Eopleystosen epoxası

Eopleystosen (Abşeron əsri) epoxası

[redaktə | mənbəni redaktə et]

Eopleystosen epoxasında (Abşeron əsri) litosfer tavaların kolliziyasının güclənməsi zəminində relyefin inkişafının yüksələn istiqamətli təmayülü davam edir və bünövrəsi əvvəllər qoyulmuş morfostrukturların böyüməsi və differensiasiyası baş verir. Epoxanın başlanğıcı və ya Akçaqıldan Abşeron əsrinə keçid Xəzər dənizi hövzəsinin çökməi və ətraf dağlıq bölgələrin qalxması ilə səciyyələnir ki, bu zaman baş vermiş qısa müddətli reşqressiya sonradan miqyasca Akçaqıl transqressiyasından geri qalan transqressiya ilə əvəz olunur. Belə ki, Erkən Abşeronda dənizin sərhədi Akçaqıl dənizinin sərhəddindən bir o qədər fərqlənmirsə də Abşeronun ortalarında onun sahəsi nisbətən daralır və əsirin sonunda Böyük Qafqazın ərazisini demək olar ki, tamamilə tərk edir. Dəniz bu zaman yalnız bölgənin cənub-şərqində dar körfəzlər şəklində saxlanılır. Reqressiya nəticəsində Abşeron yarımadası və Şamaxı-Qobustan vilayəti ərazilərində maili düzənliklərin sahəsi xeyli genişlənir və onların relyefi tirəli-dalğalı səciyyə daşıyır. Bu zaman müasir Qalamədin, Hərəmi, Gürovdağ və Mişovdağ tirələri adalar şəklində mövcud olmuşdur.

Abşeron əsrinin axırlarında dənizin reqressiyası nəticəsində Kür çökəkliyinin xeyli hissəsi quruya çevrilir və kontinental şəraitdə inkişaf edir. Dəniz ensiz körfəz şəklində indiki Kür çayının dərəsi boyu Gəncə çayınadək uzanır. Çökəkliyin şimal-şərq yamacında Çatma və Daşüz antiklinal qırışıqlar zonasının yerində tirələr əmələ gəlir. Onlar şərqə doğru alçalaraq allüvial-prolüvial düzənliklərə keçir. Kür dənizinin dibində Cənub-Şərqi Şirvan, Cənubi Muğan, Aşağı Araz və s. çökəkliklər və onların aralarında bir sıra alçaq yüksəkliklər formalaşır.

Relyefin inkişafının eopleystosen epoxasının əvvəllərində Kiçik Qafqazın paleogeomorfoloji şəraitində akçaqıl əsrindəkinə nisbətən ciddi dəyişikliklər baş vermir və dəniz hövzəsinin sərhədlərinin saxlanılması şəraitində dağlıq bölgə nisbi qalxmaya və parçalanmaya məruz qalır.

Abşeron əsrinin axırlarında dənizin reqressiyası, dağlıq ərazidə differensial hərəkətlərin güclənməsi və morfostrukturların yüksəkliklərinin artması müşahidə edilir. Kiçik Qafqazın mərkəzi hissəsində relyefdə, əsasən, vulkanizmlə əlaqədar mühüm dəyişikliklər baş verir. İntensiv qalxmaya məruz qalmış Şahdağ, Murovdağ, Dərələyəz, Zəngəzur və b. silsilələrin hündürlüyü qar xəttini keçdiyindən onlar dağ-dərə buzlaşmasına məruz qalır. Talış bölgəsində Burovar, Peştəsər və Talış silsilələri qalxmaya məruz qalır və hipsometrik cəhətdən səviyyələri demək olar ki, müasirə yaxın səviyyəyə çatır. Bu zaman akçaqıl yaşlı düzəlmə səthləri ekzogen parçalanmaya və qismən də transformasiyaya uğrayır. Lənkəran ovalığının sahəsi genişlənir və burada kontinental çöküntü toplanma güclənir.[1]

  1. Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. I cild, Bakı-2015