Enollar

Enollar – tərkibində >C=C(OH)– qrupu saxlayan xətti və ya tsiklik quruluşlu üzvi birləşmələr.

Bir qayda olaraq, müvafiq karbonil birləşmələrlə tarazlıqda (keto-enol tarazlığı) olur. Alifatik enollar üçün keto-enol tarazlığı, demək olar ki, tamamilə karbonil birləşmələrə tərəf dəyişir, ən sadə enol hesab edilən vinil spirti isə ümumiyyətlə, sərbəst halda ayrılmamışdır. Enolların karbonil birləşmələrdən əmələ gəlməsi (enollaşması) turşu və qələvi mühitdə az polyar həlledicilərin istifadə edilməsi ilə baş verir. Karbonil birləşmələrin elektronoakseptor əvəzləyicilərinin [CO, C(O)OC2H5, CN, NO2 və b.] β-vəziyyətdə olması və enlların metal ionları (məs., Fe+3) vasitəsilə xelat komplekslərlə əlaqələndirilməsi enollaşmaya kömək edir. Poliflüor ketonlar ən davamlı enollar əmələ gətirir, çünki onların tərkibindəki mütəhərrik α-hidrogen atomlarının olması ketoenol tarazlığının enolların əmələ gəlməsi istiqamətində yerini dəyişməsinə səbəb olur. Enollar habelə metalların enolyatlarını turşulaşdırmaqla, yaxud enolların sadə və mürəkkəb efirlərinin hidrolizindən alınır. Enollar ambident birləşmələrin kimyəvi xassələrinə malikdir; onlar O və ya C atomları üzrə elektrofil reagentlərlə (X+) reaksiyaya girərək tərkibində >C=C(OX)– və >CX–C(O)– qrupları olan müvafiq məhsullar əmələ gətirir. Karbonil birləşmələrin çoxlu sayda reaksiyaları, məs., halogenləşmə, aldol kondensləşməsi, kroton kondensləşməsi enolların alınma mərhələsindən keçməklə gedir.