Vurğun küçələri kəsişməsində yerləşən binanın fasad-üzləmə işlərinin layihələndirilməsi, layihə smeta sənədlərinin hazırlanması 1 ay müddətində E.M.Axundov tərəfindən yerinə yetirilmiş və tikinti zamanı özü tərəfindən müəllif nəzarəti həyata keçirilmişdir.

Akademik L.Landaunun evi – Bakı şəhər Nizami küçəsi 96b ünvanında yerləşən yaşayış evinin fasadının yenidən qurulmasının layihələndirilməsi və arxiv sənədlərinə əsasən itirilmiş elementlərin bərpası, həmçinin dam konstruksiyasının və bütün balkonların tam bərpası memar E.M.Axundov və onun bərpa qrupu tərəfindən 2011-ci ildə həyata keçirilmişdir.

Bakı milyonçusu Aşurbəyovların mülkü – Bakı şəhəri Vidadi küç 148 ünvanında yerləşən binanın fasadının itirilmiş elementlərinin, giriş qapısı ətrafında sütun və detalların, kronşteynlərinin, künc fasadının balkonunun konstruktiv olaraq 1911-ci il sənədlərinə əsasən bərpası E.M.Axundovun bərpa qrupu tərəfindən 2011-ci ildə həyata keçirilmişdir.

Bakı şəhəri "İçərişəhər" DTMQİ-nin ərazisində M.Maqomayev 27 saylı ünvanda aparılmış fasadın və arxiv eskizləri əsasında itirilmiş memarlıq elementlərinin bərpa olunması.

H.Z.Tağıyev küç 16–18, Y.Məmmədəliyev küç 22–24-26, S.Vurğun küç 65, Nizami küç 56–62-83 saylı binaların balkon, məhəccər, fasadlarında olan kiçik və böyük qorelyef heykəllər, dam örtükləri və fasadların qəzalı hissələri E.M.Axundovun layihələndirməsi əsasında bərpa edilmişdir.

Həmçinin E.M.Axundov tərəfindən görülən digər layihə və bərpa işlərinin bir hissəsi:

• Qərb Univeristeti – İstiqlaliyyət küçəsi 25;

• Sərdarov qardaşlarının mülkü – Bakı şəhəri, İstiqlaliyyət küçəsi 21;

• M.Ə.Sabir bağının bərpası və yenidən qurulması;

• Səməd Vurğun küçəsində yerləşən hərbçilər üçün istirahət parkında inşa edilmiş 14 m diametrli fəvvarə;

• Hüseyn Cavid prospektində inşa edilmiş parkda fəvvarələr kompleksi;

• İzmir istirahət parkında fəvvarə layihəsi və tikintisi;

• Fəhlə prospektində DİN-in nəzdində "Miqrasiya" işçilərinin inzibati binası;

• Bakı şəhəri R.Behbudov prospektində yerləşən "R.Behbudov adına mahnı teatrı"nın fasadının bərpası;

• İçərişəhər Qəsr küçəsində Polşa Respublikasının səfirlik binasının və ikinci yardımçı binanın layihələndirilməsi və tikinti zamanı müəllif nəzarəti;

• İçərişəhər, Böyük Qala küçəsində "Qala divarı" ictimai iaşə obyekti, quraşdırılması və müəllif nəzarəti;

• İçərişəhər, 3-cü İlyas Əfəndiyev küçəsində 2 mərtəbəli yaşayış evinin layihə-bərpa işləri;

• İçərişəhər Həqiqət Rzayeva küçəsində transformator binasının qədimi daşlarla üzlənməsi;

• İçərişəhər, Kiçik Qala küçəsində qala divarında yerləşən 15 saylı bürcündə 3 mərtəbəli turist kafesinin layihələndirilməsi və tikintisinə müəllif nəzarəti;

• Bakı şəhəri S.Vurğun küçəsi 61,63,169,171 və 173 saylı, Qoqol küçəsi 138,142 və 144 saylı binaların fasadlarının arxiv sənədlərinə əsasən bərpası və müəllif nəzarəti;

• Bakı şəhəri İnşaatçılar prospektində yerləşən 12 yaşayış binasının fasadlarının arxiv sənədlərinə əsasən bərpası və müəllif nəzarəti;

• Həmçinin, Bakı və rayonlarda 125-dən çox yaşayış villalarının layihələndirilməsi, tikintisinə və müəllif nəzarəti.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elbrus Axundovun İçərişəhər və Bakı kəndlərində Azərbaycan memarlıq tarixinə aid 20 ilə yaxın apardığı araşdırmaların nəticələrindən günümüzdə belə istifadə olunur. Elbrus müəllim tarix-mədəniyyət abidələrinin memarlıq tərzlərinin araşdırılması, tarixi və arxiv qeydləri əsasında layihələndirilməsi və bərpa olunmasının əsas müddəaları, habelə Azərbaycanda memarlıq və inşaat tarixinin öyrənilməsi istiqamətində bir sıra töhfələr vermişdir [1],[2]. E.Axundov 1 kitab, 1 elmi məqalənin müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü memar Tofiq Şəkixanov 2015-ci ildə çap etdiyi "Memarlıq abidələrinin öyrənilməsi, qorunması və bərpasının əsas prinsipləri" kitabında Elbrus Axundovu müasir dövrdə yetişmiş ən bacarıqlı praktik memarlardan biri kimi qeyd etmişdir.

İş fəaliyyətindən əlavə olaraq hobbisi şeir yazmaq idi. 40-dan artıq şeirin müəllifidir.

2021-ci ildə həyatı, memarlıq və bərpa layihələri və şeirlərini əhatə edən bioqrafik kitabı çap olunmuşdur.

Elbrus müəllimin 2 oğul övladı var.

Çap olunmuş elmi əsər və məqalələri

[redaktə | mənbəni redaktə et]
  1. 2016-cı ildə Bakı xanlarının saray kompleksi ərazisində aşkar olunan hamamda aparılmış arxeoloji qazıntılar haqqında. Azərbaycanda arxeoloji tədqiqatlar 2015–2016, səh. 304–309 – AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu — İ.N.Əliyev, K.F.İbrahimov, E.M.Axundov – Bakı, 2017 [3][4]
  1. "Arxivlənmiş surət". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-23.
  2. "Arxivlənmiş surət". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-23.
  3. "Arxivlənmiş surət". 2021-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-23.
  4. "Arxivlənmiş surət". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-23.