Enli lentqurd

Enli lentqurd lat. Diphyllobothrium latum Pseudophyllidea dəstəsinə aid olan lentşəkilli qurddur. Enli lentqurd yaxşı bişirilməmiş yoluxmuş balıqla və ya durna balığının çiy kürüsü ilə qidalanma zamanı insanda parazitik xəstəlik olan difillobotrioz xəstəliyini törədir.

Enli lentqurd
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Quruluşu[redaktə | mənbəni redaktə et]

Enlilent qurdun uzunluğu 9–20 m-dir. Bədəni təşkil edən buğumların sayı 4000-dən çox olub, rəngi ağımtıl, boz və ya sarımtıldır. Baş yumurta formasında olub, uzunluğu 2,5 mm, eni isə 1 mm-dir. Skoleks ön tərəfdən dəyirmi, yan tərəflərdən isə basıqdır. Başın ventral və dorzal səthində bir dərin şırım (botri) vardır. Bu şırımı başın en kəsiyində aydın görmək olur. Başın arxa hissəsi daralaraq 15 mm uzunluğu olan boyuna keçir. Bədən buğumları nisbətən qısa və enli olub, düzbucaq şəklindədir. Öküz soliterindən fərqli olaraq, bədənin arxa hissəsindəki buğumların yan istiqamətdə qismən dartıldığından, eni uzunluğundan bir qədər çox olur. Başdan strobilaya doğru 3-4 sm məsafədə yerləşmiş buğumlarda cinsiyyət orqanları inkişaf etmir. Sonrakı buğumlarda isə cinsiyyət orqanlarının rüşeym başlanğıcı görünür. Buğumlarda cinsiyyət dəliyinə boyundan 15 sm arxada yerləşmiş buğumlarda təsadüf edilir. Başdan 60 sm arxada yerləşmiş buğumlarda içərisində hələ yumurta olmayan balalıq görünür. Erkək cinsiyyət orqanı çoxsaylı (600-700 ədəd) toxumluqdan ibarət olub, parenximdə buğumun yan tərəfində yerləşmişdir. Toxumluqlar dairəvi olub, diametri 140 mkm-dir. Toxum kanalcıqları buğumun arxasına doğru istiqamətlənərək orada toxumçıxarıcı kanala açılır. Toxumçıxarıcı kanal genişlənərək toxum kisəsi funksiyasını daşıyır. Toxumçıxarıcı kanal əyilərək buğumun bel nahiyəsi boyu enə doğru uzanaraq kopulyativ aparatla qurtarır ki, onun da əsas hissəsini sirrus kisəsi təşkil edir. Sirrus kisəsinin içərisindən toxumfırladıcı kanal keçir və sirrusun axarına açılır. İkipaylı yumurtalıq buğumun arxa hissəsinin ortasında yerləşir. Yumurtalığın hər iki payı öndə birləşir. Yumurtalıqdan bir qədər aralı, yumurta borusuna dəhlizin nazik birləşdirici kanalı və sarılıq axacağı, sonra isə yumurta borusuna Melis cisimciyi vəzisinin axacağı açılır. Balalıq çox qıvrılmışdır, lakin yan şaxələnməsi yoxdur, cinsiyyət dəliyi arxasında sərbəst dəliklə xaricə açılır. Balalıq yumurta ilə dolu olur. Yumurta nisbətən iridir, boz və ya sarımtıl rəngdədir. Formaca oval olub, xaricdən nazik və hamar örtüklə örtülmüşdür. Yumurtanın bir qütbündə qapaqcıq, digər qütbündə isə kiçik yumrucuq vardır. Enlilent qurd sahibin bağırsağında 29 ilə kimi yaşaya bilər. İnsandan başqa bu parazit itin, pişiyin, tülkünün, suitinin və digər məməli heyvanların nazik bağırsağında yaşayır. Parazitin yumurtalarının sayı insanda bir defekasiya aktında 21 minə qədər olur. Enlilent qurd gündə 8-9 sm uzanır.

İnkişaf dövriyyəsi[redaktə | mənbəni redaktə et]

Enlilent qurdun əsas sahibi insan, it, pişik, ayı, tülkü, birinci aralıq sahibi-ibtidai xərçənglər, ikinci aralıq sahibi - şirin su balıqlarıdır. Əsas sahibin bağırsağında cinsi yetkinliyə çatmış qurdun buğumlarından yumurta nəcislə birlikdə xarici mühitə düşür. Yumurtanın inkişafı üçün su mühiti tələb olunur. Suya düşmüş yumurtadan kirpikli sürfə-korasidi xaric olur. Korasidinin diametri 42-49 mkm-dır. Yumurtadan korasidi sürfəsinin çıxması xarici mühitin temperaturundan asılıdır. Belə ki, 16 °C-də 10-14 günə, 22-25 °C-də isə 6 günə kimi vaxt lazım olur. Sürfə yalnız işıq şəraitində yumurtadan xaricə çıxır. Yumurtadan çıxmış korasidi 6 qarmaqlı olur. Sürfə suda kirpikli örtüyün köməyi ilə plankton orqanizmlər kimi üzür. İbtidai xərçənglərdən (Copepoda) siklop (Cyclops strenuus) sərbəst üzən korasidini udur. Xərçəngin qida borusunda korasidi kirpik örtüyünü itirir və xaric olmuş onkosfer bağırsağın divarından keçərək bədən boşluğuna düşür. Burada onkosfer 2-3 həftə ərzində inkişaf edərək uzunsov formada olan proserkoidə çevrilir. Proserkoid arxa tərəfdən 6 qarmağa və sorucu şırıma malikdir. Parazitin sürfəsi ilə yoluxmuş siklop suda üzdüyü vaxt ikinci aralıq sahib olan balıq tərəfindən udulur. Balığın mədəsində həzm fermentlərinin təsirindən xərçəng həzm olunur, azad olmuş proserkoid mədənin divarından keçib müxtəlif orqanlara, o cümlədən əzələyə, qaraciyərə, yumurtalıqlara və s. daxil olur və pleroserkoidə çevrilir. Pleroserkoid ağımtıl rəngdə olub, nisbətən uzunsovdur (6–7 mm). Balığın pleroserkoidlə yoluxma intensivliyi müxtəlif olur: 100 q balıq ətində parazitin sayı 10-211 ədəd ola bilər. Paraziti əzələ liflərindən çıxarıb suya qoyduğda, onun ön hissəsində 2 sorucu şırım aydın görünür. Plero-serkoidli balığı yaxşı bişirməyib yedikdə pleroserkoid ön hissəsindəki iki sorucu şırım vasitəsilə insanın nazik bağırsağının divarına yapışır və burada boyun buğumların hesabına tədricən strobila formalaşır. İnsan bağırsağında yetkin qurd 10-29 ilə kimi yaşaya bilir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Difillobotrioz əsas etibarilə şirin su hövzələri olan rayonlarda, xüsusən, İrlandiyada, İslandiyada, Qrenlandiyada, İsveçrədə, Finlandiyada, Şimali Amerikada və s. yayılmışdır. Xəstəlik həmçinin Pribaltika ölkələrində, Fin körfəzi ətrafı rayonlarda, Şimali Sibirdə, Baykal ətrafında, Volqa-boyu rayonlarında və Uzaq Şərqdə yayılmışdır.

Diaqnostikası və simptomları[redaktə | mənbəni redaktə et]

İnsanın bağırsaq divarına yapışmaqla parazit botriləri vasitəsilə selikli qişanı zədələyir. Bütün bədən səthilə qidalı maddələri sorur və orqanizmdə qanazlığına səbəb olur. Bağırsaqda bəzən onlarla lent qurdunun olması bağırsaq keçməzliyi ilə nəticələnir. Difillobotriozun klinik əlamətləri müxtəlif formada olur. Xəstəlik bəzən yüngül keçərək özünü büruzə vermir. Bəzi xəstələrdə zəiflik, baş ağrısı, başgicəllənmə, iştahsızlıq, qusma, qarın nahiyəsində ağrılar və s. müşahidə edilir. Müalicə edilmədikdə ölüm baş verir. Difillobotrioz kliniki-epidemioloji məlumatlara əsasən müəyyən edilir. Əsas diaqnoz nəcisdə qurdun yumurtası və ya buğumunu aşkar etməkdir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları. Bakı - 2008, 839 səh.