Eleqaz açarı

115 kV-luq eleqaz açarı

Eleqaz açarıelektrik qövsünün söndürülmə vasitəsi kimi eleqazdan istifadə olunan, enerjisistemdə normal və ya qəza rejimlərində əl ilə, məsafədən və ya avtomatik olaraq dövrə hissəsinin və ya elektrik avadanlığının operativ qoşulması və açılması üçün nəzərdə tutulmuş yüksək gərginlik açarlarının bir növüdür.

Bu günkü gündə, eleqazın qövssöndürücü vasitə kimi istifadəsi sıxılmış hava və yağ ilə müqayisədə daha təsirlidir və yüksək və ultra yüksək gərginlikli dəyişən cərəyan açarlarının inkişafı üçün ən perspektivli və sürətlə inkişaf edən bir istiqamətdir. Eleqaz avadanlıqlarının əsas üstünlükləri eleqazın unikal fiziki-kimyəvi xüsusiyyətləri ilə müəyyən edilir. Düzgün istifadə ilə, eleqaz köhnəlmir və yağ kimi xüsusi qulluğa ehtiyac duymur.

Eleqaz açarlarına aşağıdakılar xasdır: kompaktlıq; uzun müddətli istismarın mümkünlüyü; nominal gərginliklərin geniş diapazonu (6–1150 kV); yanğından təhlükəsiz olması və yüksək xidmət təhlükəsizliyi.

Eleqaz açarları 1980-ci ildən bəri intensiv şəkildə inkişaf etdirilməyə başlandı və 110 … 1150 kV gərginliklərdə və 80 kA qədər cərəyanlarda böyük perspektivlərə malikdir. Texniki cəhətdən inkişaf etmiş ölkələrdə yüksək və ultra yüksək gərginlikli (110–1150 kV) eleqaz açarları demək olar ki, bütün digər aparatları əvəz etdi. Həmçinin, aparıcı xarici şirkətlər demək olar ki, 110 kV və daha yüksək gərginlik sinifləri üçün komplekt eleqaz tipli paylayıcı quruluşların və eleqaz açarlarının istehsalına tamamilə keçid etdilər.

Eleqaz açarının quruluşu

[redaktə | mənbəni redaktə et]
Sütünşəkilli eleqaz açarı
Sütünşəkilli eleqaz açarı

Konstruksiyasına görə sütunşəkilli və çənli açarlara bölünürlər. Sütunşəkilli olanlar az həcmli yağlı açarlarından görünüşü və ölçüsü ilə əsaslı şəkildə fərqlənmir. Çənli eleqaz açarları, yağ açarları ilə müqayisədə daha kiçikdir, ümumi üç qütblü bir ötürücüyə və quraşdırılmış cərəyan transformatorlarına malikdir.

Eleqaz açarlarında nominal gərginlikdən, avadanlığın quraşdırılmış yerindəki nominal açma cərəyanından və istismar xüsusiyyətlərindən asılı olaraq qövsün söndürülməsinin müxtəlif üsulları istifadə olunur. Eleqaz tipli qövssöndürmə qurğularında hava qövssöndürücü qurğulardan fərqli olaraq, qövs söndürülən zaman qaz ucluq vasitəsilə atmosferə deyil, eleqaz ilə nisbətən kiçik təzyiq altında doldurulmuş qapalı bir kameraya keçir.

Açarın ötürücü mexanizmi

[redaktə | mənbəni redaktə et]
Çənli eleqaz açarı
Çənli eleqaz açarı

Açarın ötürücü mexanizmləri açarın idarəsini təmin edir — qoşmaq, qoşulu vəziyyətdə saxlamaq və açmaq. Ötürücünün valı ling və dartı sistemi vasitəsilə açarın valına birləşdirilir. Açarın ötürücü mexanizmi lazımi etibarlılığı və cəld işləməni təmin etməlidir.

Eleqaz açarlarında iki növ ötürücü mexanizm istifadə olunur:

  • Yaylı — ling və vallardan ibarət kinematik sistemi olan idarəetmə orqanları ilə;
  • Yaylı-hidravlik — idarəetmə orqanı hidravlik sistem olan ötürücü mexanizm.

Eleqaz açarlarının üstünlükləri və çatışmazlıqları

[redaktə | mənbəni redaktə et]

Üstünlükləri

[redaktə | mənbəni redaktə et]
  • 1 kV-dan yüksək bütün gərginlik siniflərində tətbiqinin mümkünlüyü;
  • qövsün söndürülməsi atmosferə keçmədən qapalı həcmdə baş verir;
  • nisbətən kiçik ölçülər və çəki;
  • yanğın və partlayış təhlükəsizliyi;
  • cəld təsiretmə;
  • yüksək açma qabiliyyəti;
  • kəsilmə və ifrat gərginlik olmadan cərəyanın sıfırdan keçmə anında kiçik induktiv və tutum cərəyanlarını etibarlı şəkildə açması;
  • qövssöndürücü kontaktların az yeyilməsi;
  • səssiz işləməsi;
  • vahid düyün nöqtələrilə seriya yaratmaq imkanı;
  • qapalı və açıq quruluşlar üçün yararlı olması.

Çatışmazlıqlar

[redaktə | mənbəni redaktə et]
  • istehsalın mürəkkəbliyi və baha olması — istehsalda yüksək təmizlik və dəqiqliyə riayət etmək lazımdır;
  • eleqazın keyfiyyətinə yüksək tələblər;
  • SF6-nın istilik çatışmazlığı, eleqaz açarlarının aşağı ətraf mühit temperaturlarında işləməsinə imkan verən digər maddə qarışıqların istifadəsinə ehtiyac;
  • SF6-nın doldurması, vurulması və təmizlənməsi üçün xüsusi cihazlara ehtiyac;
  • SF6-nın nisbətən yüksək qiyməti;
  • Eleqazın istifadəsi yüksək diqqət tələb edir.
  • Аметистов Е.И. Основы современной энергетики под общей редакцией чл.-корр. РАН Е.В. Аметистова — М.: Издательство МЭИ, 2004.- 822с
  • Неклепаев Б.Н. Электрическая часть электростанций и подстанций / Б.Н. Неклепаев, И.П. Крючков – М.:Энергоатомиздат,1989.- 605с.
  • Полтев А. И. Конструкции и расчёт элегазовых аппаратов высокого напряжения. — Л.: Энергия, 1979. −240 с.;
  • Электрические аппараты высокого напряжения/ Под редакцией Г. Н. Александрова. — Л.: Энергоатомиздат, 1989. — 344 с.;
  • Справочник по электрическим аппаратам высокого напряжения/ Под редакцией В. В. Афанасьева. — Л.: Энергоатомиздат, 1987. — 544 с.;