Eldar Abdinov (Eldar Rzaqulu oğlu Abdinov; 20 aprel 1952, Ərkivan kəndi, Masallı) — 1-ci, 2-ci, 3-cü dərəcəli "Əmək şöhrəti" nişanları, "Kömür sənayesi fəxri əməkdaşı" nişanı, "Şəhər qarşısında xidmətlərinə görə" nişanı ilə təltifçisi[1], Qazaxıstanın Ekibastuz şəhərinin Milli Məclisinə 6 dəfə deputat seçilmişdir[2], Əməkdar təqaüdçü.
Eldar Abdinov | |
---|---|
Eldar Rzaqulu oğlu Abdinov | |
Doğum tarixi | |
Doğum yeri | Ərkivan kəndi, Masallı |
Milliyyəti | azərbaycanlı |
Eldar Abdinov 20 aprel 1952-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1958–68-ci illərdə Ərkivan kəndində tam orta təhsil alıb. Daha sonra Bakıda 5 nömrəli ŞTPM-ə daxil olub. Peşə məktəbini fərqlənmə ilə bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1970–72-ci illərdə Rusiyanın Komsomolsk-Amur şəhərində Dəmir yolu ordusunda hərbi xidmət edib. Tərxis olunduqdan sonra həmin şəhərdə qalaraq idmançı karyerasını davam etdirib. Sərbəst güləş üzrə ustalığa namizəd Eldar Abdinov 1973-cü ildə Komsomolsk-Amurda keçirilən şəhər birinciliyinin qalibi olub. Elə həmin il Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinə gedib və hazırda orada yaşayır.
20 il ərzində "Boqatır Akses Komir" MMC-də Yeməkxana müdiri vəzifəsində çalışıb. Bununla yanaşı, Pavlodar Sənaye və Karaqanda Kooperativ İnstitutlarını bitirərək iki ali təhsil alıb[3].
1976-cı ildə Pavlador vilayətində ittifaq əhəmiyyətli QRES-in inşasında Azərbaycandan komsomol təyinatı ilə 100-dən artıq gənc gəlib. Onların gəldiyinin səhəri gün Eldar Abdinov yataqxananın qırmızı guşəsində onlarla görüşür və şəhərdə olan vəziyyəti izah edir. Həmin il amnistiya edilib, həbsxalardan buraxılmış on minlərlə keçmiş canilər komsomol tikintiləri gedən şəhərlərə yerləşdirilib. Ekibastuz şəhəri də istisna hal təşkil edib. Bununla əlaqədar olaraq şəhərdə kriminogen vəziyyət çox gərgin olub.
Eldar Abdinov, eyni zamanda diaspor işində də aktiv soydaşlarımızdandır. 12.05.1992-ci ildə Qazaxıstan Respublikasının Pavlodar vilayətinin Ekibastuz şəhərində onun təşəbbüsü ilə "Azərbaycan" Cəmiyyəti yaradılıb və o, bu cəmiyyətə sədr seçilib. Eldar Abdinov Birinci Qarabağ müharibəsi illərində Ekibastuzdakı bütün həmvətənlərimizi yardım etməyə səfərbər etdərək vəsait toplayıb. 26.05.1992-ci ildə 164 kq dərman və 250 000 rubl (təqribən 40 000 manat ekvivalent) ilə Azərbaycana gedib. Dərmanları və həmin pullara alınmış zirehli jiletləri çox böyük ehtiyacı olan gənc Azərbaycan Ordusunun zabitlərinə təhvil verib. 2004-cü ildə ictimai işləri olduqca çox olduğundan könüllü surətdə Cəmiyyətin sədri vəzifəsindən istefa verib və Ağsaqqallar Şurasının sədri seçilib. 1996–2004-cü illər ərzində Ekibastuzdakı "Azərbaycan" Cəmiyyətinin festival, yarış və s. tədbirlərdə iştirakını təşkil edib. Bununla Cəmiyyət bütün vilayətdə tanınıb. Təqaüddə olmağına baxmayaraq, indi də Azərbaycan diasporunun taleyində yaxından iştirak edir, öz yardım və əməyini əsirgəmir[4].
Eldar Abdinovun ictimai-siyasi fəaliyyətinin əsas hissəsini, bir millət vəkili olaraq görmüş olduğu işlər təşkil edir. Eldar Abdinov 6 dəfə Ekibastuz şəhəri Milli Məclisinin deputatı seçilib. O, 2020-ci ilə kimi Məsləhət Şurasında vətəndaşların qanuni maraqları və hüquqlarının təminatı üzrə daimi komissiyanın sədr müavini olub. Eldar Abdinov 2018 və 2019-cu illər ərzində millət vəkili olaraq fəaliyyətinə görə 17 deputat arasında ən yüksək bal toplayıb.
18 ildən çoxdur ki, öz vəsaiti hesabına 15 yaşına çatmış yeniyetmə oğlan və qızlar arasında müxtəlif idman növləri üzrə yarışlar keçirir, öz vəsaiti ilə gənc idmançılara idman formaları alır, yerli təsərrüfatları ərazini abadlaşdırmaq üçün mobilizə edir. Onun təşəbbüsü ilə Ekibastuzda yaşayış binlarında borular dəyişdirilib, həyətlər abadlaşdırılıb, qazanxanalar, elektrik xətləri, idman kompleksləri təmir olunub. 18 ildən çoxdur ki, "Məktəbə gedən yolu" aksiyasında iştirak edir. Bu aksiya çərçivəsində 528 uşağa məktəb ləvazimatı və 39 uşağa komplekt məktəbli geyimi təqdim olunub. 18 ildən artıqdır ki, Beynəlxalq Ahıllar Günü ilə bağlı qəbul keçirir. Onun tərəfindən bu illər ərzində 1538 nəfər yaşlı insan üçün süfrə açılıb[5].
Hazırda Eldar Abdinov Əməkdar təqaüdçüdür. Tanınmış ictimai xadim 2003–2015-ci illərdə Ekibastuzda 12 millətdən ibarət olan Milli Mədəniyyət Mərkəzinin Əlaqələndirmə Şurasının sədri olub. 2011–2019-cu illərdə Qazaxıstan Xalqları Assambleyasının üzvü olub. "Ekibastuzun gələcəyi" hərəkatının aktiv üzvlərindəndir. O, Nur Otan Partiyasının Ekibastuz şəhər filialının partiya nəzarəti sədridir. 2015-ci ildən Ekibastuz şəhərinin fəxri vətəndaşı olan Eldar Abdinov dəfələrlə şəhər və vilayət rəhbərliyinin fəxri fərmanları ilə təltif olunub, Qazaxıstan Respublikası Konstitusiyasının 10 illiyi, 20 illiyi medalları, Qazaxıstan Respublikası Müstəqilliyinin 10 illiyi, 20 illiyi medalları, Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi, 25 illiyi medalları 1-ci, 2-ci, 3-cü dərəcəli "Əmək şöhrəti" nişanları, "Kömür sənayesi fəxri əməkdaşı" nişanı, "Şəhər qarşısında xidmətlərinə görə" nişanı ilə təltif edilib[2].